
“ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın dedikləri onun şəxsi fikridir. Onun bu dedikləri bizim üçün əsas deyil”. Bunu Modern.az saytına açıqlamasında YAP icra katibinin müavini, deputat Mübariz Qurbanlı ABŞ səfiri R. Morninqstarın Azərbaycan hakimiyyətini monolit olmamaqda ittiham etməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycanda hakimiyyət monolitdir və xalqla iqtidar arasında birlik mövcuddur. YAP rəsmisi R. Morninqstarın Ukraynadakı hadisələrin Azərbaycanda da təkrarlana biləcəyi fikrinə qarşı çıxıb.
“Azərbaycanda heç bir qarışıqlıq və qarşıdurma yaranma ehtimalları yoxdur. Çünki Azərbaycan dövləti kifayət qədər güclüdür. Hesab edirəm ki, ABŞ səfirinin obyektiv vəziyyəti ətraflı təhlil etmədən bu fikirlər səsləndirib”-deyə M.Qurbanlı bildirib.Qeyd edək ki, R. Morninqstar “Azadlıq” radiosuna müsahibəsində ABŞ-ın Azərbaycanla münasibətlərindən söz açıb. O, Azərbaycan hakimiyyətini monolit olmamaqda təqsirləndirib.
Aqşin Kərimov