Modern.az

Naxçıvan MTN-də işgəncələrə məruz qalan gəncin ölümü deputatı da dilləndirdi (VIDEO)

Naxçıvan MTN-də işgəncələrə məruz qalan gəncin ölümü deputatı da dilləndirdi (VIDEO)

Country

6 Dekabr 2011, 16:02

Naxçıvan MTN-də saxlanılarkən dünyasını dəyişmiş Turac Zeynalovun ölümü ilə bağlı millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadəyə müxtəlif mətbu orqanlardan ünvanlanan suallara o, münasibət açıqlayıb. Deputatın mətbuat xidmətindən verilən məlumata görə, Ç.Qənizadə hüquq müdafiəçisi olaraq digər həmkarları - Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri ilə birlikdə bu işi nəzarətdə saxladığını bildirib:
“Turac Zeynalovun ölümündən sonrakı videogörüntülərinin mətbuatda yayılmasından sonra belə hesab edirəm ki, bu görüntülərə baxan hər bir vəzifəli şəxs  vicdanının səsi və qanunun tələbi ilə bu işin obyektiv araşdırılmasında maraqlı olmalıdır. Videogörüntülərdən görünür ki, fiziki cəhətdən sağlam və cüssəli olmuş mərhum Turac Zeynalovun bədəninin müxtəlif nahiyələrində çoxsaylı xəsarət izləri vardır. Həddən çox suallara aydınlıq gətirilməlidir. Bu xəsarətlər harada və kim tərəfindən yetirilmişdir? Həbsindən bir gün sonra ailəsi ilə görüşərkən çətinliklə yerimək iqtidarında olan (ailəsinin bildirdiyinə görə) mərhum bir gün ərzində niyə bu hala düşmüşdür? Həqiqətən də MTN işçiləri tərəfindən “tərbiyələndirmək” üçün bir-iki şillə vurulması etirafı olmuşdurmu? MTN-də saxlandığının 4-cü günü dünyasını dəyişməsinin əsl səbəbi nədir? Nə üçün ölümündən sonra onun ailəsinə təzyiqlər başlanmışdır? Bütün bu suallar cavabını tapmalıdır”.

Deputat Turac Zeynalovun ailəsinə və yaxınlarına edilən bütün təzyiqlərə son qoyulmasını tələb etdiyini bildirib. Eyni zamanda Azərbaycan Respublikası Prokurorluğundan mərhumun  ölümündən sonrakı videogörüntüsünün və ailə üzvlərinin təzyiq altında hansısa sənədlərə imza etdiklərini etiraf etdiklərini nəzərə alaraq yeni açılmış hal kimi bu faktların tam və hərtərəfli obyektiv araşdırılmasını xahiş edib: “Unutmayaq ki,  Azərbaycanın işgəncələr əleyhinə qoşulduğu beynəlxalq konvensiyalar və Azərbaycan qanunları da bunu bizdən tələb edir”.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı