Onlara məşhur Sabançı Universitetində pulsuz oxumaq təklif edildi
Azərbaycanda ali məktəblərə keçirilən builki qəbul imtahanlarında 700 bal toplamış abituriyentlər üçün yaxşı imkan yaranıb. Onlar Türkiyənin məşhur Sabancı Universitetində pulsuz təhsil ala bilərlər. Bu imkan Sabancı Universiteti və Azərbaycanda fəaliyyət göstərən Akademi Təhsil Qurumlarının əməkdaşlığı nəticəsində yaranıb.
Məlumatı Modern.az saytına Akademi Təhsil Qurumlarından veriblər. “Bununla 700 bal toplayan abituriyentlərimizə tam dəstək veririk!”-deyə Akademi Təhsil Qurumlarından saytımıza bildirilib.
“700 bal toplayan abituriyentlərimiz Sabancı Universitetində tam ödənişsiz təhsil alacaqlar. Onlara veriləcək təqaüdə universitetin xarici tələbələr üçün 15 000 ABŞ dolları olan təhsil haqqı və yataqxana daxildir. Proqrama müraciət etmək istəyən abituriyentlər Akademi Təhsil Qurumları ilə əlaqə saxlaya bilərlər (əlaqə tel: 0124498156)”- Akademi Təhsil Qurumlarının nümayəndəsi Modern.az-a açıqlamasında qeyd edib.
Xatırladaq ki, yenicə başa çatan ali məktəblərə builki qəbul imtahanlarında cəmi 4 abituriyent test kitabçasındakı bütün 125 sualın hamısına düzgün cavab verməklə 700 bal toplayıb. Bunlar Bakıdakı “Zəkalar liseyi”nin məzunu Əli Əliyev, 299 saylı orta məktəbin məzunu Xavər Feyzullayeva, 169 saylı məktəbin məzunu Ləman Məmmədova və 263 saylı məktəbin məzunu Cahandar Camallıdır.
Modern.az