Modern.az

Ben Ten nəsli

Ben Ten nəsli

کشور

16 Sentyabr 2011, 09:57

Özbəkistan prezidenti İslam Kərimov bu ilin əvvəlində bir açıqlamada bulunaraq ölkəsində balaca uşaqlar üçün hazırlanan oyuncaqların milli olmasını təkidlə tələb etdi. Prezident elə belə də dedi: “Özbək balaları bizə yad olan deyil, özbək obrazlarını əks etdirən oyuncaqlarla oynamalıdır!” Təbii ki, qardaş Özbəkistanda prezidentin bir sözünü iki etmək üçün heç imkan olmadığına görə, onun bu çağırışı diqqətə alınma şansına sahibdir…

Artıq dərs ili başlandı. Bəndəniz də uşaqlar üçün alış-verişə başladığında, İslam Kərimovun oyuncaqlarla bağlı açıqlamasını dəfələrlə xatırlayaraq onun atasına rəhmət oxumalı oldu…

Məktəb bazarında hər şey var. Ancaq milli deyə biləcəyimiz, demək olar ki, heç nə yoxdur. Adi 12 vərəqli dəftərlərin üstündə indiki uşaqların anlamadığı bir dildə və əlifbada “Tetrad” və başqa sözlər yazılıb. Türk dilində yazılan dəftərlərin üstündə isə lüt qız şəklinə qədər məktəb uşaqlarının əxlaqını pozmağa hesablanmış, onları milli kimliyindən uzaqlaşdırmaq üçün hazırlanmış hər cür təsvirə rast gəlmək olar.

Məktəbli çantaları da eyni durumdadır. Üzərində itdən tutmuş hörümçək adama, quru qafadan tutmuş vampirlərə qədər hər şeyin şəkli var! Qorxu, anlaşılmazlıq, yadlaşdırma kimi amillər üçün bu çantalar yüzdə yüz yararlıdır! Azərbaycana, türklüyə aid olan heç bir təsvirin olmadığı çantalar nə qədər istəsən! Di gəl Azərbaycan uşaqlarında milli mənlik şüurunu möhkəmləndirəcək heç bir şey yox! Bu gedişlə bu millət on il sonra bitər, yox olar! Məktəbə gedən uşaq içindəki dəftərlərin üzərindəki kimi çantaların üzərində də millətə dəxli olmayan təsvirləri daşımaqla və hər gün onları yaddaşına yazmaqla böyüməkdədir!

Hələ bu cür dəftərləri və çantaları istehsal edib satanlar arasında iddiası ilə diqqət çəkən dini bağlantılı bir şirkət də var. Bağımsızlığımızın ilk illərində Azərbaycana rahat bir şəkildə ayaq açaraq özünə yaxşıca yer eləməyi bacarmış nurçu təriqətinə bağlı olduğu bilinən həmin şirkətin
istehsal etdiyi dəftərlərin üzərində yuxarıda qeyd etdiyimiz antimilli və islama zidd təsvirlər istənilən qədərdir. Halbuki həmin bu nurçular özlərini İslam dininin gerçək ardıcılları kimi qələmə verməkdədirlər…

Artıq Azərbaycanda “Ben Ten nəsli” (bu ifadəni də mən icad etdim – A.H.) yetişməkdədir. Ən kiçik uşaqlarımızın tərtəmiz beyinlərinə bir yandan TV kanallarımız, digər yandan da məktəb ləvazimatı satanlarımız antimilli yaddaş hopdurmaqdadır. Bu ölkənin başbilənləri, məsulları hara baxır axı? Bu gedişin bizi hara aparacağını heçmi düşünən yox?

Məncə, məsələyə diqqət ayırmalı olanlar belə şeyləri dərk etmədiklərindən millət bəlirsizliyə sürüklənməkdədir. Və buna görə də prezident İlham Əliyev duruma əl qoymalıdır. Problemin başqa çözüm yolunu təsəvvür etmək belə çətindir.

Bu il təəccüb doğuran bir də “Bakı Tikiş Evi” adlı fabrikin tikib satdığı məktəbli geyimlərinin üzərindəki şevrondur. Bu şevron yetərincə diqqət çəkəcək böyüklükdə məktəbli pencəklərinin qoluna tikilib. Və üzərinə “BTE” (yəni Bakı Tikiş Evi – A.H.) yazılıb. İndi sual olunur: niyə bütün Bakı məktəbliləri bu fabrikin rəmzini üzərlərində daşımalıdır? Onun yerinə Təhsil Nazirliyinin müəyyən etdiyi və təhsilə birbaşa dəxli olan bir rəmz düşünülüb paltarın üzərinə tikilə bilməzdimi? Bu il keçdi, gələn il məsələnin üzərinə qayıtmaq olar.

Qeyd: Ben Ten çox geniş yayılmış və nə Azərbaycana, nə də türklüyə və hətta islama dəxli olmayan bir cizgi filmi obrazıdır ki, böyüməkdə olan uşaqlarımız hansı kanalı çevirsələr onu orada görürlər…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı