Modern.az

Kılıçdaroğlu Azərbaycanla bağlı NƏLƏR DEDİ...

Kılıçdaroğlu Azərbaycanla bağlı NƏLƏR DEDİ...

Dünya

25 May 2023, 09:24

Türkiyə prezidentliyinə "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu Azərbaycan və Türk dünyası ilə münasibətlərdən danışıb.

 

Modern.az xəbər verir ki, siyasətçi "Babala TV" internet televiziyasında Oğuzhan Uğurun "Mevzular Açık Mikrofon" proqramının qonağı olarkən tamaşçılardan birinin bu barədə verdiyi sualı cavablandırıb.

 

"Prezident seçiləndən sonra dövlət ənənələrinə uyğun olaraq ilk səfərlərim Şimali Kipr Türk Respublikasına və təbii olaraq Azərbaycana olacaq. Azərbaycanın Bakısı ilə bizim İstanbulumuz arasında bir fərq yoxdur. Azərbaycanla olan birliyimiz heç bir partiya baxımından fərqli düşünülə bilməz. Xüsusilə vurğulamaq istəyirəm ki, mənim kimi digər partiyaların sədrləri də belə fikirləşir, eyni paraleldə düşünür", - Kılıçdaroğlu deyib.

 

CHP sədri Zəngəzur dəhlizinə də toxunub: "Bizim başlıca hədəfimiz digər türk cümhuriyyətlərini Türkiyə ilə və Avropa ilə birləşdirmək və "Mərkəz Türkiyə" layihəsinə uyğun olaraq Türkiyə və türk cümhuriyyətləri arasındakı bağları gücləndirməkdir. Bir də Zəngəzur dəhlizi var, bu dəhliz mütləq açılmalıdır. Bunun üçün tərəflərin uzlaşması və Türkiyənin qeyd-şərtsiz Azərbaycanı dəstəkləməsi vacibdir. İranla Ermənistan arasındakı birlik bu dəhlizin açılmasını bir az çətin nöqtəyə daşıyır. Əgər Türkiyə dostluğunu və nüfuzunu bölgəyə yayarsa, bu dəhlizin açılmasının həm Türkiyəyə, həm İran və Ermənistana, həm də türk cümhuriyyətlərinə fayda verəcəyini izah edə bilsə, dəhliz açılar və Türkiyə regionun ən önəmli ölkəsinə çevrilər".

 

"Azərbaycana qarşı olmaqdan söhbət gedə bilməz. Azərbaycana gedib-gələn biri olaraq, həm də bürokrat kimi gedib-gəlmiş biri olaraq, azərbaycanlılarla tez-tez bir araya gələn biri olaraq belə narahatlıqlar əsassızdır. Bütün siyasi partiyalar olaraq Azərbaycanla bağlı eyni şeyləri düşünürük. "Mərkəz Türkiyə" layihəsinin əsası türk cümhuriyyətlərinin dənizə çıxışını təmin etməkdir. Bu, onların ən böyük problemlərindən biridir, dənizə çıxa bilmirlər. Biz onları Aralıq dənizinə qovuşduracağıq", - o əlavə edib.

Bu xəbər ilə bağlı
Prezidentliyə namizədlərin xarici siyasət prioritetləri - ARAŞDIRMA
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı