Modern.az

Ölümü ilə ölümsüzləşən ADAM...

Ədəbi̇yyat

3 Mart 2024, 12:09

2 mart... Qəribə tarixdir bu gün. Təqvimləri sevdiyimiz adamların itkisinə görə özümüzdən təcrid etmək təbii ki, doğru olmaz. Günün burada heç bir anlamı yoxdur. Amma, nə qədər istədim 2 mart tarixi gələnədək beynimdən bu fikri çıxarda bilmədim. İçimdən keçən qəribə duyğuları, həyatı mənasızlaşdıran hissləri uzaqlaşdırmağı bacarmadım. Bəlkə də yox, tam əminəm ki, Hacı Şahin Həsənlinin ölümündən təsirlənən istənilən insan özünü bu cür hiss edib. Çünki o, ötən ilin məhz bu günü cəmi 48 yaşında dünyasını tərk etdi. Və bununla zehinlərdə bir zəlzələ effekti yaratdı, insanların bir çoxunun həyat, dünya haqqında təsəvvürlərini dəyişdi. Onlarda sanki hansısa ən yaxın adamlarını itirdiyi təəsüratı yaratdı, onlara məxsus hansısa ən dəyərli, qiymətli yadigarın itirilməsi effektini təlqin etdi... Bu qəfil itki ilə hamı sükuta qərq oldu, sarsıldı. Həm də elə bil hamının birdən nitqi açıldı. Onun haqqında günlərlə danışdılar, heyfisləndilər... Bu qəfil gediş minlərlə insanın göz yaşıyla müşayiət olundu. Hamıya onun yoxluğu dərindən toxundu. Hətta eyni düşüncədə, ideologiyada, baxışlarda, əqidədə olmayanlara belə...


Bəli, Hacı Şahin Azərbaycanın ən dəyərli ilahiyyatçılarından biri və birincisi idi. O səbrin, təmkinin özü idi. O nəcibliyin, əsalətin parlaq təcəssümü idi. O, ənənəvi dəyərlərimizə sədaqətin, sevginin tərənümü idi. O Vətənə, dövlətə, millətə məhəbbətin nümunəsi idi. Və ən başlıcası o bu gün çıraqla axtarılan əxlaq elminin mahir bilicisi idi. Bəli, məhz əxlaq elminin... Zəmanəmizdə Hacı Şahin qədər əxlaqi dəyərləri təbliğ edən və bunu hər addımında sübut edən ikinci bir insana rast gəlmək çox çətindir.  O bütün məzmunlu nitqləri və hərəkətləri ilə cəmiyyətimizin gələcəyi haqqında narahat insanlara bir ümid verir,  milli-mənəvi dəyərlərimiz haqqında sarsılmış inamlara  məlhəm olurdu. O, bütün fəaliyyəti ilə cəmiyyətdə əxlaq, mənəviyyat kodeksinin yaşadılmasına, inkişafına çalışır, xeyriyyəçiliyi, yardımsevərliyi durmadan təbliğ edirdi. O, bütün şəhid ailələrinin, əhalinin həssas kəsiminin  sevimlisi idi. Fiziki durumu yetdiyi qədər şəhid ailələrinin evlərində olur, onların ən ağır günlərində öndə olurdu. Hacı Şahin Vətən müharibəsinin ən qanlı-qadalı vaxtlarında bütün gücünü, inamını  ortaya qoydu, xalqının içində, kədərinin də, sevincinin də düz mərkəzində olmağı bacardı. O sanki din sahəsinin sərkərdəsi kimi öz işini layiqincə yerinə yetirdi. Xalqına, dövlətinə ən lazım olduğu məqamda və yerdə özünü yetirdi.

O, qəribə və güclü fərdi təsir imkanları keyfiyyətləri olan bir insan nümunəsi idi. Kim bilir, bəlkə də müasir zəmanənin övliyası idi. Əksini kim zəmanət verə bilər. Övliyalar necə olublar ki ? Onlar da məhz belə keyfiyyətlərə sahib olublar. Hacı Şahinin o qədər təsirli şəxsiyyəti var idi ki, bəlkə də  ən qatı cinayətkar da ona qulaq asandan sonra edəcəyi əməldən peşman olar, tutduğu amansız yoldan vaz keçərdi. Nə qədər pis vərdişlərə yiyələnən gənclərin məhz onun müdaxiləsindən  sonra bu yoldan çəkindiklərini çox eşitmişik. Gəlin etiraf edək, gəlsin bütün ilahiyyatçılar, müxtəlif peşə sahibləri alimlər, müəllimlər, natiqlər, ictimai xadimlər etiraf etsin. Hacı Şahin Həsənli Azərbaycanda İslam dininin, mənəvi dəyərlərin, əxlaqın ən gözəl təbliğatçısı, maarifçisi idi.  Bu istiqamətdə o böyük müəllim idi, böyüklüyü danılmaz səviyyədə idi. Kim ki, hesab edir bu xalqın gözü tərəzi deyil, səhv edir. Bu xalq  hər şeyi, hamıdan yaxşı bilir. Kimi istədiyini, sevdiyini birbaşa deyir, gizlətmir. Bu xalq ona vəfat etdiyi gün elə bir dəyər verdi ki, bu gündə danışılır, bu gündə o izdihama baxanda tüklər ürpənir. Bu xalq onun ehtiramını hər yerdə saxlayır, insanlar onu sevir, nakam vəfatının 1 ilində də onu ehtiramla yad edir. Hacı Şahin nadir insanlardandır ki, ölümü də öldürdü. Ölümə baxışı adiləşdirdi, həyatın faniliyini dərk etdirdi, sevənlərində ölümdən qorxunu yox etdi. Bununla da ölümü ilə ölümsüzlüyə qovuşdu. Məkanı cənnət olsun.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir