2026-cı il “Avroviziya” müsabiqəsinin çərşənbə axşamı axşamı Vyanada keçirilən ilk yarımfinalı beynəlxalq miqyaslı əsl drama çevrildi. Burada musiqi yalnız şounun bir hissəsi idi - siyasi etirazlar, texniki problemlər və tamaşaçıların narazılığı ilə dolu bir gecə yaşandı.
Modern.az-ın məlumatına görə, səhnədə finala çıxmaq uğrunda 15 ölkə mübarizə aparırdı. Lakin diqqət mərkəzində əsasən İsrail təmsilçisi Noam Bettan oldu. O, “Michelle” adlı romantik mahnını ifa etdi. Siyasi gərginliyə baxmayaraq, 28 yaşlı müğənni finala yüksəlməyi bacardı, amma çıxışı olduqca ziddiyyətli reaksiyalarla qarşılandı.
Tamaşaçıların bir hissəsi sənətçini alqışlayaraq onun adını səsləndirirdi, digər hissə isə onu fitə basır və anti-İsrail şüarları səsləndirirdi. Qəzzada davam edən münaqişə fonunda müsabiqə yenidən beynəlxalq siyasi mübahisələrin mərkəzinə çevrildi. Buna görə də müsabiqənin tarixi rekordçularından biri olan İrlandiya da daxil olmaqla bir neçə ölkə builki şounu boykot etdi.
Təşkilatçılar əvvəlcədən bildirmişdilər ki, tamaşaçı reaksiyalarını gizlətməyəcək və ya boğmayacaqlar. Buna görə etiraz səsləri canlı yayımda açıq şəkildə eşidildi. Daha sonra Avropa Yayım Birliyi nümayəndələri təhlükəsizlik qaydalarını pozduqları üçün bir neçə tamaşaçının zaldan çıxarıldığını açıqladılar.
Lakin gecənin problemləri bununla bitmədi.
Canlı yayım zamanı ciddi səs problemləri tamaşaçıların böyük narazılığına səbəb oldu. Şou başlayan kimi sosial şəbəkələrdə keyfiyyətsiz audio ilə bağlı qəzəbli şərhlər yayılmağa başladı.
Bəzi müsabiqə fanatları texniki problemlərin gecənin güclü çıxışlarının təsirini belə azaltdığını açıq şəkildə bildirdilər.
Beləliklə, “Avroviziya-2026” yarımfinalı musiqi bayramından daha çox müasir dünya münaqişələrinin, ictimai gərginliyin və texniki problemlərin aynasına çevrildi.
Şənbə günü, 16 mayda keçiriləcək finalda tamaşaçılar Yunanıstan, Finlandiya, İsrail, Moldova, İsveç, Xorvatiya, Litva, Polşa, Serbiya və Belçikadan olan müğənniləri görəcəklər.
Milli münsiflər və televiziya tamaşaçılarının səsverməsinin nəticələrinə görə, “Avroviziya-2026” mübarizəsindən Estoniya, Gürcüstan, Monteneqro, San Marino, Portuqaliya mübarizədən kənar qaldı .
Finala vəsiqə qazanan digər 10 iştirakçı isə cümə axşamı, 14 mayda keçiriləcək ikinci seçmə turunun nəticələrinə görə müəyyən ediləcək.
Finala isə avtomatik olaraq Böyük Britaniya, Almaniya, İtaliya və Fransa kimi müsabiqənin əsas maliyyə dəstəkçiləri olan ölkələr, həmçinin əvvəlki “Avroviziya”nın qalibi olan ölkə - Avstriya birbaşa vəsiqə qazanıb.