Modern.az

Fihuş, yoxsa ..?

Fihuş, yoxsa ..?

Country

12 Sentyabr 2011, 10:00

Koroğlunu çaya təpər..?

Dövlət dilinin Azərbaycan dili olduğu ölkəmizin ən tirajlı qəzetinin manşetində iri hərflərlə FİHUŞ sözünü oxuyanda səhər-səhər xeyli düşünməli oldum. Və yazını oxuyandan sonra söhbətin əxlaqsız qadınlardan getdiyi mənə məlum oldu. Yəni FİHUŞ və FAHİŞƏ sözləri eyni köklüdür. Təvəzökarıqdan uzaq olsa da, düşündüm ki, Məşədi İbad demişkən, Tarixi-Nadiri yarıya qədər oxuyan, klassik ədəbiyyatımızda tez-tez işlənən ərəb-fars mənşəli sözlərdən az-çox baş çıxardan mən FİHUŞ sözünü başa düşməyə çətinlik çəkirəmsə, gör minlərlə adi oxucu necə baş sındırmalı olur. Digər tərəfdən doğma dilimizdə FİHUŞ və FAHİŞƏ sözünün hamı tərəfindən başa düşülən qarşılığı olduğu halda biz niyə özümüzü dağa-daşa salırıq? Bunun səbəbi nədir? Biz niyə FAHİŞƏ sözünün dilimizdəki uğurlu qarşılığını işlətməyə utanırıq? Hansı ki, səhərdən axşamacan seyr etdiyimiz qardaş türk xalqının seriallarında bu sözü rahatlıqla dinləyirik. Bəs özümüz niyə işlətmirik və çoxumuzun anlamadığı FİHUŞ sözündən istifadə edirik. Biz nədən utanırıq? Biz doğrudanmı, belə utancaq millətik?

Dilin başına olmazın oyunlar açmağa bizə kim ixtiyar verib?

Söhbət təkcə FİHUŞ sözündən getmir. Belə olsaydı dərd yarı idi.

Böyük şairimiz Şəhriyarın  “Heydər baba, gün dalını dağlasın” misrasını dəyişdirib “Heydər baba, gün belini dağlasın” şəklində orta məktəb dərsliklərinə salmaq hansı məntiqə söykənir? Birincisi, dağ boyda Şəhriyarın dilini redaktə etməyə kimin haqqı var? İkincisi və ən önəmlisi odur ki, hansı səviyyəsiz və gerizəkalı dilimizdən DAL sözünü çıxarda bilər. Nə vaxtdan DAL sözünü işlətmək qadağan olunub? Bunu kim qadağan edib?

Böyük Səməd Vurğunun “Çadrasız-boyasız türk qızlarından, Salam gətirmişəm Stalinə mən”  ( bu başqa məsələdir ki, türk əxlaqında anadan-bacıdan, qızdan-gəlindən yad kişiyə salam söyləmək yoxdur)  misrasındakı “türk qızları” ifadəsini “şərq qızları” ilə əvəz edən sovet redaktorunu haradasa başa düşmək olardı. Çünki sovet ideologiyası türk sözünü az qala qadağan eləmişdi. Bəs bu gün?

Müstəqilliyinin 20 illiyini qeyd etməyə hazırlaşan Azərbaycan dövlətində məgər “BASMAQ” sözü qadağan olunub? Bu söz dilimizdən çıxardılıb? FİHUŞ-u, DAL-ı başa düşdük, bəs BASMAQ?

Bir həftə öncə telekanallardan birində “SAVALAN” musiqi qrupunun kişi üzvlərindən birinin ifasına qulaq asarkən həm xeyli ləzzət aldım, həm də...

Azərbaycanda az qala kökü kəsilməkdə olan əsl kişi səsi, boy-buxun, bizim ağlaşma-mərsiyələrdən uzaq olan əzəmətli bir ifa və ... rəzalət.

Müğənni “Hay deyəndə haya basar, Huy deyəndə huya basar, Koroğlunu çaya basar, Giziroğlu Mustafa bəy” əvəzinə “Haya təpər...Huya təpər...Koroğlunu çaya təpər...” oxuyur. Görəsən, BASAR sözünü TƏPƏR sözü ilə əvəz etmək müğənninin ağlına haradan gəlib? Yaxşı, müğənnini dinləyən bəstəkar, telekanal rəhbərliyi nə düşünüb? Doğrudanmı, bunlar hamısı eyni ağlın, eyni səviyyənin sahibləridir?

Bu cür misalları daha artırıb oxucunu yormaq istəmirəm. Mənim gəldiyim nəticə odur ki, çoxlarına bəlkə də xırda görünən bu detalların arxasında dəhşətli bir bəla var: Biz, bir millət olaraq heç nəyi ÖZ ADI  ilə çağıra bilmirik. Ona görə də millətə heç bir dəxli olmayana millət vəkili, xalqın var-dövlətini oğurlayan dələduza nazir, ləçərin birinə xalq artisti, atasından xəbəri olmayana El Atası deyirik...           

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı