Milli Məclisin bu gün keçirilən iclasında “Televiziya və radio yayımı haqqında” qanunda dəyişikliklər müzakirə olunub.
Modern.az saytının məlumatına görə, layihə barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. O qeyd edib ki, qanuna edilən dəyişiklikdən sonra yayımçıların məsuliyyəti artacaq.
Deputat Elmira Axundova isə deyib ki, “Televiziya və Radio yayımı” haqqında qanuna təklif edilən dəyişikliklərdə bu qurumun səlahiyyətlərinin artırılması nəzərdə tutulur.
“Mən bunu məntiqli və zəruri hesab edirəm. Çünki bu dövrümüzün tələbidir. Qanunvericiliyə əsasən lisenziyanın ləğv edilməsinin şərtlərindən biri milli, dini, irqi ədavətə, kütləvi iğtişaşlar törətməyə və s. əməllərə yönələn, təhrik edən yayıma görə məhkəmənin qərarı ilə lisenziyaya xitam verilməsidir. Bu müddəa məntiqlidir və mən onu dəstəkləyirəm.
Lakin fürsətdən istifadə edərək diqqətinizi bir məsələyə yönəltmək istəyirəm. Milli Televiziya və Radio Şurası haqqında Əsasnamədə deyilir ki, Şuranın əsas vəzifələri televiziya və radio yayımlarının fəaliyyətini tənzimləmək, onların müstəqilliyini və yayım zamanı ictimaiyyətin maraqlarını qorumaq, televiziya və radio yayımı haqqında qanunvericiliyə əməl edilməsi üzərində nəzarəti həyata keçirməkdir. Müddəadan görünür ki, texniki yayım vasitələri üzərində nəzarətdən başqa milli-mənəvi dəyərlərin qorunması vəzifəsi də Şuranın üzərinə düşür. Məsələn, zorakılığın və qəddarlığın təbliğinə yol verilməməsinə, uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramlara baxmamasına görə Şura məsuliyyət daşıyır.
Bundan başqa Şura teleradio və informasiya məkanının vahid inkişaf konsepsiyasını hazırlamalı və həyata keçirməlidir. Lakin hesab edirəm ki, Milli Televiziya və Radio Şurası bütün bu vəzifələrini tam həyata keçirmir. Cəmiyyətimizin əksər təbəqələri yerli televiziya kanallarının fəaliyyətindən narazıdır və onların fəaliyyətində köklü islahatların aparılmasını tələb edir. AzTv və İctimai TV, bəlkə də qismən ANS-i çıxmaqla kanallarda həddən çox şou proqramlar, mətbəx verilişləri, şadlıq saraylarının və restoranların reklamları verilməkdədir. Amma milli qəhrəmanlarımız, tanınmış şəxslər haqqında verilişlər demək olar ki, yox dərəcəsindədir.
Mən milli seriallara da diqqətinizi yönəltmək istəyirəm. Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən yerli serialların çəkilməsi üçün xeyli vəsait ayrıldı. Təəssüf ki, yenə də şit, ucuz şou xarakterli seriallar ekranlardan düşmür. Axı hökumət pulları bu tip seriallar üçün ayırmayıb. Rusiya kanallarında olduğu kimi milli polis orqanlarının şərəfli, ləyaqətli fəaliyyətindən bəhs edən, milli mənəvi dəyərləri təbliğ edən, bizim yaxın və uzaq keçmişimizi əks etdirən, müharibə və repressiya illərimizi göstərən, Azərbaycanlılara qarşı erməni millətçiləri tərəfindən törədilən müsibətləri nümayiş etdirən seriallar yoxdur. Bütün bunlar zamanın tələbidir, cəmiyyət bunları görmək istəyir. Cavan nəsli qeyd etdiyim seriallar əsasında milli ruhda yetişdirmək lazımdır. Nəyə görə çəkilən seriallar klassiklərimizin əsərləri əsasında ekranlaşdırılmır?
Biz reklam haqında qanunu qəbul edəndə sosial reklam haqqında müddəa əlavə etmişik. Milli Televiziya və Radio Şurası da bu məsələlərə diqqət ayırmalıdır. Bu sahədə ciddi nöqsanlar, əyriliklər var, telekanallarda bir dənə də olsun sosial xarakterli reklam görmürük. Amma bunlar vacibdir. Qoy məndən inciməsinlər, lakin deməliyəm ki, Şuranın bu yöndə fəaliyyəti hiss olunmur”.
Deputat deyib ki, Şuranın yaradılmasından 10 ildən də çox vaxt keçir, amma təəssüf ki, fəaliyyəti dövründə qurumun informasiya məkanına dair vahid inkişaf konsepsiyası barədə eşidilməyib.
“Televiziya kanallarındakı proqramların səviyyəsinə baxanda düşünürəm ki, bu konsepsiya ya yoxdur, ya da həyata keçirilmir. Diqqət yetirin, xalq yazıçısı, məşhur yazar Çingiz Abdullayev bu yaxınlarda “525-ci qəzetə” verdiyi müsahibəsində nələr deyir. “Xocalının 4 milli qəhrəmanından danışan yoxdur. Kişi kimi döyüşüblər. Biri qumbara ilə özünü partladıb. Bu haqda niyə yazmırsınız? Onları bizlər üçün ermənilər gəlib tanıtmalıdır, ya ruslar? Hər gün bu haqda veriliş olmalıdır ki, budur bizim milli qəhrəmanlarımız. Bizdə isə hər gün yoğun-yoğun qadınlar səhər verilişlərində yemək yeyirlər. Bütün günü yeyib-içib oynayırlar. Telekanallarda səhərdən axşama qədər şadlıq saraylarının və restoranların reklamı gedir”. Diqqət yetirin, bunu mən demirəm, xalq yazıçısı deyir. Ümumiyyətcə mən hesab edirəm ki, Azərbaycanın telekanallarında şadlıq saraylarının reklamı, mətbəx verilişləri ləğv edilməlidir. Nə rus, nə də türk kanallarında şadlıq saraylarının reklamını görə bilməzsiniz. Hesab edirəm ki, bizdə də bu reklamlar yığışdırılmalı, onların əvəzinə sosial reklamlar verilməlidir. Hesab edirəm ki, Milli Televiziya və Radio Şurası bizim yerli kanallarımızla bərabər öz işində ciddi dönüş yaratmalıdır, Şuranın səsi daha aydın eşidilməlidir, o, bu cür hallara qarşı qanuni şəkildə ciddi mübarizə aparmalıdır. Yenə də deyirəm, bu əsasən özəl kanallara aiddir. Çünki AzTv, İctimai TV və Mədəniyyət kanalı bu məsələlərdə daha həssasdır, intellektual verilişlərin hazırlanması, ictimai problemlərin işıqlandırılması, mədəniyyətin təbliğində fəal iştirak edirlər. Təəssüflər olsun ki, Milli Televiziya və Radio Şurasının səsini texniki məsələlərdən başqa sahələrdə, yəni milli-mənəvi dəyərlərin qorunması ilə bağlı məsələlərdə eşitmirik”.
E.Axundova bildirib ki, Azərbaycan cəmiyyəti faktiki olaraq müharibə şəraitindədir. Amma özəl kanallara baxanda elə düşünürsən ki, biz ən xoşbəxt millətik.
“Heç elə bil 20 faiz torpağımız, doğma Qarabağımız işğal altında deyil. Mən demirəm ki, gəlin qara çadra taxıb yas tutaq, amma gərək ən azından hər bir işğal olunmuş rayonumuzla bağlı ətraflı verilişlər hazırlansın. Həmin rayonların təbiəti, gözəllikləri, yetişdirdiyi məşhur şəxslər haqqında proqramlar olsun. Özəl kanallar milli qəhrəmanlarımız haqqında filmlər çəkməlidir. Şou proqramlara qonaq qismində dəvət olunan incəsənət nümayəndələrinin davranışları, geyimləri, danışıq tərzləri isə insanda ikrah hissi oyadır. Axı buna bir nəzarət edən olmalıdır ya yox?
Bütün bu dərin kök salmış nöqsanları məhz Milli Televiziya və Radio Şurasının köməyilə qaldıra bilərik, çünki bu strukturun nəzarət mexanizmləri mövcuddur və ona kifayət qədər səlahiyyətlər verilib. Sadəcə bu səlahiyyətlərdən işin xeyrinə istifadə etmək lazımdır”.
Nizami Cəfərov MTRŞ-lə bağlı iradlarla razılaşmayıb: “Televiziyalar üçün proqram siyasəti müəyyən etmək Televiziya və Radio Şurasının səlahiyyətlərinə aid deyil. Onu demək doğru deyil ki, bu şura heç bir şey etmir. Verilişlər əslində cəmiyyətin səviyyəsindən asılıdır. Tələbat nədirsə, televiziyalar da onu göstərir”.
Deputat Yaqub Mahmudov da MTRŞ-ın tənqidinə etiraz edib: “Televiziya və Radio Şurasında kifayət qədər ziyalı var və iş görülür”.
Layihə qəbul edilib.
Aqşin Kərimov