Aida Eyvazlı Göytürk,
İpək Yolu Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri
Dünya od içindədir. Dünya yanır. Dünyanı yandıran isə böyük güclərin dünyanı öz aralarında bölə bilməməkləri inadıdır. Odun içərisində yanan isə sadə xalq, zəhmətkeş insanlar, körpələr və qocalardır.
Azərbaycan dövlətinin dünya düzənində, dünya xəritəsində pərvəriş tapdığı gündən yandığı, yanıldığı, viran qoyulduğu tarixlər, zamanlar çox olub. Bu münaqişənin ən uzun sürəni isə 1992-ci ildən başlayıb, 2020-ci ilin dekabrında dayandırılan Ermənistanın himayədarlarının əli ilə Azərbaycan torpaqlarında yaratdığı müharibə oldu.
Ötən 30 ildə səsimizi çox böyük platformalardan, beynəlxalq tribunalardan qaldırsaq da, haray çəksək də, bizi eşidən və görən olmadı.
30 il torpaqlarımız, yurdlarımız düşmən və erməni separatçıları tərəfindən viran qoyuldu, dağıdıldı... yenə heç kim görmədi...
Xocalı faciəsinə də göz yumdular... Bizimlə eyni vaxtda soyqırıma uğrayan Bosniya-Hersoqovina Sarayevo faciəsini dünyaya tanıda bildi. Bizi dünya tanımadı.
Avropanın beynəlxalq təşkilatlarına - ATƏT, AŞPA-ya müraciət etdik. BMT torpaqlarımızı qanunsuz zəbt edənlərə qarşı qaldırdığımız iddiaları 10 qətnamədə təsdiq etsə də, Azərbaycana aid olduğu üçün bu qətnamələrə, sənədlərə gözlərinin ucu ilə baxan olmadı.
Azərbaycan xalqı isə ədalətin nə zamansa zəfər çalacağına, öz yurdlarından didərgin salınmış, zülmlə köçürülmüş 1 milyon qaçqının haqq səsinin beynəlxalq təşkilatlarda eşidiləcəyinə ümidini itirmədi.
Adını “ATƏT-in Minsk qrupu” qoyan rusiyalı və avropalı nümayəndələr guya münaqişəni həll etməyə gəldiklərini desələr də, Azərbaycanda kabab yeyib, İrəvanda konyak içməklə öz işlərini bitmiş hesab edərək, yalnız münaqişəni yaradan tərəfə sərf edən qərarlar qəbul yazırdılar.
Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdı. Lakin Minsk qrupu bölgəyə sülh gətirmək üçün bir barmağını belə tərpətmədi.
2010-cu ildə Qazaxıstan Respublikası ATƏT-ə sədirlik edəndə, mən Astana və Almatıda keçirilən ATƏT-in Parlament Assambleyasının bütün iclaslarında jurnalist kimi iştirak edirdim. Demək olar ki, iclasların hər birində söz alıb, Azərbaycan torpaqlarının qanunsuz quldur və separtçı dəstələr, Rusiyanın köməkliyi ilə işğal olduğunu diqqətə çatdırıb, münaqişənin nə zaman həllini tapa bilməsi sualıma cavab axtarırdım. Çünki, ATƏT-in bütün iclaslarında və müzakirələrində Avropa və xristian ölkələrinə aid suallar və məsələlər həllini tapırdı, Azərbaycana, digər türkdilli və ya müsəlman ölkələrinə aid məsələlrin isə üstündən keçir, görməzdən gəlirdilər.
2010-cu ilin dekabrın 1–2-də Astanada sonuncu yekun iclası keçirildi. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etdiyi iclasda da Azərbaycanın xeyrinə bir cümlə belə yazılmadı. Azərbaycana sülh gətirmək məsələsinə mürəkkəb standartlarla yanaşdılar.
Beləcə, Avropa təşkilatlarının Azərbaycan torpaqlarında böyük güclərin yaratdıqları müharibə ocağını söndürmək üçün heç bir iş görməyəcəyinə bir daha əmin olduq.
Və biz öz gücümüz, öz ordumuz, öz əsgərimiz, öz sərkərdəmizin əzmi ilə, bizə dost olan qonşu və qardaş dövlətlərin dəstəyi ilə tarixi torpaqlarımızı geri aldıq. ATƏT Minsk qrupunun isə Azərbaycanın daxili məsələlərinə qarışmasına dövlət rəsmi surətdə veto qoydu. Minsk qrupunu “öz işinin dalınca yola saldı”. Bundan sonra, biz bir dövlət kimi regionda öz daxili problemimizi həll edə bildik.
Niyyətimiz nə idi?! Regiona sülh gətirmək. Çünki müharibədə ölənlər ATƏT Minsk qrupunun nümayəndələrinin balası deyildi. Erməninin və azərbaycanlılnın gözünün qoru ilə, min bir arzu ilə böyütdüyü balaları idi.
Bu gün erməni cəmiyyəti və rəsmi Ermənistan etiraf edir ki, onlara da sülh lazımdır. Qarabağ heç vaxt onların olmayıb.
Lakin beynəlxalq aləmin qulbeçələri, Kreml Rusiyasının ideoloqları və politoloqlarının, eləcə də bəzi Avropa siyasi dairələrinin, xüsusilə də Fransadakı müəyyən siyasi fiqurların birtərəfli və təxribat xarakterli yanaşmaları sülh prosesinə xidmət etmir.
Bu gün Cənubi Qafqazda dayanıqlı sülhün əsas təminatçısı bölgənin reallıqlarını yaradan və sabitliyə töhfə verən Azərbaycandır, bu isə nə Fransanı, nə də Rusiyanı qane etmir. Biz öz rəsmi sənədlərimizdə “Qarabağ” yazdığımız halda, Rusiyanın psevdo politoloqları hələ də “Dağlıq Qarabağ” deyir və istifadə edirlər. Rusiya heç vaxt Şimali və Cənubi Qafqaza, ümumilikdə bütün Qafqaza sülh gətirməyib. Bunu Rusiyanın qanlı caynaqları ilə Qafqqzda qoyduğu qanlı izlər və arxivlərdə rus general və zabitlərinin imzaları ilə qalan sənədlər sübut edir.
Biz Qafqaz xalqları hər zaman əl-ələ verib qonşuluqda mehriban yaşamışıq. Toyumuz, şənliyimiz, dərdimiz bir olub. Lakin bu mehribanlığı hər dəfə regionda sülh görmək istəməyənlər pozub, zəif bəndləri əllərində oyuncaq kimi oynadıb, həmin dövlətləri özlərinə dayanacaq yaratmaq üçün for-post ediblər.
400 ildən artıqdır ki, Qafqazda sönməyən kiçik və böyük müharibə ocaqlarının bitməsinə Azərbaycanın öz tarixi torpaqlarını geri almaqla qazandığı zəfər bir dərs və stimul oldu. Bu gün nəinki Qafqaz, eləcə də dünya başa düşür ki, regionda sülhün yeganə qarantı Azərbaycandır.
Biz sülhsevər insanlarla əl-ələ verib regionda sülh yaratmaq üçün bizi viran və talan edən Ermənistana hər cür kömək əlimizi uzatdığımız bir vaxtda, bəzi Avropa siyasi dairələrinin, xüsusilə də Fransadakı müəyyən siyasi fiqurların birtərəfli və təxribat xarakterli yanaşmaları sülh prosesinə xidmət etmir. Adama deyərlər ki, a kişi ev mənim, eşik mənim, sən durub Fransadan və ya Rusiyadan gəlib, mənim evimdə “böyüklük edəcəksən?”.
Lakin bu gün erməni cəmiyyəti bilməllidir ki, Rusiyanın təzyiqi ilə Ermənistanda revanşist çağırışların güclənməsi ilk növbədə elə Ermənistanın özü üçün ağır nəticələr doğura bilər və regionu yeni təhlükələrlə üz-üzə qoya bilər.
Hətta artıq Rusiya tərəfindən Ermənistanda keçiriləcək prezident seçkilərinə təhdid dolu mesajlar ötürülür.
Zəngəzur dəhlizinin açılması nəinki regiona, eyni zamanda İpək Yolu üzərində yerləşən bütün dövlətlərə yeni üfüqlər və yeni assimlyasiyalar vəd etdiyi halda, Fransa, Rusiya və İran bu dəhlizə mane olmaq istəyirlər.
Üzümüzü Qafqaz regionunda ara qarışdırmaq istəyən qüvvələrə tutub demək istəyik ki, sülhə mane olmayın, biz körpələrimizi hamının olan mavi səmanın, günəşin şəfəqləri altında xoşbəxt böyütmək istəyirik. Bizim balalarımızı qana boyamayın, həytalarını puç etməyin. İmkan verin ki, uşaqlarımızı öz doğma ocaqlarımızda rahat böyüdək. Müharibə ocaqlarını qızışdıran “şər padşahları”! Bizdən əl çəkin! Biz istəmirik ki, övladlarımız sizin inad və iddialarınızın qurbanı olsunlar. Biz cavan oğullarımızı gənc yaşında məzara qoymaq üçün deyil, Vətəni sağlam qorumaq üçün doğmuşuq! Onların toylarını, sevinclərini görmək istəyirik.
Bakı şəhəri, may, 2026.