Mütəxəssislər bildirirlər ki, məktəbdə müəllim təkcə öyrədən yox, həm də hami rolunu oynayır. Bu halda kişi müəllimlərin təsir gücü daha böyükdür. Müşahidələr son 20 ildə Azərbaycanda müəllimliyin əsasən qadın peşəsinə çevrilməsi prosesinin intensivləşdiyini göstərir. Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanın ümumtəhsil məktəblərində 173 mindən çox müəllim çalışır. Onlardan 138280 nəfəri (79,9%-i) ali təhsilli, 1270 nəfəri (0,7%) natamam ali təhsilli, 33303 nəfəri (19,2%) orta ixtisas təhsillilər, 271 nəfəri (0,2%) orta təhsillidir. Hazırda Təhsil Nazirliyi sistemində işləyən müəllimlərdən 126314 nəfəri qadındır ki, bu dan ümumi pedaqoji işçilərin 72,96%-i deməkdir. ABŞ, Yaponiya və digər inkişaf etmiş ölkələrdə ibtidai sinif müəllimlərinin 40%-ə qədəri, yuxarı sinifdə dərs deyən müəllimlərin 85%-ə qədəri kişilərdir. Azərbaycanda ibtidai siniflərdə dərs deyən kişi müəllimlər barmaqla sayılacaq qədərdir.
Bu faktorun çox ciddi olması və gələcəkdə müəllim hazırlığı sahəsində islahatlar zamanı nəzərə alınması vacib sayılır. Təhsil sahəsi üzrə ekspertlər deyirlər ki, Azərbaycanda oğlanların müəllimlik ixtisaslarına həvəsləndirilməsi sahəsində əsaslı dönüş yaradılmalıdır.