“Hər bir nazirlik özünə aid olan işlərlə məşğul olsa, ölkədə problem azalar”. Bunu Modern.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. O, dövlət qurumlarının tabeçiliyində olan təmir-tikinti birliklərinin varlığına diqqət çəkərək qeyd edib: “İnşaat sektorunun sözügedən qurumaların fəaliyyəti ilə birbaşa əlaqəsi yoxdur. Deməli, orta gizli maraqlar var. Çünki tikinti qazanc mənbəyidir. Nazirlik və komitələrdə tikinti şöbəsinin ləğv edilməsi gərəkdir. Dünyanın heç bir siyasi cəhətdən mədəni ölkəsində belə halla qarşılaşmaq mümkün deyil”.
F. Mustafanın sözlərinə görə, dövlət sifarişi olan tikintini bütövlükdə bir qurumun həyata keçirməsi daha məqsədə uyğundur. “Ya da nazirlik özəl bir şirkətlə müqavilə əsasında tikintini həyata keçirə bilər”.Deputat Vahid Əhmədov isə həmkarından fərqli düşünür. “Dövlət qurumlarının tərkibində tikinti şöbəsinin olması vacibdir. Düzdür, nazirlik və komitələrin strukturunda müəyyən dəyişikliklər edilməlidir. Sadəcə tikintiyə olan nəzarəti gücləndirmək lazımdır ki, eyfiyyət yerində olsun, maliyyə itkisi, yeyinti olmasın”.
Gülşən Raufqızı