Amerikalı ermənilərin uzun sürən mübarizəsinə baxmayaraq, “Ağ ev”in fövqəladə və səlahiyyətli səfiri kimi Bakıya gəlməyə nail olan Metyu Brayzanın gəldiyi gündən əl-ayağının yerə dəymədiyini hamımız xeyli vaxtdan bəridir ki, müşahidə etməkdəyik. Metyu Brayza gah media və ictimaiyyət nümayəndələrini başına toplayıb tonqaldan atlanaraq Novruz şənliyi keçirib ondan evvəlki səfir Enn Dersinin yerişini yeriməyə çalışdı. Gah da rayonbarayon gəzərək özünü Azərbaycan xalqının “dostu” kimi təqdim etməyə çalışdı. Əslində bir səfirin, özü də ABŞ kimi düynanın supergücü sayılan bir ölkənin təmsilçisinin sadə davranışı və getdiyi ölkə, onun əhalisi ilə yaxından tanış olmasında pis heç nə yoxdu. Amma bir şərtlə ki, gəldiyin və çörəyini yediyin ölkəyə qarşı niyyətin pis olmasın.
Elə bu günlərdə bir çox Azərbaycan insanının hələ də adını eşididib, maddi çətinlikləri ucbatından gedib gözdolusu görə bilmədiyi cənnətməkan guşələrimizdə gəzintidə olan Metyu Brayza gördüyü gözəlliklərdən o qədər vəcdə gəlib ki, ürəyindəki “arzusu”nu dilə gətirməkdən belə çəkinməyib. Azərbaycanda yaşayan azsaylı xalqların bəzi nümayəndələri ilə görüşən ABŞ səfirinin “İnanıram ki, gün gələcək ermənilər Bakıdakı erməni kilsəsində rahat ibadət edəcəklər”- söyləməklə Azərbaycana və azərbaycanlılara qarşı öz münasibətini ortaya qoymuş oldu. Bu açıqlama ilk baxışda öz din qardaşlarının xiffətini çəkən səfirin Bakıda ermənilər üçün bərk darıxdığı qənaəti yaratsa da, əminəm ki Brayza Bakıda ermənilərin sayının çox olduğunu bilməmiş deyil. Görünür Brayza üçün burdakı ermənilərin sayı yetərli deyil. Yoxsa o, ermənilər barəsində bu qədər nisgilli danışmazdı.
Məsələnin bizə görünən digər tərəfi isi Brayzanın içindəkiləri dilinə gətirməklə onun kimliyini bir daha ortaya qoyması oldu. Nədən ki, Metyu Brayza Azərbaycana səfir təyin olunana qədər nə hansısa heyvandarlıq təşkilatının işçisi olmayıb, nə də Rusiyanın ATƏT-in Minsk qrupuna həmsədrliyə göndərdiyi səfirləri kimi hansısa Afrika respublikasında işləyib gəlməyib ki, Qarabağ savaşı və bu savaşda kimin haqlı, kimin haqsız olduğunu bilməmiş olsun. Metyu Brayza bu problemi nəinki detallarına qədər bilir, üstəlik o özü diplomat fəaliyyətinin bir neçə ilini mənasız və nəticəsiz Qarabağ danışıqlarında çürüdüb. Brayzaya Azərbaycan reallıqları da yaxşı məlumdur.
Amma mənə maraqlı gələn odur ki, əgər hörmətli səfir ermənilərin Bakıya dönməsini insanlıq və humanist prinsplərə dayanaraq söyləmişsə, onda niyə həmin dəyərlər bir neçə il əvvəl o, ATƏT-in Minsk qrupunda həmsədr kimi işləyəndə yadıma düşmürdü. Hər halda Brayza Qarabağ səfərlərində işğal olunmuş Azərbaycan torpaqlarında ermənilərin nə kimi vəhşiliklər törətdiyini görməmiş deyil. Onun heç nəyi görməsə də Şuşadakı məscidin vəziyyətindən “xəbərsiz” olması inandırıcı deyil. Nədənsə o zaman Brayzanın yadına nə insani, nə də humanist dəyərlər düşməmişdi. Heç o Şuşa məscidində azərbaycanlıların gəlib öz tanrılarına ibadət etməsini də arzulamamışdı. Sən demə, indi Metyu Brayza Bakıda oturub ermənilərin xiffətini çəkirmiş.
Ermənilər hələ evvəldən bizim gəzməli görməli yerlərimizi gördükcə içindəki məkrlərini üzə verib “Sizdə olandan niyə bizdə də yoxdu?”- deyib çörəyimizi yeyə-yeyə bizə xain çıxdılar. Amma hörmətli səfirin danışığından belə görürəm ki, deyəsən erməniləşən dünyada çoxları bizə elə ermənilərin nəzər-nöqtəsindən yanaşır.
Metyu Brayza da, onun kimi ermənilərin qayğısına qalanlar da bilməlidirlər ki, onlar Bakıdakı kilsədə ermənilərin ibadətini görmək istədikləri kimi, biz də vəhşi ermənilər tərəfindən xarabazarlığa çevrilmiş olsa belə torpaqlarımızı, Şuşamızı istəyirik.
Sonda isə Metyu Brayzanın erməniləri Bakıda görmək arzusuna bircə cümlə ilə cavab verərdim. Baxmayaraq ki, həmişə öz leksikonumda belə ifadələr işlətməkdən uzaq olmuşam. Amma bu dəfə səfirə “Arzun ürəyində qalsın”- deyirəm.