Modern.az

Rüsvayçılığın bir addımlığında...

Rüsvayçılığın bir addımlığında...

Country

10 Oktyabr 2011, 13:45

Sovet İttifaqı və Türkiyə Xalq qəhrəmanlarının Azərbaycanda etinasızlıqla üzləşən kiçik nəvəsinə Türkiyənin məhşur  TV-lərindən dəstək gəldi

Tovuz şəhər sakini, 37 yaşlı Aqşin Musayev redaksiyamıza ünvanladığı məktubda övladının ağır xəstə olduğunu və müalicə etdirmək üçün heç bir imkanı olmadığını yazırdı. Araşdırdıq, onun oğlu Ülfət anadangəlmə ürək qüsuru ilə doğulub. 9 yaşlı Ülfət Musayev 1 ildən artıqdır ki, daha da şiddətlənən xəstəliyin pəncəsindədir. Ata övladının həyatının risk altında olmasından narahatdır.

Övladının müalicəsi üçün olan-olmazını, evinin bütün dəyərli əşyalarını satdığını deyən Aqşin Musayev bunun bir xeyri olmadığını deyir. Uşağın sağalması üçün daha çox vəsaitə və daha yaxşı müalicəyə ehtiyacı var.

Qeyd edək ki, Aqşin Musayev Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayevin nəvəsidir. Mərdan Musayevin büstü 2 digər tovuzlu Sovet İttifaqı Qəhrəmanı ilə yanaşı, Tovuz şəhərindəki Qəhrəmanlar Parkında ucalır, şəhərdə adına küçə və rayonda digər obyektlər də var.

Mərdan Musayevin böyük qardaşı Şahinalı Musayev isə Türkiyənin xalq qəhrəmanıdır. Türkiyədə Aynalı Şahin adı ilə tanınan Şahinalı kişi Qurtuluş Savaşında böyük qəhrəmanlıqlar göstərib və Çanaqqala uğrunda döyüşlərdə ad çıxarıb. Bu qəhrəmanlığına görə Mustafa Kamal Atatürk tərəfindən xüsusi mükafata layiq görülüb.

Qəhrəmanların nəvəsinin 1 ildir ki, döymədiyi qapı, müraciət etmədiyi qurum qalmayıb. Amma heç bir yerdən kömək olmayıb. Yalnız bir ünvandan ümid işığı yanıb, təəssüf ki, bəzilərinin məsuliyyətsizliyi üzündən bu nəcib hərəkət də nəticəsiz qalıb.

2010-cu il dekabr ayının sonlarında Aqşin Musayev həm Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, həm də millət vəkili Tovuzdan seçilmiş Qənirə Paşayevaya məktub ünvanlayıb. Hər iki məktuba cavab aldığını deyən Tovuz sakini Fonddan verilən tövsiyyə məktubu ilə uşağı Bakıya gətirdiyini, amma uşağın göstərişdə olduğu kimi əsaslı müayinə edilmədiyini deyir.

Ülfətin müalicəsinin Bakıda mümkün olmadığını deyən həkimlər ona Türkiyəyə getməyi məsləhət görmüşdülər. Mediada Ülfətin durumu haqqında materiallar hazırlayıb yayımlasa da, heç nə dəyişmədi. Azərbaycanın bütün imkanlı, salahiyyəti yetən insanlarına müraciət ünvanlandı, amma heç biri nəticə vermədi.

Ülfətin böyük babası Çanaqqalada qəhrəmanlıqlar göstərib və orada şəhid olub, Aynalı Şahin kimi tanınan qəhrəmanı Atatürk Türkiyənin xalq qəhrəmanı elan edib.

Məhz bu üzdən Aynalı Şahinin nəvəsinin bu durumda olmasına Türkiyədən reaksiya verildi. Türkiyənin iki böyük kanalı- Kanal D və Show Tv Ülfət haqqında veriliş hazırlamaq və efirdən yardım çağırışı etmək istəyirlər. Ülfətin adına bank hesabı açılacaq və Türkiyə xalqı bacardığı köməyi edəcək.

Bu xəbər sevindirici olsa da, bizi bir az məyus etdi. Azərbaycan kimi bir dövlətdən kiçik bir uşağın müalicəsinə dəstək verən olmadı, nə dövlət, nə də maddi imkanı yaxşı olanlar. İndi Ülfət Türkiyəyə gedib efirə çıxsa, Türkiyə xalqı düşünməyəcəkmi ki, Azərbaycanda bir neçə min manat tapılmadı bu uşağı əməliyyat etdirməyə?

Bu rüsvayçılığa yol verməmək üçün Ülfətin validenylərinə daha bir neçə gün gözləməyi məsləhət gördük. Bəlkə kimsə xeyirxahlıq göstərin onun müalicəsinə yardım etdi, ya da Səhiyyə Nazirliyi uşağın müalicəsini öhdəsinə götürdü.

Biz vətənimiz və xalqımızın azadlığı uğrunda canını qoymuş bir şəxsiyyətin- Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayevin nəvəsinə kiçik bir məsələdə yardım edə bilmiriksə, heç olmasa ümid etmək olar ki, Türkiyə öz xalq qəhrəmanının nəvəsini darda qoymaz.

Lakin yaxşı olardı ki, Ülfətin müalicəsinə özümüz yardım edək. Əgər bu baş verməsə, onda yaxın günlərdə nüfuzlu Türkiyə televiziyalarından Azərbaycandan gəlmiş uşağın müalicəsinə yardım kampaniyasının başlamasını seyr edəcəyik. Xəcalət çəkə-çəkə...

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı