Modern.az

Şeyx məhsullara halallıq zəmanətinin verilməsi üçün xüsusi qrup yaradıb

Şeyx məhsullara halallıq zəmanətinin verilməsi üçün xüsusi qrup yaradıb

Təhsil

17 Aprel 2014, 18:38



Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının iclası keçirilib. QMİ-dən Modern.az-a verilən məlumata görə, aprelin 17-də Qazılar Şurasının üzvləri və İdarənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda Şuranın sədri Şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış edib. QMİ sədri A. Paşazadə Qazılar Şurasının son toplantısından ötən dövr ərzində görülmüş işlər barədə məlumat verib, Şuranın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz fikir və tövsiyyələrini səsləndirib.

İclasda QMİ Qazılar Şurasının və Elmi-Dini Şurasının tövsiyyə və qərarı ilə son illər çap olunmuş kitab və vəsaitlər barədə məlumat verilib. Bildirilib ki, son illər ərzində işıq üzü görmüş  “Axund və imamlar üçün xütbə nümunələri” adlı vəsaiti, Qurani-Şərifin Azərbaycan dilində təfsiri olan Mirməhəmməd Kərim Bakuvinin “Kəşfül-Həqayiq” əsərinin üç cilddə müasir üslubda nəfis çapı, Ayətullah Cəfər Sübhaninın “Vəhhabi Cərəyanı” əsərinin yeni redaktədə nəşri və s. cəmiyyətin dini maarifləndirilməsi işinə öz töhfəsini verib. Bu istiqamətdə işlər davam etdirilir.

İclasda Qazılar Şurasının dünyasını dəyişmiş üzvlərinin ruhları yad edilib. Şuranın fəaliyyətinə dair məsələlər sırasında təşkilati məsələlərə baxılıb – yeni qazılar və səlahiyyətli nümayəndələrin seçilməsi həyata keçirilib.

İclasda son zamanlar qida məhsullarının halallığı ilə bağlı Azərbaycan ictimaiyyətini maraqlandıran məsələ də müzakirə olunub. Din xadimlərinin çıxışlarında bu məsələyə dair açıqlamalar verilib. Bildirilib ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan, bununla bağlı dini mərkəzin rəyi vacibdir və Azərbaycan dindarlarının çoxsaylı müraciətlərində yer alan narahatlığın aradan qaldırılması QMİ-nin Nizamnaməsi ilə təsbit edilmiş vəzifəsidir.

İndiyədək “SAB” şirkətinin məhsullarına halallıqla bağlı zəmanətin verildiyini diqqətə çatdıran İdarə rəsmiləri, gələcəkdə müvafiq dövlət qurumu ilə müştərək fəaliyyətin həyata keçiriləcəyi təqdirdə halal qida məhsulları  istehlakçılarının haqlarının qorunmasının mümkün olacağını vurğulayıblar. Bununla əlaqədar, halallıq zəmanətinin verilməsi ilə əlaqədar QMİ nəzdində din xadimlərindən ibarət xüsusi işçi qrupun yaradılması qərara alınıb. Qazı Faiz Nagızadə başda olmaqla 5 nəfərdən ibarət həmin qrupun fəaliyyət istiqamətləri və vəzifələri müəyyənləşdirildi. Komissiyanın tərkibinə QMİ sədrinin müavini Fuad Nurullah, qazı Məhəmməd Quliyev, Şahin Həsənli, QMİ-nin əməkdaşları Şamil Rəsulov, Mirnəsir Nağıyev daxil olublar.

İclasda məscidlərdə oxunan moizə və xütbələrin səviyyəsinin daha da yüksəldilməsi, dini-mənəvi, milli dəyərlərimizin daha dərindən təbliği və təşviqi istiqamətində işlərin davam etdirilməsi zərurəti xüsusi vurğulanıb.

İclasda çıxış edən Müfti Salman Musayev QMİ Qazılar Şurasının sədri Şeyxülislam A. Paşazadənin bölgələrə səfərlərinin olduqca vacib əhəmiyyət daşıdığından danışıb, bu səfərlərin davam etdiriləcəyini bildirib. İclasda bölgələrdə aparılan maarifləndirmə işlərinin önəmi xüsusi vurğulanıb.

Bakı İslam Universitetinin rektoru Sabir Həsənli QMİ tərəfindən din xadimləri üçün təkmilləşdirmə kurslarının yaradılmasını mühüm tədbir kimi dəyərləndirib və bu barədə ətraflı məlumat verib.

Fətva şöbəsinin müdiri Mirəziz Seyyidzadə QMİ tərəfindən mütəmadi gerçəkləşdirilən, istər dini mərkəzdə, istərsə bölgələrdə səyyar şəkildə həyata keçirilən din xadimlərinin attestasiyası prosesinin gedişatı barədə məlumat verib və bu prosesin dini kadrların bilik, bacarıq və vərdişlərinin yüksək səviyyəyə qaldırılması işinə xidmət etdiyini xüsusi vurğulayıb.

QMİ Aparat rəhbəri Simran Həsənov Azərbaycan Respublikasının aidiyyatı üzrə qanunverici aktlarında son dövrdə edilmiş dəyişiklik və əlavələr haqda din xadimlərinə məlumat verib.

QMİ Təftiş şöbəsinin müdiri Vəfadar Əliyev şöbə tərəfindən görülmüş işlər, məscid və ziyarətgahların maliyyə vəziyyətləri ilə bağlı məruzə edib.

İclas iştirakçıları öz çıxışlarında QMİ Qazılar Şurasının bu ilin yanvar ayında verilmiş Fətvasının dindarlar arasında böyük əks-səda doğurduğunu xüsusi vurğulayıblar.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı