Modern.az

“Elmin önündə oğlanlar getməlidir” - Abel Məhərrəmov

“Elmin önündə oğlanlar getməlidir” - Abel Məhərrəmov

Təhsil

25 Dekabr 2014, 13:07

“Biz “Elm haqqında” qanun layihəsi ilə istehsalat arasında nə dərəcədə vəhdət olduğunu nəzərə almalıyıq. Bu gün Amerikanın sənayesinin gəlirlərinin 50 faizə qədəri elmi innovasiyalar hesabına əldə edilir”.

Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsində “Elm haqqında” qanun layihəsinin müzakirəsi zamanı Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov deyib. Onun sözlərinə görə, qanunun bu məsələləri nə dərəcədə əhatə etməsi barədə düşünmək lazımdır.

O, bildirib ki, Azərbaycanda elmi innovasiyalar tətbiq edilərsə, sənaye gəlirlərinin bir hissəsini bu sahədən əldə etmək olar: “Prezident bu məqsədlə texnoparkların yaradılması barədə sərəncam imzalayıb. Məqsəd elmi innovasiyaları tətbiq etməkdir”.

Abel Məhərrəmovun sözlərinə görə, “Elm haqqında” qanun layihəsi mükəmməl hazırlanıb. O qeyd edib ki, gələcəkdə bu qanun layihəsinə əlavələr ola bilər. Abel Məhərrəmov qanun layihəsində hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinin öz əksini tapmasına da münasibət bildirib: “Bu, çox vacib məqamdır. Oğlanlar hərbi xidmətə gedir. Qızlar isə magistratura, doktranturanı bitirdikdən sonra ailə həyatı qururlar. Eləsi var 3 il, eləsi də var 8 il analıq məzuniyyətinə çıxır. Heç kim inciməsin, məhz bunları nəzərə aldıqda demək olar ki, elmin önündə oğlanlar getməlidir”.

Deputat qanun layihəsində elmlər namizədi və professorlara vəsait ayrılması ilə bağlı yazılan müddəalara da toxunub: “Elmlər namizədinə 200, professorlara isə 400 manat məvacib verilməsi nəzərdə tutulur. Bunu minimum əmək haqqı ilə indeksləşdirsək, çox yaxşı olar. Arxayın ola bilərik ki, Azərbaycanda gələcəkdə professorlar 4-5 min manat maaş alanda 300-400 manat onun içərisində elə də gözə çarpmayacaq. Düzdür, bəzi məsələlər Maliyyə Nazirliyindən asılıdır”.

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı