Müstəqil Ağayev
AMEA Fəlsəfə və Hüquq
İnstitutu Fəlsəfə və ictimai
fikir tarixi şöbəsinin aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru,
Qabaqcıl Maarif Xadimi
Bərabərlik anlayışı ibtidai icma quruluşunun dağılması və quldarlıq ictimai-iqtisadi formasiyasının meydana gəlməsi ilə problemə çevrildi. Nə qədər ki, ibtidai icma quruluşu mövcud idi, insanlar birgə fəaliyyət göstərir və əldə olunan gəlir də icma üzvləri arasında bərabər şəkildə bölünürdü. İnsanlar arasında ümumi mənafe xatirinə görülən bütün işlərdə hər kəs öz imkanları daxilində iştirak edirdi. Hamı cəmiyyətin bərabər hüquqlu bir üzvü idi. Təklikdə təbiətdən asılılıqdan xilas olmaq mümkün deyildi. Buna görə də insanlar istədiklərini təbiətdən almaq üçün birləşir, əldə olunan məhsuldan bərabər şəkildə istifadə edirdilər. Təbiidir ki, belə şəraitdə varlı-yoxsul, ağa-nökər ola bilməzdi.
İbtidai icma quruluşunu quldarlıq quruluşu əvəz edəndən sonra hər şey öz əvvəlki məna və məzmununu itirdi. İnsanlar arasında yeni münasibətlər yaranmağa, formalaşmağa başladı; cəmiyyət varlı və yoxsul, ağa və nökərlərə bölündü.İstismar edən və istismar olunan, zalım və məzlum siniflər yarandı. Artıq bərabərlikdən danışmaq mümkün deyildi. İndi bərabərsizlik hökm sürməyə başladı Bir qrup işləyir, zəhmət çəkir, qan-tər tökür, əldə olunan məhsul başqa bir qrup tərəfindən mənimsənilirdi. Bu hal getdikcə dərinləşdi, kəskinləşdi, siniflər arasında narazılığa, etiraza səbəb oldu, yavaş-yavaş ziddiyyət yarandı və nəhayət, mübarizə şəklini aldı. Bu ziddiyyətlər nəticədə quldarlıq quruluşunun dağılmasına, feodalizm ictimai-iqtisadi formasiyasının meydana gəlməsinə şərait yaratdı. Feodalizmdə həmin ziddiyyətlər bir az da dərinləşdi. Siniflərarası münasibətlər o qədər gərginləşdi ki, axırda kapitalizm quruluşu meydana gəldi.
Bir-birini əvəz edən bu formasiyalar müəyyən cəhətdən özlərindən əvvəlkilərdən fərqlənsələr də, siniflər qalır, onların arasındakı ziddiyyətlər daha da dərinləşir və kəskinləşir, hüquqsuzluq və bərabərsizlik də güclənirdi. Kapitalizm quruluşunda bütün bunlar daha qabarıq şəkildə özünü göstərməyə başladı.
Hər bir dövlətin, cəmiyyətin əsasını, dayağını və ya özülünü zəhmətkeş xalq kütlələri və onların əməyi təşkil edir.Lakin hüquqsuzluq da, bərabərsizlik də həmin kütlələrə aiddir. Bütün və hər cür dövlət quruluşu sistemində hakim sinif əmək adamlarını istismar etmiş, onların hüquqlarını tapdalamış, özlərini dərk etməyə mane olmuş, mənəviyyatlarına ağır zərbələr endirmişdir. Elə bunun nəticəsidir ki, məhkum sinif cəmiyyətdə öz yerini tuta bilməmişdir.
Sonralar mütərəqqi fikirli ziyalıların təbliğatı və təşviqatı nəticəsində şüuru oyanan kütlə özünün hüquqsuzluğu və bərabərsizliyi uğrunda mübarizəyə qalxmağa məçbur olmuşdur. Mübarizələr nəticəsində məhkum cinif müəyyən sahələrdə bəzi güzəştlər, nailiyyətlər əldə etsə də, bərabərsizliyi aradan qaldıra bilməmişdir. Bərabərsizlik kapiralizm quruluşunun mahiyyətindən irəli gəlir və onun ayrılmaz xüusiyyətidir Bu quruluş mövcud olduqca, müstəqillik, azadlıq və bərabərlik uğrunda mübarizə də davam edəcəkdir. Böyük-kiçikliyindən, ictimai inkişafın səviyyəsindən asılı olmayaraq, hər bir xalq müstəqil olmaq, gələcək inkişaf yolunu özü müəyyənləşdirmək, öz ölkəsinin sərvətlərinə sahib olmaq, müstəqil siyasət yeritmək, sülh və əmin-amanlıq uğrunda mübarizə aparan qüvvələrin sırasında olmaq, bütün işlərdə cəmiyyətin bərabər hüquqlu vətəndaşı kimi fəaliyyət göstərmək istəyir.
Hazırda dünya dövlətlərinin heç birində , lap konstitusiya ilə təsbit edilsə də, sözün həqiqi mənasında, azadlıq və bərabərlik yoxdur. Lakin insanlar hələ də şüara dönmüş bu sözlərə inanırlar. Buna görə də bərabərliyin (hüquqi, siyasi və iqtisadi) nə olduğunu, mahiyyətini kütləni başa salmağı dövrün qabaqcıl ziyalılarından, dünyagörmüş mütərəqqi fikirli adamlarından vətəndaşlıq məsuliyyəti tələb edir.
XX əsrin əvvəllərində rus imperiyasının mürtəce siyasəti Azərbaycanda milyonlarla əməkçi xalq kütlələrinin istismar olunmasına, hər cür insani hüquqlardan məhrum olub dilənçi vəziyyətinə düşməsinə, siyasi və milli zülmün ağır yükünü öz çiyinlərində daşımasına, doğulduğu, üzərində qan-tər töküb əmək sərf etdiyi doğma torpağında özünü yad və müvəqqəti hesab etməsinə səbəb olmuşdu.
Çarizmin milli ucqarlarda yeritdiyi müstəmləkə və şovinist siyasəti burada yaşayan millətlərin mədəni-iqtisadi həyatının tənəzzülə uğramasına, cəhalət və nadanlığa, qardaş qırğınına, haqsız qanların axıdılmasına gətirib çatdırmışdı.
Ölkənin və bütövlükdə xalq kütlələrinin bu cür acınacaqlı bir vaxtında mütərəqqi ideyalarla silahlanan Azərbaycan ziyalıları, sözün əsil mənasında, xilaskarlıq vəzifəsini həyata keçirmək üçün qızğın siyasi fəaliyyətə başladılar. Çarizmin yeritdiyi siyasətin əsil mahiyyətini, məqsəd və vəzifəsini xalq kütlələrinə izah edir, mövcud siyasi quruluşu məhv etməyin zəruriliyini başa salır, onları mübarizəyə ruhlandırırdılar.
Azadlıq və bərabərlik problemi bu dövrdə demokratik fikirli ziyalılarımızı daim düşündürən və rahatsız edən əsas problem idi. Çar rusiyasında milyonlarla “qara” camaatın zülm və əsarət altında məhv olması, ədalətsiz qanunların qurbanı olub həbsxanalarda çürüməsi də heç kəsi maraqlandırmır və düşündürmürdü. Azərbaycan demokratik fikrinin nümayəndələri bu vəziyyətlə barışa bilmir, siyasi mübarizəyə kömək məqsədilə özlərinin bədii yaradıcılıqlarında həmin eybəcərlikləri, çatışmazlıqları, qanunsuzluqları və sairəni ifşa edir, xalq kütlələrinin gözlərini açmağa, yatmış şüurlarını oyatmağa səy göstərirdilər.
Eyni bir hadisə müxtəlif insanlar tərəfindən müxtəlif şəkildə dərk edilə və verilə bilər. Bu, əsasən həmin insanların təsvir etmək istədikləri mövzuya, predmet və hadisələrə münasibətlərindən, yanaşma məqsədlərimdən irəli gəlir və bunlardan asılıdır. Lakin münasibət və mövqedən başqa bir də sənətkarlıq, məharət, istedad deyilən bir keyfiyyət də mövcuddur. Hər hansı bir hadisəyə - istər mütərəqqi olsun, istər mürtəce olsun – hansı mövqedən yanaşırsan yanaş, məhayət, istedad olmasa, hadisə və predmet haqqında alınan məlumat qəlbə təsir edəcək, hisslərə, şüura yox.
Bu cəhətdən böyük söz ustası, görkəmli sənətkar – şair, ədib, dramaturq, jurnalist, publisist Cəlil Məmmədquluzadə özünün sələf və xələfləri arasında xüsusilə seçilir. Bu sənətkar hamıya sadə görünən və ya heç kəsin diqqətini cəlb etməyən həyat hadisələrini o qədər məharətlə, qeyri-adi bacarıqla təsvir edir ki, artıq oxucuya qaranlıq , çatmayan bir şey qalmır.

C.Məmmədquluzadə öz əsərlərində dövrünün bir sıra neqativ hadisələrini, eybəcərliklərini tənqid etməklə bərabər, cəmiyyətdə hökm sürən ədalətsizlik və bərabərsizliyə də bir vətəndaş kimi öz münasibətini bildirmişdir. O görürdü ki, haqsızlıq, bərabərsizlik məzlum xalq kütlılərinin başına necə müsibətlər, fəlakətlər və faciələr gətirir.
Həqiqəti müdafiə edənlər, doğru yol tutanlar təzyiq və təqiblərə məruz qalır, cinayətkarların əvəzinə günahsızlar cəzalandırılır, öz haqqını, hüququnu tələb etməyə cəhd göstərənlər yerindəcə susdurulurdu. Xalq kütlələrinin inqilabçılıq əzmini qırmaq məqsədilə çarizmin vəd etdiyi yalançı bərabərliyin əsil mahiyyətini açıb göstərmək üçün Cəlil Məmmədquluzadə çox sadə bir müsahibə üsulundan istifadə etmişdir. Əsəri oxuduqda, sənətkarın yazı manerasına heyran qalırsan. Həyat bütün çılpaqlığı ilə oxucunun gözləri önündə canlanır. Hiss edirsən ki, yazıçı necə mənəvi əzab çəkir.
Bərabərlik haqqında C.Məmmədquluzadənin fikrini öyrənmək, ictimai-siyasi bərabərsizliyə onun münasibətini bilmək üçün “Cavab” adlı felyetonundan bir parçaya diqqət yetirmək kifayətdir: “Hələ hürriyyət və ədalət qalsın, bu barədə danışmayaq; çünki indiki zəmanədə eyibdir belə sözləri danışmaq.Müsavatdan bir qədər söhbət eləyək.
Hələ “müsavat” nədir? Yəni sənin sözündən bu çıxır ki, bir kəndli ilə bir xan qabaq-qabağa gələndə kəndli xana baş endirsə, xan da kəndliyə endirsin ? Sənin sözündən bu çıxır ki, bir gün rəiyyət ağanın qabağına duranda, o biri gün də ağa rəiyyətin ayağına dursun ? Di cavab ver!
Əgər desən “hə”, onda mən gərək elə başa düşəm ki, zarafat eləyirsən. Əgər desən yox”, onda de, nə müsavatbazlıqdır ?”
Əhməd bəy, vallah zarafat eləyirsən! Heç bir mənə de görüm, bircə dəfə ömründə görübsənmi ki, bir kəndli dalında bal küpəsi, bir əlində bir dəstmal yumurta, o biri əlində beş-altı toyuq-cücə qan tərin içində , cırıq-mırıq paltarda, piyada, ayaqyalın gələ mülkədarın qapısına, balı və yumurtanı qoya xanımın qabağına, toyuqları verə nökərə və bir dənə qırmızı xoruz tuta balaca ağanın qucağına və bu heyndə xan çıxa balkona və kəndli xanı görcək ikiqat əyilib salam verə...
Mən ölüm, Əhməd bəy, lotu-lotuyana mənə bir de görüm, heç bir görübsən və eçidibsən ki, xan kəndlinin salamının cavabında ona deyə əleykəssalam ?
Mən bu cür işləri çox görmüşəm. Mən görməmişəm ki, bal, yumurta, xoruz – bunlar öz qaydası ilə, amma həmişə kəndli salam verəndə, xanlar və ağalar deyiblər: “Cəhənnəm ol!” (1.s.76).
Qəribədir, dünyaya gələndə heç bir üstünlüyə, imtiyaza malik olmayan Adəm övladları inkişafın müəyyən mərhələsində nə üçün bir-birinə zidd, düşmən mövqe tuturlar? İnsan öz həmcinsinə qarşı niyə belə münasibət bəsləyir ? Nə üçün bu insanlardan biri alçalmalı, təhqir olunmalı, hər cür müsibət və fəlakətlərə düçar olmalı, insan sayılmamalı, digərləri isə yüksəlməli, yüksəldikcə də azğınlaşmalı və vəhşiləşməlidir, özünü hər yerdə, hər işdə haqlı saymalıdır ? Nə üçün ağa da, heç olmasa bircə kərə kəndliyə onun xidmətləri müqabilində mehriban yanaşmasın, on un salamına cavab verməsin? C.Məmmədquluzadəni də düşündürən, təəccübləndirən də bu idi
Bir halda ki, cəmiyyətdə insanlar arasında kəskin fərqlər mövcuddur, biri digərini bəyənmir, biri digərindən asılıdır, ondan qorxur, deməli, burada bərabərlikdən söz açmaq, danışmaq, həqiqətən, eyibdir, qəbahətdir.
Bərabərlik kağız üzərində qalmamalı, real şəkildə mövcud olmalıdır, yoxsa olmayan bir şey haqqında ağız dolusu danışmaq, hay-küy qoparmaq –insanları təhqir etmək, alçaltmaq deməkdir.
Kiçik bir söhbətdə böyük və çox aktual olan bir problem haqqında hamını təmin edən dolğun məlumat vermək – C.Məmmədquluzadə yaradıcılığına xas olan cəhətdir. Yazıçının mövqeyi aydındır. O, gprdüklərinə acıyır, kəndlinin salamını almayıb, üstəlik “cəhənnəm ol!” deyən harınlaşmış dikbaş ağalara nifrət edir. Bu, Krılovun “Donuz palıd kölgəsində” təmsilini xatırladır. Təmsilin qısaca məzmunu belədir: palıdın qozalarını doyunca yeyib harınlaşan donuz istirahət etmək üçün uzanmaq istəyir. Lakin palıdın yoğun kökləri ona mane olur. Bundan qəzəblənən donuz kökləri qoparmağa başlayır.
Harınlaşmış donuz haradan biləydi ki, onun qarnını, mədəsini doyuzduran qozalar həmin köklərin hesabına əmələ gəlir?
Cəlil Məmmədquluzadə cəmiyyətdə də mövcud olan belə insanlara nifrət edir. Ancaq məsələ bununla bitmir, həll olunmur. Birinə rəğbət, digərinə nifrət bəsləməklə iş düzəlmir. Belə hallara son qoymaq üçün cəmiyyətə düzgün yol göstərmək, istiqamət vermək lazımdır. Görünür, bu yol müəllifin özünə də məlum deyilmiş. Elə buna görədir ki, kasıb və füqəralara Allahdan nicat diləyir.İnsanların daş ürəkliliyi, rəhmsizliyi ədibdə ancaq təəssüf hissi doğurur, bu sifətlərin ağır xəstəlik kimi həyatda müalicəsini görmədiyi üçün Allaha həvalə edir: “ Yuxarıda söylədiyim qarnıyoğunların hamısını mən tanıyıram. Bunların bəzisinin o qədər dövləti var ki, Yava cəzirəsini satın ala bilər...O ki qaldı kasıb və füqaralar, bunların dadına Allah-taala özü yetişər, bunların bəndəyə dəxli yoxdur. Xudavəndi-aləm öz yaratdığı məxluqun fukrini gərək özü çəksin(1.s.111)
Çar rusiyasında cəmiyyətin yoxsul təbəqələrinin necə alçaldıldığının, təhqir edildiyinin, ləyaqətinin necə tapdalandığının şahidi olmaq üçün müəllifin “Həmşəri” felyetonu ilə tanış olmaq kifayətdir. Bakı kapitalistləri yerli fəhlələrə nisbətən, kənardan gələnləri daha çox istismar edir, onlara ucuz işçi qüvvəsi kimi baxırdılar. Bir parça çörək ardınca doğma elini, obasını, ailəsini atıb Bakıya pənah gətirən iranlıları “həmşəri” adlandırırdılar. Bu ad o zaman İrandan gələn azərbaycanlılar üçün ən təhqiramiz bir damğa idi. Yazıçı da kapital cəmiyyətindəki haqsızlığı, bərabərsizliyi, ədalətsizliyi, yoxsullara olan münasibəti, biganəliyi göstərmək üçün məqsədə ən uyğun və münasib olan “həmşəri” sözündən istifadə etmişdir. Əyani olmaq üçün həmin felyetondan bir parçaya diqqət yetirək: “ Mən indiyə kimi heç bilməzdim həmşəri nədir. Mən ancaq bunu bilirdim ki, həmşəri fəhlədir, hambaldır, kankandır, biçinçidir, nökərdir, su daşıyandır, qəlyana od qoyandır, tulanbarçıdır. Mən indiyə kimi elə bilirdim ki, həmşəri milçəkdir, torpaqdır, daşdır, kol-kosdur, amma heç bilməzdim ki, həmşəri də adamdır... Elə bilirdim ki, araba atı kimi bir heyvandır, qoyun-quzudur.
Ey mənə kağız yazan həmşərilər, əgər istəyirsiniz ki, sizi də adam hesab eləyib məclislərə qoysunlar, gərək mənim bir neçə vəsiyyətimə əməl eləyəsiniz.
Əvvələn ay İrani-viranın xaki-pakinin yetim balaları həmşərilər! Əvvələn gərək bir-birinizlə əl-ələ verəsiniz, yəni Məmmədvəli gərək yapışsın Həsənin əlindən, Həsən kərbəlayi Qasımın əlindən, Kərbəlayı Qasım usta Səfərin əlindən, usta Səfər Məşədi Haqverdinin əlindən. Xülasə, cəmi həmşərilər gərək yapışsınlar bir-birinin əlindən, yəni birləşsinlər” (1.s.127).
Mühit, şərait elə idi ki, mülkədarın öz kəndlisindən, zənginin öz fəhləsindən xəbəri yox idi. Çünki onların vəziyyəti ilə maraqlanmağı, onlardan hal-əhval tutmağı özlərinə sığışdırmır, bunu alçalma, təhqir hesab edirdilər. Mirzə Cəlilin “Çiçək” felyetonu da məhz belə bir məsələyə həsr edilmişşdir: “...Bir-iki manatlıq mayası ilə bir yekə kəndin uşaqlarının çiçəyini döymək mümkündür. Əgər belə olsa, vilayətdən çiçək azarı bilmərrə kənar olar.
Bunu kim eləsin ? Kimdir kəndlərdə avam camaatın sahibi? Bu xüsusda bir neçə cavab ola bilər. Biri deyə bilər ki, kəndlilərin xeyir-şərinə qarışmaq, onların halına yanmaq – mülkədarların, bəylərin və xanların borcudut.Biri deyə bilər ki, kəndlilərə baş çəkmək, onlara yetişən bəlaların qabağında çalışmaq, kəndlilərə atalıq etmək mollaların vəzifəsidir. Mən bu iki cavabın heç birinə şərik ola bilmərəm: çünki bəylərin, xanların və mülkədarların kəndli işinə qarışmağının heç bir yaxşı nəticəsi ola bilməz və bir də yaraşan iş deyil ki, təşəxxüslü bir malkədar, papağı yanqılıcı bir bəy, ya kefli bir xan girsin kəndlinin evinə ki, nə var, nə yox, mən gəlmişəm sənin uşağuvun çiçəyini döyəm. Kəndli bir nanəcib tayfadır, üz versən, quduracaq, dəxi öhdəsindən gəlmək olmaz.. (2.s.521-522).
Elə C.Məmmədquluzadəni rahatsız edən də bu şəraiti yaradan və onu daha da möhkəmləndirməyə çalışan mövcud siyasi quruluş və bundan sui-istifadə edərək öz həmvətənlərini alçaldan, təhqir edən milli zənginlərin əməlləri idi.
Bu dövrdə hüquqsuzluqdan, bərabərsizlikdən ən çox əziyyət çəkən, alçaldılan, təhqir olunan qadınlar idi. Onlara bir əyləncə, əldən-ələ ötürülən oyuncaq, müvəqqəti ehtiras və şəhvət hissini təmin edən, söndürən bir vasitə kimi baxılırdı.Ailəsində qız uşağı doğulan kasıblar özlərini Allah tərəfindən təhqir olunmuş sanır, dünyanın ən bədbəxti, talesizi hesab edirdilər.
Qadınların faciəli həyatından bəhs edən “Erməni və müsəlman övrətləri”, “Anam-bacım”, “Dəllal”, “Əbvabül-cinan”, “Bu nədir” və sair felyetonları göstərmək olar.Bütün bunlar cəmiyyətdə qadınların hüquqsuzluğunu, cinslər arasındakı bərabərsizliyi göstərir.
Ədibin əsərləri içərisində özünün məzmun və qayəsinə görə “Poçt qutusu” hekayəsi xüsusilə ceçilir. Müəllif bu əsərdə dövrünün çox vacib və zəruri məsələlərindən biri olan bərabərsizliyə toxunmuşdur. Hekayə nə qədər sadə, şirin görünsə də, o qədər dərin və düşündürücü məzmuna, mahiyyətindən irəli gələn daxili sızıltıya, ağrı-acıya, dövrə, ictimai-siyasi quruluşa qarşı dərin nifrət və qəzəb oyatmaq gücünə malikdir Həmin dövrün mahiyyətini, xüsusiyyətini öyrənmək üçün bu kiçik hekayə kifayətdir. “ Danabaş kəndinin əhvalkatları” əsərinin məzmununu da demək olar ki, bərabərsizlik təşkil edir. Əsərin baş qəhrəmanları olan Məhəmmədhəsən əmi və Zenəbin ailəsi həmin bərabərsizliyin qurbanlarına çevrilmişlər.