Akif CABBARLI
Son vaxtlar rastlaşdığımız bir sıra pozitiv və neqativ problemlərin sırasında toy və yas mərasimlərinin necə keçirilməsi ilə bağlı düşüncələr fonunda yaranan çətinliklər, bu barədə çıxarılan nəticələr və qənaətlər daha çox boy göstərir. Qəribədir ki, mətbuatda, müxtəlif məclis və kluarlarda səslənən çeşidli fikirlər, rasional təkliflər nədənsə real həyatda özünü tam təstiqləyə bilmir. Bəs bu prosesin cəmiyyətdə birmənalı, hamıya və hər kəsə xeyirli nəticələrlə başa çatmasını əngəlləyən səbəblər hansılardır? Təbii ki, bu suala hər kəsin özünəməxsus individual cavabı və öz-özlüyündə sorğu-sualsız, hətta təməl prinsipi sayıla bilən qənaəti də var. Ortada olan və hər kəsin özünü haqlı saydığı məqamlarda ortaq məxrəcə gəlməyin mümkünsüzlüyü də yaddan çıxmamalıdır.
Hüzr məclislərində yemək-içmək verilməsinin ifrat həddə çatmasında yalnız imkanlı adamları qınamaq zənnimcə haqsızlıqdır. Bu məsələdə varlı, orta və kasıb təbəqənin eyni dərəcədə məsuliyyətliliyi gərəkdir. Kiminləsə bəhsə girmək, heç kimdən geri qalmaq istəməmək sindromu gətirib bu yerə çıxarıb. Əslində belə məclislərin menyusuna əl gəzdirmək niyyətində olanlara çəpəki baxanların qınanılmaması islahatların qarşısını alır. Bu sətirlərin müəllifinin də başına gələn işdir ki, atamın hüzr məclisində korrektə fikrinə düşməyim ən yaxın adamlarımın davamlı incikliyi ilə sonuclandı və sözün əsil mənasında peşimançılıq hissi ilə hələ də üzbəüzdəyəm. Bəs nə etməli? Təbii ki, konkret resept vermək fikrindən uzağam və dəqiq bilirəm ki, fikirlərim heç də hər kəsə qəlb rahatlığı gətirməz və cürbəcür iradlarla rastlaşaram. Amma bir onu dəqiq bilirəm ki, hüzr məclislərində sadəcə çay süfrəsinə keçmək imkansızları izafi xərcdən azad edəcəksə, elə varlı, zəngin insanlara da bir mənəvi rahatlıq gətirəcək, belələri kənar baxışların tənəsindən asanlıqla yaxa qurtaracaqlar. Bu zaman qazanılan nüfuz isə ən güclü maliyyə dividendlərindən də irəlidir. Elin qınağından bəzən çox güclü kapital hesabına da yan keçə bilməyənlərin aqibətini yaxşı xatırlayırıq. Çox yaxşı haldır ki, son günlər hüzr məclislərində sadə çay süfrələrinin açılmasını müşahidə edənlərin hamısının simasında qəribə, izahedilməz rahatlığın, ruhani bir ovqatın nişanələrini aydınsa sezmişəm.Qəfil ölümlərin xüsusilə ciddi problemlər yaratdığı gizli deyil. Çadır, qab-qacaq, ərzaq tədarükü, qəbirstanlıqda yer almaq, molla dalınca qaçmaq, məsciddəki vacib təmrinlər, daha nələr, nələr...Gənc, təcrübəsiz ailələrdə bütün bunlar daha ciddi narahatlıqlar törədir. Kimin hansı işin qulpundan yapışması bəzən müşkülə çevirilir. Bəs bütün bunların asanlıqla həllinə nail olmaq mümkün deyilmi? Yəqin ki, orta və yaşlı nəslin nümayəndələri hələ SSRİ dövründə bir sıra müttəfiq respubliklarda, Moskva və Sankt-Peterburqda dəfn mərasimlərinin necə təşkil olunmasını yaxşı xatırlayırlar. Bütün problemləri asanlıqla yoluna qoyan xüsusi dəfn büroları vəfat etmiş şəxsin adamlarını əzablı qayğılardan azad edər, onların dərd-sərini xeyli yüngülləşdirərdilər. Ölü sahibləri demək olar, əllərini ağdan-qaraya vurmazdılar. Zənnimcə bu sayaq mərasimlərin keçirilməsini dini mənsubiyyətlə heç cür əlaqələndirmək olmaz və hər bir vətəndaşın sağlığında olduğu kimi dünyasını dəyişəndə də şərəf və ləyaqətinə hörmətin bəşəri duyğularla zənginləşməsinə kiçicik də olsa, töhfə vermək hamımızın övladlıq borcuna çevirilməlidir.
Dünyanın beşgünlük olması, faniliyi barədə illərlə min cür söhbətlər, rəvayətlər eşitmişik. Bütün bunlara rəğmən həyatın çoxrəngli, geniş spektrli yaşamaq, yaratmaq imkanı verdiyini də unutmaq olmaz. Bizə bu dünyada ayrılan qısa zaman kəsiyində elə yaşamalıyıq ki, elə diri ikən ölümdən sonrakı həyatımızı qura bilək. Bu həyatın meyarı, nişanəsi isə əzizlərimizin qəbri üstündə borc-xərc hesabına ucaltdığımız qranit abidələr deyil, ürəklərdə kök atan, çiçək açan xoş və həmişəyaşar xatirələrdir. Son günlər ictimaiyyəti ciddi narahat edən, düşündürən problemlərin asanlıqla yoluna qoyulması isə hər birimizin heç kimə gənəşmədən, heç kimlə bəhsləşmədən imkanımıza uyğun addımlar fonunda dünyadan köçənlərimizin ruhunu şad edəcək səviyyədə yas mərasimləri keçirmək, hüzr məclisləri təşkil etmək istəyinin reallaşmasından keçir.