Modern.az

İntellektual iflas naziri diktatora çevirir

İntellektual iflas naziri diktatora çevirir

Təhsil

12 Sentyabr 2014, 22:00

...Sadə, amma çəkisi ağır məhşur bir sözün üç dəfə təkrarlanmaqla, həm də xüsusi intonasiya ilə beyinlərə ötürülməsi əski əyyamlarda o qədər effektli idi ki, Leninin məhz bu oxumaq aforizmi cəmiyyətin şüuruna əmr yox, bəşəriyyətin, insanlığın sirlərinə vaqif olmanın sehirli bir açarı, qida qədər təbii ehtiyac kimi oturmuşdu. Bu açar böyük əksəriyyəti öz cazibəsinə almasaydı, rus və dünya ədəbiyyatı, milli ədəbi nümunələr hətta ən kasıb evlərdə belə, iri kitabxanalara çevrilməz, bu kitabxanalar bahalı antikvar kimi mühafizə olunmaz, barmaqla sayılmayacaq qədər personaylar hafizələrdə öz yerini möhkəmlətməzdi. İndiki gənclik sanki oxumamış, Sokratdır, Aristoteldən də çox bilir və oxumaq tövsiyyəsi ona itaətə çağrış məzmunlu əmr kimi görünür. Hər dəfəsində aldığı mütaliə nəsihətini canına veriləcək cəza kimi hiss edir.

Çağdaş Azərbaycan gəncliyi mütaliədən sürətlə uzaqlaşmaqla elə bir eybəcər mənzərə yaradıb ki, dünən təhsil naziri Mikayıl Cabbarov ayrı-ayrı şəxsi çevrə və geniş ictimai diskussiyalarda müzakirəyə tez-tez gələn mütaliəsizlik problemini inzibati metodlar səviyyəsində çözmək meylini açıq tekstlə ifadə etməyə məcbur oldu. Hansı şagirdin bədii ədəbiyyat oxuyub-oxumamasına dair məktəblərdə siyahıların hazırlanması, mütaliə məsələsini şəxsi arzu, istək statusundan çıxarıb, məcburiyyət məsələsinə çevirmək intellektual insan yetişdirmək üçün sərt tədbirlər seriyasından elan edilən üsullardan biri kimi qabardı. Yəni, intellektual iflas içərisində olan müasir gəncliyin bu gedişlə radikallaşdırıb, az qala diktatora çevirəcəyi, intellekual səviyyəsi intellektual oyunlardan yaxşı bəlli olan nazir mütaliə məsələsini daha kimsənin könüllülük prinsiplərinə buraxmaq istəmir. Dünya biliklərini qavramağı, bədii ədəbiyyat nümunələri ilə göz təması qurmağı göstəriş, əmr tonuna keçirir, böyüklərin havadan asılı qalan ənənəvi yumuşaq nəsihətlərinin əyninə artıq hökm libası geydirir.

Bunun doğrudan da, tək və təsirli çıxış yolu olduğunu söyləmək çətindir. Həm məcburiyyət fayda verməyəndə, hansı mənəvi cəzalar olacaq, cəzalar psixoloji təsirlər buraxacaq-buraxmayacaq, bu da bəlli deyil. Amma evdə valideyn, məktəbdə müəllim, geniş ictimai mühitdə nazirin mütaliəni indiki halda məcburi sevgiyə keçirməkdən başqa çıxış yolu da yoxdur. Zatən, qılınc müsəlmanı olduğumuzdan, bizi mənən böyüdən, müdrikləşdirən ən yaxşı şeyləri zor altında qəbul etməmişikmi? Amma bu bir həqiqətdir ki, sosial şəbəkələr erası bitməyincə, televiziya məkanı daralmayınca, seriallar gündəmdən düşməyincə, nə məcburiyyət bir şeyə yarayacaq, nə kitab, nə mütaliə dövrü qayıdacaq.

Əslində problemin kökü də elə buradan başlayır. Yeni informasiya və əyləncə vasitələrinə-kompyuterə, çeşidli məzmunda disklərə, hər otağa qoyulan televizorlara ayrılan ailə büdcəsinin nə qədəri yeni ədəbiyyat insanlarının əsərlərinə, köhnə ədəbiyyatın latın qrafikalı variantlarına, universallıq məcmusu qırmızı sovet ensiklopediyasının yerinə keçən müxtəlif bilgilərin qovuşduğu yeni ensiklopediyanın əldə olunmasına xərclənir? Bu xətanı etməyən kəsim cəmiyyətdə nə qədər çoxluq təşkil edir? Sinəsinə döymək istəyənlərin çox az qisminin dili bu sarıdan uzun ola bilər. Çünki amansız dəb insanı ağuşuna alıb elə aparır ki, müasir texnologiya köhnə dünyasında, mühafizəkar baxışlarında ayağını yerə möhkəm basmaq istəyəni də rahatca öz əsirinə çevirir.

İnternet möcüzəsi təkcə elektron kitab, informasiyanın çevik əldə edilmə rolunu oynasaydı, çağdaş insanlar öz sələflərindən daha artıq roman sevər, daha artıq arif insan olardı. Lakin bu rol saatlarca qeybət, mənasız paylaşma, ucuz tanışlıq, dəyərsiz əyləncə paralelliyi daşıdığından, bu kəşfin qlobal məqsədinin-savadsızlığa sürümə hədəfinin baş tutmasına nə yazıqlar ki, ailə olaraq hamımız rəvac veririk.

Gündəlik həyatını xəbərlər proqramları, buradan alınan yerli və xarici məlumatlar, maarifləndirici proqramların izlənməsi əsasında quran ailələrdə gənclər, serial düşkünü, qəzeti oxumaq yox, ancaq primitiv məişət əşyası dəyərində predmet sayan ailələrdəki uşaqlardan daha hazırlıqlı, daha ləyaqətli yetişir. Belələri isə çoxluq təşkil etmir. Əks

təqdirdə çap olunan gündəlik mətbuat və kitablar “maklatura”ya çevrilməzdi. Əks halda ünsiyyət qurduğumuz insanların onundan beşi dünyadakı və bir çox hallarda hazırda onun törəməsi olan daxili ictimai-siyasi proseslərə nabələdliyini aşkar etdirməzdi. Bu baxımdan bizdə təhsil sektoru ilə ailə institutunun koordinasiyalı şəkildə işləməsinə ciddi ehtiyac var.

“Oxutmuram əl çəkin” hikkəsi ilə yaşayan cəmiyyəti çox-çox keçmişdə buraxsaq da, kitaba möhkəm sarılan cəmiyyətdən də qopub, kompyuter avadanlığından, sayı-hesabı bilinməyən televiziya kanallarından asılı vəziyyətə düşən bir cəmiyyət halına gəlmişik. Əgər elektron ədəbiyyata, vikipediyalara girənlərin sayı ümumi internet istifadəçilərinin sayı ilə müqayisədə kölgədə qalırsa, kağız ədəbiyyatına sarı gedənlər məhduddursa, məcburi mütaliənin bu sarıdan bədbin statistikanı maksimum dəyişəcəyini düşünmək illüziyadan başqa bir şey deyil.

Kitabla insan arasında zorla bağlanan sevgi telindən biri qopmaq istəməyəcəksə, bu məcburiyyətin səbəbini yaşayacağı ləyaqətli həyatın mənbəyi kimi idrak edəcəksə, digərinin kitabla əlaqəsində formallıq, sünilik hakim olduğundan, həmin tel bir gün hardansa qopmağa məhkum qalacaq. Odur ki, mütaliəyə rəğbətin təbii və effektiv yollarını açan metodlar barəsində düşünmək daha məqbuldur. Yaxşı ədəbiyyat bu gün də var, üstəlik, Şekspir, Cek London, Drayzer, Tolstoy, Taqorun və başqalarının əsərləri klassika olduğu üçün indi də öz dəbini saxlayır, sadəcə, bu gün kitab acgözlərinin defisitliyini yaşayan cəmiyyətə kitabsevərlik ovqatının gəlməsinə ehtiyac duyulur.

40 yaşdan bir qədər aşağı və xeyli yüksək insanların kitabla bağlı duyğularında seçilən, həmçinin üst-üstə düşən kəlmələr məcburi sevginin yox, təbii sevginin qanadlandırdığı ifadələrdir:

-Oxuduğum kitabların qoxusunu sevirəm.

-Yenidən toxunanda həyacanlanıram.

-Hər səhifəsinin, ən maraqlı fraqmentinin yerini təxmin edə bilirəm.

-Abzasları tanıyıram, hətta suyet xəttinin ən ehtişamlı hissəsinin yerinə bələdçilik etməyə hazıram.

Mütaliəyə olan bu təbii hissiyatın növbəti gəncliyin leksikonuna köçməsi üçün internet həvəsinin ölməsini, yaxud, virtual təmasa marağın azalmasını gözləmək lazımdır. Baxmayaraq ki, aralıq bir nəsil intellektual-mənəvi baxımdan qısır qalacaq...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı