Magistratura səviyyəsində boş qalan plan yerlərinin əsas səbəblərindən biri bu pilləyə marağın azalması deyil, imtahanda iştirak edən namizədlərin bir hissəsinin minimal bal həddini keçə bilməməsidir.
Modern.az-a açıqlamasında təhsil məsələləri üzrə tədqiqatçı, "Azedu.az" təhsil portalının direktoru Elmin Nuri deyib.
Onun sözlərinə görə, son illərdə magistraturaya marağın kəskin şəkildə azaldığı barədə fikirlər tam mənzərəni əks etdirmir.
“Bu il magistraturaya müraciət edənlərin sayı heç də az deyildi. Problem ondadır ki, iştirakçıların bir çoxu hazırlıqsız olur və müəyyən edilmiş minimal bal həddini toplaya bilmir. Buna görə də sonradan plan yerləri boş qalır”, - Elmin Nuri bildirib.
Ekspert qeyd edib ki, magistraturaya qəbulda standart ixtisaslar və pedaqoji profillər üzrə minimal bal həddi 50, MBA proqramları üzrə 45, kənd təsərrüfatı və xüsusi qabiliyyət tələb edən bəzi istiqamətlər üzrə isə 30-35 bal müəyyən edilir.
Onun fikrincə, boş plan yerlərinin qalmasında əsas amillərdən biri məhz namizədlərin bu minimum göstəriciləri keçə bilməməsidir.
“Magistraturaya maraq yoxdur, bu pillə dəyərini itirib və buna görə insanlar gəlmir demək düzgün deyil. Müraciət edənlərin sayı ilə qəbul olunanların sayını müqayisə etdikdə problemin harada olduğu görünür. Həm birinci, həm də ikinci mərhələdən sonra boş yerlərin qalmasının əsas səbəblərindən biri minimal bal həddinin keçilməməsidir”, - təhsil tədqiqatçısı deyib.
Elmin Nuri bununla yanaşı etiraf edib ki, müəyyən ixtisaslara maraq həqiqətən də zəifləyib.
Onun sözlərinə görə, kitabxanaçılıq, bəzi ictimai-humanitar istiqamətlər, biotexnologiya, tibb profilli və kənd təsərrüfatı profilli magistratura proqramlarında maraq daha aşağıdır.
“Magistraturaya müraciət edənlər bakalavrlarla müqayisədə əmək bazarını daha çox nəzərə alırlar. Onlar daha praqmatik yanaşırlar və gələcəkdə hansı ixtisasın daha rentabelli olacağını düşünürlər. Buna görə bəzi ixtisaslara maraq zəifləyir”, - ekspert bildirib.
Elmin Nuri xüsusilə kənd təsərrüfatı istiqamətində vəziyyətin düşündürücü olduğunu vurğulayıb.
“Kənd təsərrüfatı profilli ixtisaslarda minimal bal həddi aşağı salınsa da, maraq yenə zəifdir. Halbuki bu sahədə xaricdən mütəxəssislər dəvət olunur və onlara yüksək əməkhaqqı ödənilir. Özümüz isə həmin ixtisaslara kifayət qədər maraq göstərmirik”, - o qeyd edib.
Təhsil tədqiqatçısı hesab edir ki, magistratura səviyyəsi üzrə qəbul siyasətinə yenidən baxılmalı, xüsusilə əmək bazarında tələbat olan, lakin abituriyentlər arasında populyar olmayan istiqamətlərlə bağlı geniş maarifləndirmə aparılmalıdır.
“İnsanlar əmək bazarında hansı ixtisasların həqiqətən perspektivli olduğunu bilməlidirlər. Burada ciddi maarifləndirmə işinə ehtiyac var”, - Elmin Nuri vurğulayıb.