Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İran Prezidenti Məsud Pezeşkianla görüşünün təfərüratı açıqlanıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, Ərdoğan İranla ABŞ arasında münaqişənin başa çatdırılması üçün Tehranın Vaşinqtonla danışıqlar masasına dərhal qayıtmasının vacibliyini bildirib.
Görüşdə iki ölkə arasındakı münasibətlər, eləcə də regional və beynəlxalq gündəlikdəki məsələlər müzakirə olunub.
“Vaxt itirmədən danışıqlar mexanizminin yaradılması vacibdir. Türkiyə regionumuzdakı qardaş ölkələrlə birlikdə sülh səylərini dəstəkləməyə davam edəcək”, – deyə Ərdoğan bildirib.
Ərdoğan İranla ABŞ arasında qarşıdurmanın mümkün qədər tez başa çatmasını və davamlı sülhün təmin edilməsini arzuladığını bildirib.
Türkiyə Prezidenti sabitliyin hökm sürəcəyi yeni dövrün başlanması üçün tərəflər arasında uzlaşma imkanlarının gücləndirilməsinin və diplomatiyaya şans verilməsinin vacibliyini vurğulayıb.
O, daha çox vaxt itirmədən danışıqlar masasının qurulmasının əhəmiyyətinə diqqət çəkib.
Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və sözçüsü Ömər Çelik, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, Prezidentin xüsusi qələm müdiri Həsən Doğan, xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, həmçinin Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini Çağrı Erhan da iştirak ediblər.