Avropa “həddindən artıq uğurlu” yaşıl enerji siyasətinin yaratdığı gözlənilməz problemlə üzləşib. Günəş panellərinin sayının sürətlə artması enerji şəbəkələrinin istehsal olunan elektrik həcmini idarə etməsini çətinləşdirib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu yaz Almaniya, Fransa və Böyük Britaniya günəş enerjisi istehsalı üzrə rekord göstəricilər qeydə alıblar. Lakin enerji istehsalındakı artım elektrik qiymətlərinin mənfi zonaya düşməsinə və çoxsaylı günəş elektrik stansiyalarının müvəqqəti dayandırılmasına səbəb olub.
Məlumata görə, yaxın aylarda Avropa İttifaqında təxminən 40 teravat-saat elektrik enerjisinin istifadəsiz itirilməsi riski var. Bu həcmdə enerji Böyük Londonu bir il ərzində elektriklə təmin etməyə kifayət edərdi.
Problemin investorlara da təsir göstərdiyi bildirilir. Günəş enerjisi layihələrinin gəlirliliyi azalır, yeni stansiyaların tikintisi isə yavaşlamağa başlayır.
Ekspertlər qeyd edirlər ki, əsas problem günəş panellərinin çatışmazlığı deyil, enerji infrastrukturunun geri qalmasıdır. Xüsusilə elektrik şəbəkələrinin və enerji saxlama sistemlərinin mövcud gücü artan istehsalı qarşılamaqda çətinlik çəkir.
Mütəxəssislərin fikrincə, Avropaya artıq təkcə yeni günəş stansiyaları deyil, həm də akkumulyator sistemlərinə və enerji şəbəkələrinin modernləşdirilməsinə böyük investisiyalar lazımdır. Əks halda, təmiz enerji potensialının mühüm hissəsi istifadəsiz qalacaq.