Modern.az
saytı virtualaz.org-a istinadn xəbər verir ki, vasitəçi diplomatlar İrəvandan sonra səfərə birbaşa Qarabağdan başlayıblar. Onlar Ermənistandan avtomobillə Zod aşırımından keçərək Azərbaycanın işğal altındakı Kəlbəcər rayonuna gəliblər. Oradan isə işğal altındakı Laçın rayonuna yollanıblar. Laçın şəhərində həmsədrlərin avtomobilinin qarşısını əllərində plakat tutmuş bir qrup erməni kəsib. Yolu bağlayan ermənilər əllərində “Bura bizim torpağımızdır, onu heç kimə vermərik!”, “Demokratik prinsiplərə hörmət edin!”, “Bir qarış da torpaq vermərik!”, “Artsax torpağında xarici əsgərlərə yox!”, “Biz öz seçimimizi 1991-ci ildə etmişik!” kimi şüarlar yazılmış plakatlar tutublar.Erməni qaynaqları xəbər verir ki, həmsədrlər avtomobildən düşərək yolu kəsən ermənilərin tələblərini dinləməli olublar.
Daha sonra onların hərəkətinə icazə verilib və həmsədrlər bu saatlarda qondarma “DQR prezidenti” Bako Saakyanla görüşməli idilər. Sabah isə həmsədrlər təmas xəttini keçərək Bakıya gələcəklər.Laçın rayonunda qanunsuz məskunlaşdırılmış ermənilərin həmsədrlərin yolunu kəsməsinin səbəbi ABŞ-dan olan həmsədr Ceyms Uorlikin bu günlərdə Vaşinqtondakı Karneri Fondunda etdiyi çıxış olub.
Xəbər verildiyi kimi C.Uorlik Dağlıq Qarabağ münaqişəsinin həll prinsiplərini rəsmi Vaşinqtonun mövqeyi olaraq açıqlayıb. Bu prinsiplərə görə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlar boşaldılmalı, məcburi köçkünlər həmin rayonlara geri qaytarılmalıdır. Amerikanın mövqeyinə görə ermənilər Laçın və Kəlbəcər rayonlarını da boşaltmalıdır, ancaq Laçın rayonu ərazisindən Dağlıq Qarabağı Ermənistana birləşdirən dəhliz ayrıla bilər. Həmçinin münaqişə regionunda beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi prinsipi də Uorlikin bəyanatında əks olunur. Dağlıq Qarabağ bölgəsi isə müvəqqəti statusa malik olmalı, yekun statusun müəyyən edilməsi sonrakı mərhələdə baş verməlidir.
Bu bəyanatın ardınca həmsədrlər regiona səfərə yollanıblar və səfər çərçivəsində Kəlbəcərlə Laçına da baş çəkəcəklərini bildiriblər. Göründüyü kimi ermənilər ABŞ-ın mövqeyindən narahat olaraq həmsədrlərin qarşısını kəsməyi qərara alıblar.
Modern.az