Modern.az

Baş redaktorlar Rəşad Məcid haqda: “Həmişə belə şux və cavan qalsın”

Baş redaktorlar Rəşad Məcid haqda: “Həmişə belə şux və cavan qalsın”

Təhsil

21 Avqust 2014, 18:10


Bu gün “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəşad Məcidin 50 illik yubileyidir. Modern.az bununla bağlı bir neçə, qəzetin baş redaktoru ilə əlaqə saxlayıb, onların fikirlərini öyrənib:

  “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “Rəşad Məcid Azərbaycan jurnalistikasında, Azərbaycan ədəbiyyatında da sözünü demiş insandır. Gözəl ziyalı, nümunəvi dost və insandır. Ancaq yüksək sözlərə, yüksək fikirlərə layiq olan bir insandır. O səviyyədə müsbət yoldaşdır ki, sözlər fikirləri ifadə etməkdə acizdir. Doğum günü ilə bağlı isə, təbriklər, təbriklər, bir də təbriklər. Həmişə belə şux və cavan qalsın. O, xalqımıza lazımdır”.  

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “20 ilə yaxındır ki, onu tanıyıram. Çox yaxın dostuq, uzaq səfərlərdə olmuşuq. O, ziyalı bir insandır. Azərbaycanı, onun tarixini, mədəniyyətini sevən ziyalı bir insandır. Azərbaycanı həmişə işıqlı görmək istəyir. Dostlarına çox sədaqətlidir. Bu da onun uzun səfərlərdə ortaya çıxan, dar gündə dostuna dayaq olan, bütün təkəbbürlərdən , naqisliklərdən uzaq bir insandır. Mən də təbrik edirəm. Yüzün yarısını adlayıb, yüzə doğru mətin və şux addımlasın”.

  “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu: “Rəşad Məcidi doğum günü münasibəti ilə təbrik edirəm. Yarım əsrlik bir tarixi qapadır bu gün. O, bu müddəti çox layiqli bir şəkildə yaşayıb. Ölkəsində, çevrəsində kifayət qədər tanınıb. Yaradıb və özündən sonra əsərlər qalmasını təmin edib. Amma hələ də, onun yaradıcılıq və ictimai fəaliyyəti qarşıdadır. Ona uzun və bərəkətli ömür arzulayıram. Illərə dayanan dostluğumuz var. Müstəqil Azərbaycan mediasının ilk nümunələrindən birini yaradan və o qəzeti bütün Azərbaycana tanıdan biridir. “525-ci qəzet” Rəşadın yaradıcılığının ən gözəl əsərlərindən biridir. Rəşad Məcid bundan sonra da mediaya, oxuculara böyük töhfələr verəcək. Ona uzun ömür can sağlığı arzulayıram, özümüzə də arzu edirəm ki, Rəşad Məcidin bundan sonrakı bütün yubileylərini qeyd edə bilək”.  

“Ayna” (“Zerkalo”) qəzetinin baş redaktoru Elçin Şıxılı: “Rəşad Məcidi təbrik edirəm. Ona can sağlığı arzulayıram. O, bizim yanımızda gəncdir. Amma gənc olmağına baxmayaraq, xeyli dünyagörüşünə malikdir. Dünyanın nəbzini tutub, geniş uğurlara imza atacaq. Təbrik edirəm, uğurlar arzu edirəm”.  

Rüfanə GÜNƏŞ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı