Modern.az

Bakı Ali Neft Məktəbində Xocalı şəhidləri anıldı

Bakı Ali Neft Məktəbində Xocalı şəhidləri anıldı

Təhsil

25 Fevral 2015, 16:40

Bakı Ali Neft Məktəbində  Xocalı soyqırımının 23-cü il dönümünə həsr olunmuş   tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Bu barədə Modern.az-a BANM-dən məlumat verilib.

Daha sonra tədbiri açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirdi ki, Azərbaycan xalqının qan yaddaşında  silinməz izlər buraxan  Xocalı  soyqırımı  XX-əsrin  insanlığa qarşı  törədilmiş ən qəddar və ən dəhşətli cinayətidir. O vurğuladı ki, Xocalı soyqırımı ermənilər  tərəfindən  Azərbaycan xalqının başına gətirilən tək müsibət deyil.  E.Qasımov  ötən əsrlərə  və əsrin əvvəllərinə  nəzər salaraq, “Quba , Bakı , Şamaxı,” və bu kimi  bir çox soyqırımlar  haqqında tədbir iştirakçılarına  ətraflı məlumat  verdi.

Xocalı  faciəsinin  düşünülərək, planlı şəkildə həyata keçirilmiş, insanlıq əleyhinə törədilmiş ən ağır cinayət olduğunu qeyd  edən rektor E. Qasımov bildirdi  ki, 1992-ci ilin fevral ayının 25-dən 26 –na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən  366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhəri işğal edildi. Mühasirəyə alınan şəhər yandırıldı. Bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca  olmaqla  613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı  uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.  E.Qasımov vurğuladı ki,  bu soyqırımı törədən  insanlar bu gün Ermənistan dövlətinin siyasi elitasını təmsil edənlərdir. Bu isə erməni millətinin hansı insani dəyərlərə və keyfiyyətlərə mənsub olduqlarının ən böyük göstəricisidir. O, ölkə başçısı cənab İlham Əliyevin  uzaqgörən siyasəti və Azərbaycan xalqının güclü iradəsi nəticəsində Xocalı soyqırımı dünya ictimaiyyəti tərfindən  tanılacağından və bu cinayəti törədən şəxslər  tarix və qanun qarşısında  öz əməllərinə görə cavab verəcəklərindən əminlik ifadə etdi.

Tədbirdə iştirak edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli öz çıxışında  bildirdi ki, Azərbaycan dövləti və xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusları və diaspor təşkilatları tərəfindən Xocalı soyqırımının tanıdılması ilə bağlı dəfələrlə və bu gündə  beynəlxalq təşkilatlara müraciət edilib. Bu səylər nəticəsində artıq  bir çox dünya dövlətlərinin parlamentləri  Xocalı  faciəsini Soyqırım kimi  tanımasına və pisləməsinə nail olduğlarını deyən millət vəkili, vurğuladı ki, Xocalı soyqırımına dünya ictimaiyyəti  tərəfindən hüquqi qiymətin verilməsi ölkəmiz üçün tale yüklü məsələdir.

H.Rəcəbli həmçinin bildirdi ki, bu gün dünyada  silahlar deyil, beyinlər  savaşır,  yəni dünyada top- tüfəng  deyil informasiya müharibəsi gedir və bu müharibənin  açdığı yaralar  daha dərin və təhlükəlidir. Bunun üçün Azərbaycan xalqının savadlı, milli kimliyinə, dəyərlərinə və tarixinə sahib çıxan gənclərə ehtiyacı var. O, gəncləri  Xocalı faciəsinin dünyada  tanıdılmasında aktiv olmağa çağırdı və Xocalı Soyqırımı ilə bağlı dövlətimiz tərəfindən  vahid siyasət həyata keçirilməsi haqqında məlumatı onların diqqətinə çatdırdı.

Tədbirin sonunda Bakı Ali Neft Məktəbinin tələbələri  tərəfindən ingilis dilində  hazırlanan “Xocalı Soyqırımı”na həsr olunmuş video çarx  nümayiş olundu.


Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı