Modern.az

“Sərdar Cəlaloğlu son illərdə Biləcəridən o yana keçməyib” – Partiya sədrindən ƏKS- DƏLİL

“Sərdar Cəlaloğlu son illərdə Biləcəridən o yana keçməyib” – Partiya sədrindən ƏKS- DƏLİL

Təhsil

2 May 2014, 16:33


“Sərdar Cəlaloğlu açıqlamasında mənə “dostum” deyə müraciət edib. Ona görə də onun haqda sərt ifadələr işlətməkdən çəkinirəm. Amma yaxşı olardı ki, o da dost saydığı insan barədə fikir bildirəndə daha təmkinli olaydı, düşünülmüş ifadələr işlətməyəydi”. Modern.az xəbər verir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev bunu jurnalistlərə açıqlamasında deyib.

Deputat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi və Rusiyanın bu münaqişədə oynadığı rolla bağlı S. Cəlaloğlundan fərqli düşünür: “Mən həmişə demişəm ki, Azərbaycan torpaqlarını Rusiya işğal edib. Ona görə də Ermənistanla danışıqlar aparmağın mənası yoxdur. Danışıqlar Rusiya ilə aparılmalıdır. Əgər münaqişədə nəyisə və hansısa güzəştə gedəcəyiksə, bunu Ermənistana deyil, Rusiyaya etmək lazımdır. Çünki Ermənistana nə qədər güzəştə getsək də, xeyri olmayacaq, Rusiya münaqişənin həllinə imkan verməyəcək. Biz yaxşı xatırlayırıq ki, Heydər Əliyev 1999-cu ildə Ermənistan Kommunist Partiyasının keçmiş birinci katibi Karen Dəmirşiyanla gizli danışıqlar aparırdı, hətta münaqişənin həlli ilə bağlı gizli razılıq da əldə olunmuşdu. Rusiya kəşfiyyatı bundan xəbər tutdu və gedib Ermənistan parlamentini güllələyib çıxdılar. Ona görə də Rusiyanın maraqları təmin olunmayacağı halda münaqişənin həllinə imkan verməyəcək”.

Partiya sədri hesab edir ki, Ermənistan və Dağlıq Qarabağ münaqişəsi məsələsində Qərb heç vaxt Azərbaycana dəstək verməyəcək. Deputat bildirib ki, belə qənaətə gəlməsi səbəbsiz deyil: “Sərdar Cəlaloğlu son illərdə Biləcəridən o yana keçməyib. Amma mən 9 ildir həm NATO Parlament Assambleyasında, həm də Avronestdə Azərbaycanı təmsil edirəm. Qərb diplomatlarının bu məsələyə münasibətini bilirəm. Ermənistan Krımın işğalına haqq qazandırdı, BMT-də Rusiyanın lehinə səs verdi. Bu hadisədən sonra ABŞ-ın ATƏT-in Minsk Qrupundakı həmsədrinin bəyanatlarına, açıqlalarına fikir verin. Yenə də Ermənistanı, ermənilər müdafiə edirlər. Çünki burada erməni diasporu faktoru var. Dağlıq Qarabağ münaqişəsi məsələsinə görə bizi heç zaman NATO-ya qəbul etməyəcəklər. Azərbaycanın ora üzv olmaq imkanı yoxdur. Belə bir vəziyyətdə Qarabağ məsələsində Qərbin dəstəyini ala bilmiriksə, onda nə etməliyik?”

Qeyd edək ki, ADP sədri S. Cəlaloğlu Modern.az saytına deputat Q. Həsənquliyevin Rusiya bazalarının Azərbaycanda yerləşdirilməsi fikrini şərh edərkən onu ittiham edib. S. Cəlaloğlu millət vəkilinin bəyanatının Rusiyanın agentura şəbəkəsinə xidmət edən "Beşinci Kolon"un  mövqeyi ilə üst-üstə düşdüyünü vurğulamışdı.

 

Gültəkin ƏLƏSGƏR 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı