ABŞ-yə məxsus təyyarə Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun kürəkəni, ABŞ liderinin müşaviri Cared Kuşnerin Moskvaya gözlənilən səfəri fonunda Rusiya paytaxtına eniş edib.
Modern.az xəbər verir ki, bu barədə TASS aviasiya xidmətlərinə istinadən məlumat yayıb.
Stiv Uitkoff və Cared Kuşnerin günün birinci yarısında Rusiya Prezidenti Vladimir Putinlə görüşməsi nəzərdə tutulub. Onlar noyabrın 10-11-də keçirilən Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin üçtərəfli danışıqlarından sonra Moskvaya yola düşüblər. Həmin danışıqlarda ABŞ-ni Uitkoff və Kuşner təmsil ediblər.
BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən görüşlərin yekunları ilə bağlı Kuşner “X” sosial şəbəkəsində paylaşım edib. O bildirib ki, Rusiya ilə Ukrayna arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Bununla belə, ABŞ əldə olunmuş irəliləyişi inkişaf etdirmək və davamlı sülhə nail olmaq üçün daha geniş, çoxtərəfli danışıqlara keçmək niyyətindədir.
“Ukrayna və Avropadakı tərəfdaşlarımızla sıx koordinasiya şəraitində bir sıra təkliflər üzərində razılığa gəlmişik. Bu təklifləri Moskvada Prezident Putinlə müzakirə edəcəyik. Bundan sonra isə Ukrayna Prezidenti Volodimir Zelenski ilə məsləhətləşmələr aparacağıq”, – deyə Kuşner qeyd edib.
Kuşnerin qiymətləndirməsinə görə, Əbu-Dabi danışıqları nəticəsində mühüm humanitar irəliləyiş əldə olunub. Belə ki, Ukrayna və Rusiya müharibə başlayandan bəri ən böyük əsir mübadiləsinin həyata keçirilməsi ilə bağlı prinsipial razılığa gəliblər.
Kuşner Moskvaya səfərini Uitkoffla birlikdə elan edərkən Avropa ölkələrinin də danışıqlarda iştirakını müzakirə etmək niyyətində olduqlarını bildirib. ABŞ prezidentinin kürəkəninin fikrincə, Putin Avropa nümayəndələrinin danışıqlara qoşulmasını dəstəkləyərsə, tərəflər daha böyük irəliləyişə nail ola bilərlər.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov isə bildirib ki, Əbu-Dabi danışıqları zamanı avropalılar Ukrayna və ABŞ nümayəndələri ilə “pərdəarxası” təmaslar aparıblar.