Modern.az

Çiyələklərə kimyəvi dərman vurulur - XƏBƏRDARLIQ

Çiyələklərə kimyəvi dərman vurulur - XƏBƏRDARLIQ

Ölkə

Bu gün, 11:26

Hazırda ölkədə çiyələk mövsümünün ən aktiv dövrü yaşanır və bazarlarda, eləcə də satış məntəqələrində bu məhsulun bolluğu müşahidə olunur. Xüsusilə iri ölçülü, parlaq görünüşlü çiyələklərin satışa çıxarılması bəzi vətəndaşlarda məhsulun tərkibi, yetişdirilmə üsulu və sağlamlığa təsiri ilə bağlı suallar yaradıb. Sosial şəbəkələrdə və əhali arasında da çiyələyin müxtəlif kimyəvi maddələr, dərmanlar və ya hormonlarla yetişdirildiyi ilə bağlı iddialar da səsləndirilir. Mütəxəssislər isə bildirirlər ki, məhsulun tez yetişdirilməsi, uzun müddət xarab olmadan saxlanılması və daha cəlbedici görünməsi üçün bəzi hallarda müxtəlif aqrotexniki vasitələrdən istifadə oluna bilər. Bu isə istehlakçılar arasında məhsulun təhlükəsizliyi, keyfiyyətinə nəzarət mexanizmləri və insan sağlamlığına mümkün təsirləri ilə bağlı narahatlıqları artırır.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, xüsusən Bakıda fəaliyyət göstərən meyvə-tərəvəz mağazalarına daxil olan çiyələklərin böyük hissəsi fermer təsərrüfatlarından Meyvəli bazarına gətirilir.

"Meyvəli bazarında qida təhlükəsizliyi ilə bağlı laboratoriya fəaliyyət göstərir və məhsullar satışa çıxarılmadan əvvəl yoxlanışdan keçirilir. Yəni, ən azı Bakı üzrə mağazalara sənədsiz məhsulun daxil olması mümkün deyil. Məhsullar üzərində geniş testlər aparılır və təhlükəsizlik məsələsinə nəzarət edilir".

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu gün bazarlarda gördüyümüz iri, parlaq və uzun müddət xarab olmayan çiyələklər müəyyən kimyəvi təsirlərlə yetişdirilir:

"Mən təxminən 10 il əvvəl cənub bölgəsində yerləşən çiyələk plantasiyalarından birində olmuşdum. Orada 36 növə yaxın kimyəvi preparatın saxlanıldığı xüsusi otaq gördüm. Həmin preparatlar məhsulu zərərvericilərdən qorumaq, daha tez yetişdirmək və görünüşünü uzun müddət saxlamaq məqsədilə istifadə olunurdu. Şübhəsiz ki, bütün kimyəvi maddələr insan orqanizmi üçün müəyyən risk yaradır. Bununla belə, istifadə üçün icazə verilən normalar mövcuddur və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də məhz bu normalara nəzarət edir".

E.Hüseynov onu da diqqətə çatdırıb ki, insanlar bu məhsullardan həddindən artıq istifadə etdikdə onların orqanizmə uzunmüddətli təsiri ilə bağlı hər zaman dəqiq və tam məlumatlı olmurlar:

"Xüsusilə içərisində toxumu görünməyən, bıçaqla kəsiləcək qədər iri çiyələklər istehlakçılarda haqlı suallar yaradır. Buna görə də belə məhsulların həddindən artıq istehlakını doğru hesab etmirik".

E.Hüseynov əlavə edib ki, təbii şəkildə yetişdirilən çiyələklər adətən daha kiçik, yumşaq olur və hələki bazarda müşahidə olunmur:

"Kimyəvi təsirə daha az məruz qalan çiyələklər əsasən mövsümün sonuna doğru - iyul ayının sonları, avqust aylarında satışa çıxır. Amma bazar tələbi fərqlidir. Marketlər istəyir ki, məhsul uzun müddət xarab olmasın, formasını və görünüşünü itirməsin. Bu səbəbdən də istehsal prosesində müxtəlif kimyəvi vasitələrdən istifadə edilir.

Bir daha qeyd edim ki, təhlükəsizlik məsələsinə nəzarət olunur. Lakin keyfiyyət məsələsi arxada qalır, bunu heç kəs təmin etmir. AQTA bu sahəyə nəzarət edir. Ümumiyyətlə, vətəndaşlar şübhəli görünən məhsullarla rastlaşdıqları halda AQTA-nın 1003 qaynar xəttinə müraciət edə bilərlər", - deyə o qeyd edib .

Qida mütəxəssisi Fərid Səfərov isə bildirib ki, bazarda məhsul bolluğu müşahidə olunduğu bir dövrdə xsusilə iri və parlaq görünüşlü çiyələklər alıcılarda müəyyən suallar yaradır.

"Qeyd etmək lazımdır ki, hər iri ölçülü çiyələk mütləq şəkildə hormonlu və ya təhlükəli demək deyil. Bəzi növlər genetik olaraq iri olur və istixana şəraitində daha sürətli yetişdirilir. Amma məhsulun normadan artıq kimyəvi maddələrlə yetişdirilməsi və ya düzgün saxlanmaması müəyyən sağlamlıq riskləri yarada bilər.

Pestisidlərin, normadan artıq gübrələrin və bəzi kimyəvi vasitələrin nəzarətsiz istifadəsi insan sağlamlığı üçün təhlükə yarada bilər. Belə məhsulların uzun müddət və davamlı istehlakı allergik reaksiyalar, həzm sistemi problemləri, qaraciyər və böyrəklərə əlavə yük, bəzi hallarda isə hormonal balansın pozulması kimi risklərlə əlaqələndirilir. Xüsusilə uşaqlar, hamilələr və immun sistemi zəif olan şəxslər daha həssas qrup hesab olunur. Amma burada əsas məsələ məhsulun özündən çox, istifadə olunan maddələrin normaya uyğun olub-olmamasıdır".

Mütəxəssis həmçinin vurğulayıb ki, vətəndaşlar çiyələk alarkən bir neçə məqama diqqət etməlidirlər:

"Həddindən artıq iri, eyni ölçülü, çox parlaq və süni görünüşlü məhsullar şübhə yarada bilər. Təbii çiyələk adətən özünəməxsus ətirə malik olur, rəngi tam eyni olmur və tez yumşalmağa meylli olur. Əgər çiyələk günlərlə xarab olmursa, qoxusu zəifdirsə və ya iç hissəsi tam ağ qalırsa, bu, yetişdirmə və saxlanma ilə bağlı müəyyən suallar yarada bilər. Alarkən zədələnmiş, əzilmiş, kif əlaməti olan və ya həddindən artıq nəm saxlanılan məhsullardan uzaq durmaq lazımdır.

Çiyələk çox həssas məhsuldur və saxlanma, daşınma şəraitinə ciddi əməl olunmalıdır. Temperatur rejimi pozulduqda məhsulun üzərində bakteriya və kif inkişaf edə bilər. Xüsusilə isti hava şəraitində açıq şəkildə uzun müddət saxlanılan çiyələklər daha tez xarab olur. Belə məhsullar qida zəhərlənməsinə, ishal, ürəkbulanma, qarın ağrısı kimi problemlərə səbəb ola bilər. Buna görə də çiyələyi istifadə etməzdən əvvəl yaxşı yumaq, mümkün qədər qısa müddətdə istehlak etmək və soyuducuda saxlamaq vacibdir".

F.Səfərov eyni zamanda bu sahədə nəzarət mexanizmlərinin güclü olmasına da diqqət çəkib:

"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bazarlarda və istehsal sahələrində aparılan monitorinqlər, məhsullardan nümunələrin götürülməsi və laborator analizlər istehlakçı təhlükəsizliyi baxımından önəmlidir. Amma istehlakçıların da diqqətli olması, məhsulu etibarlı satış nöqtələrindən alması və gigiyenik qaydalara əməl etməsi vacib rol oynayır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?