ATU ilə Təbriz Tibb Universiteti arasında protokol yeniləndi

Görüş zamanı rektor, millət vəkili Əhliman Əmiraslanov ATU-nun Təbriz Tibb Universiteti ilə sıx əməkdaşlığının olduğunu xatırladaraq, münasibətlərin daha da genişləndirilməsinə ehtiyac olduğunu qeyd edib: “İran İslam Respublikasının bütün ali məktəbləri, ümumiyyətlə səhiyyə sistemi ilə əlaqələrimiz genişdir. Lakin Təbriz Tibb Universiteti ilə münasibətlərimiz daha yaxındır. İndiyə kimi dəfələrlə qarşılıqlı səfərlərimiz olub”.
Qonaqlara ATU ilə bağlı məlumat verən rektor bildirdi ki, universitet Azərbaycan üçün həkim, əczaçı, stomatoloq hazırlayan yeganə tibb müəssisədir: “Universitetimizə ildə 1000 nəfərə yaxın tələbə qəbulu aparılır. Xarici ölkələrdən də Tibb Universitetinə axın var, maraq çox böyükdür. Hətta müraciət edənlərin hamısını qəbul edə bilmirik. İrandan hazırda universitetimizdə 300-dən çox tələbə təhsil alır”. Millət vəkili xarici ölkələrdən olan tələbələrin təhsili, davranışı və s. barədə də qonaqlara məlumat verdi.
Öz növbəsində, Təbriz Universitetinin rektoru Doktor Məhəmmədhüseyn Sumi də münasibətlərin möhkəmləndirilməsinin tərəfdarı olduğunu bildirdi. O, Təbriz Tibb Universiteti ilə ATU arasında protokolun yenilənməsinə ehtiyac olması fikri ilə razılaşdığını söylədi. Rektor Sumi rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə əlaqədar məlumat verdi, Azərbaycanla yanaşı, digər ölkələrin universitetləri ilə əlaqələrin gücləndiriləcəyini bildirdi.
Sonda Azərbaycan Tibb Universiteti və Təbriz Tibb Universiteti arasında sazişin yenidən imzalanması mərasimi baş tutub. Sənəd iki universitet arasında mütəxəssislərin və tələbələrin mübadiləsi, birgə konfrans və simpoziumların keçirilməsi, ixtisasartırma kurslarının təşkili və digər birgə fəaliyyəti nəzərdə tutur.



Modern.az