Modern.az

Həmin müəllimlər işdən kənarlaşmalı olacaq...

Həmin müəllimlər işdən kənarlaşmalı olacaq...

Təhsil

Bu gün, 00:25

“Süni intellektdən effektiv istifadə etməyən müəllimlər kənarlaşacaq”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Elm və Təhsil Nazirliyinin dəstəyi ilə jurnalistlərə zamanı qeyd edib.

"Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda təhsilin rəqəmsallaşması prosesinə ciddi təkan verə biləcək texnologiyadan süni intellektdən söhbət gedir. Son dövrlərdə təhsil sistemində süni intellektin tətbiqi genişləndiyi üçün bu sahədən yazan jurnalistlər üçün də mövzu xüsusi əhəmiyyət daşıyır.

Burada əsas müzakirə mövzusu təhsil sistemində süni intellektin verəcəyi faydalar və yarana biləcək risklərdir. Qarşıda duran əsas məsələlərdən biri təhsilin keyfiyyətinin artırılması və daha yüksək nəticələrin əldə olunması üçün süni intellektdən effektiv istifadədir.

Təhsildə ciddi problemlərdən biri fərdi yanaşmadır. Sinifdə 20-30 şagird olur və onların hamısının təfəkkürü, bilik və bacarıqları, məlumatı qəbul etmə imkanları eyni deyil. Süni intellektin əsas üstünlüyü isə müəllimə, məktəbə şagirdə fərdi yanaşmaq imkanı verməsidir.

Artıq söhbət təkcə təhsilin rəqəmsallaşmasından yox, tədris prosesinin rəqəmsallaşmasından gedir. Burada fərdi yanaşma məsələsi əsas istiqamətlərdən biridir və süni intellekt də buna kömək edən amillərdəndir.

Süni intellektin faydalı tərəflərinin qabardılması, eyni zamanda risklərin düzgün izah olunması daha doğru qərarların qəbuluna və nəticədə təhsilin keyfiyyətinin yüksəlməsinə töhfə verə bilər.

Süni intellekt bir çox sahələri tamamilə əvəz edə biləcək. Bu, qarşıdakı illərdə qaçılmaz olacaq. Amma tədris prosesində müəllimin tam əvəz olunması hələ uzunmüddətli məsələdir.

Mən əminəm ki, qarşıdakı dövrdə süni intellektdən effektiv istifadə etməyən müəllimlər artıq kənarlaşacaq. Bu, qaçılmazdır. Əsas məsələ süni intellektin risklərindən daha çox, ondan necə səmərəli istifadə edə biləcəyimizi düşünməkdir.

Əgər bizim uşaqlarımız və gənclərimiz bu texnologiyadan effektiv istifadə etməsələr, digər ölkələrlə müqayisədə geri qala bilərlər. Bu isə Azərbaycanın rəqabət qabiliyyətinə təsir göstərə bilər. Ona görə də əsas məqsəd süni intellektdən bacarıq və bilik əldə etmək, onu çevik və effektiv tətbiq etmək olmalıdır".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya HƏDƏ-QORXU - Biz deyənlər olacaq!