“Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq münasibətlərinə əsaslanır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir. Bugünkü münasibətlərimiz də böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır”.
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Türkiyə və Azərbaycanın münasibətləri möhkəm təməllərə malikdir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Prezident İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə həmişə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirib. Fatma Yıldırım qeyd edib ki, hər iki ölkənin iqtisadi potensialı qardaşlığımızın da gücünü və qüdrətini artırır:
“Bu gün işğaldan azad olunmuş Qarabağın bərpasında Türkiyə şirkətləri yaxından iştirak edir. İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək sözün həqiqi mənasında təmənnasız qardaşlığın təntənəsi idi. Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi”.
Fatma Yıldırımın fikrincə, siyasi müstəvidə də əməkdaşlığımız uğurla inkişaf etməkdədir:
“Bu il 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə olub. Bu səfər hər iki ölkənin hakim partiyaları arasında uzun illərdir davam edən əməkdaşlığın yeni mərhələyə qədəm qoymasının göstəricisidir. İyun ayının 2-də partiyalar arasında əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edə bilər. Partiya liderləri arasında olan dostluq münasibətləri YAP və AKP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. Dostluq və qardaşlıq əlaqələri ölkələrimiz arasında digər sahələrdə olduğu kimi hakim siyasi partiyaların münasibətlərində də nümunəvi məcrada dinamik şəkildə inkişaf edəcək. YAP və AKP arasında imzalanmış niyyət protokolu iki qardaş ölkənin hakim partiyaları arasında çoxistiqamətli əlaqələrin daha da inkişaf etdirilməsi milli ideologiyaların inkişafına, birgə sosial layihələrin işlənib hazırlanmasına, qarşılıqlı təcrübə mübadilələrinə, eləcə də millət vəkillərinin beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyəti üzrə koordinasiyanın yaradılmasına təkan verəcək”.
Deputat həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünlərdə Şuşaya ailəsi ilə birlikdə gedəcəyini bəyan etməsinə münasibət bildirərək deyib ki, bu xəbər bizi çox sevindirdi:
“Türkiyə Vətən müharibəsində olduğu kimi, ondan sonra da bizim yanımızdadır. Hesab edirəm ki, cənab Ərdoğanın bu səfəri tarixi hadisə olacaq”.