Modern.az

Mingəçevir Dram Teatrından iddialara CAVAB

Mingəçevir Dram Teatrından iddialara CAVAB

Təhsil

16 Dekabr 2014, 17:46


Mingəçevir Dram Teatrı ilə bağlı söz-söhbətlər səngimək bilmir. Teatrdan ayrılan aktyor İbrahim Salamov bir çox saytlara açıqlama verərək teatrı, rəhbərliyi və digər işçiləri çox sərt şəkildə tənqid edib. Lakin onun açıqlaması ilə tanış olarkən eyni gündə, eyni insana verdiyi müsahibədə teatr rəhbəri kimi Həsən Həsənov və Səxavət Məmmədovun adını çəkir.

Kimin haqqında danışdığını özü də dəqiq bilmir. Teatr ocağının tənəzzül dövrü yaşadığını iddia edərək direktor Həsən Həsənovun istedadlı, uzun illərdən bəri teatrın bütün yükünü öz çiyinlərində daşıyan işçilərə qarşı ayrı-seçkilik etdiyini, daha sonra Səxavət Məmmədovun teatra gəldiyi gündən kollektivdə ögey-doğma münasibəti yaratdığını deyib.

O iddia edib ki, Mingəçevir Dövlət Dram Teatrının binası bu gün S.Məmmədov tərəfindən həm də ticarət mərkəzi kimi istismar olunmaqdadır. İbrahim Türksoyun sözlərinə görə, hazırda teatrın zirzəmisi direktorun şəxsi studiyası kimi fəaliyyətdədir. Teatrın qarderobu sökülərək yerində kafe açılıb, binanın ikinci zirzəmisi restoran kimi icarəyə verilib, kiçik məşq zalı isə kinozal kimi fəaliyyət göstərir. Nəhayət, İbrahim Türksoyun verdiyi açıqlamalarda bütün bunların arxasında mədəniyyət və turizm nazirinin birinci müavini Ədalət Vəliyevin də adı hallanır.

  Teatrın truppa rəhbəri Elşən Məmmədov isə Modern.az-a açıqlamasında yazılanların reallıqdan uzaq, uydurma olduğunu vurğulayıb:  

“İbrahim Salamov Mingəçevir Dram Teatrında 2004-cü ildən işləyib. Çalışdığı müddətdə dəfələrlə rəhbərlikdən töhmətlər alıb, etik qaydalara riayət etmədiyindən hətta işdən də uzaqlaşdırılıb. Son 8 ayda teatra Səxavət Məmmədov yeni direktor təyin olunub. İbrahim Salamov həm yeni direktoru, həm də ondan əvvəl bu vəzifədə çalışan Həsən Həsənovu sosial şəbəkələrdə ittiham və təhqir edir.   Elşən Məmmədovun sözlərinə görə, bütün pis hərəkətlərinə baxmayaraq, indiki ı direktor Səxavət Məmmədov humanistlik göstərərək İbrahim Salamovu yenidən işə götürüb, özünü təsdiq etmək üçün tamaşa da verib: “Hazırda teatrın direktoru Səxavət Məmmədovdur. İbrahim Salamovun fikirlərini dəqiqləşdirmədən, öyrənmədən yayımlayan saytlar isə bilmirlər ki, Həsən Həsənov 8 ay əvvəl direktorluqdan çıxıb. Hazırda teatrdan danışarkən direktor kimi onu təqdim edirlər”.  

Truppa rəhbərinin iddiasına görə, İbrahim Salamov etikadan kənar fikirləri ilə sadəcə teatrın nüfuzuna xələl gətirmək istəyir: “Onun bizim teatr və rəhbərlik haqqında verdiyi müsahibələr, yaydığı məlumatlar tamamilə əsassızdır. Hazırda heç bir yerdə işləmir, boş-boş müsahibələr verməklə əsl simasını ortaya qoyur. İşlədiyi müddətdə də qadın-kişi, uşaq-böyük demədən ağlına gələni deyən, qadın həmkarının saçından tutub sürüyən “adam”dan nə gözləmək olar?”

Aktyorun sözlərinə görə, bütün bunlar noyabr ayının 25-də tamaşa üçün dekorasiyalar qurulduğu vaxt baş verib: “Teatrda dekorasiyalar qurulurdu. Bu anda İbrahimlə sahə rəisi arasında münaqişə yarandı. O, rəhbərliyi nəzərə almadan ağzına gələni danışmağa başladı. Çünki teatrda hegemonluq etmək istəyirdi, yəni mən nə deyirəmsə, o da olsun. Direktor baş verənləri nəzərə alıb hər iki işçiyə töhmət verdi. İbarhim Salamov bu töhmətdən sonra öz ərizəsilə tamaşadan imtina etdi. Dəfələrlə dedik ki, qayıt, tamaşanı yekunlaşdıraq, amma razı olmadı.

Direktor bildirdi ki, tamaşanı saxladığı üçün izahat yazsın. Onu da etmədi. Əvəzində çıxıb mətbuatda ağlına və ağzına gələni danışdı. Bütün bunlara qarşılıq olaraq deyirəm ki, Mingəçevir Dram Teatrında vəziyyət olduqca əladır, bütün heyət tam gücüylə yeni il tamaşasına hazırlaşır. Bakıdan Gənc Tamaşaçılar Teatrının aktyoru Vüsal Mehrəliyevin quruluşunda uşaqlar üçün “Maya və Ayının yeni il sərgüzəştləri” tamaşasını hazırlayırıq. Bütün heyətdə böyük ruh yüksəkliyi var”.        

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı