Modern.az

Yas yerində qonaqlıq

Yas yerində qonaqlıq

Country

19 Yanvar 2010, 11:34

ALLAH SİZƏ RƏHMƏT ELƏSİN ÖLÜLƏR, SİZİN RUHUNUZ ŞAD, BİZİM QARNIMIZ TOX OLSUN!

Şokalad, qənd, üzüm, mandarin, armud, «Bonaqua», «Sirab», fıstıq, xurma, halva, qoğal, badambura, marmelad, dovğa, pomidor, xiyar, xiyar turşusu, kələm turşusu(ağ və qırmızı rəngdə), göyərti, pendir, çörək - təndir və lavaş, plov, aş qarası, kişmiş və qaysı qovurması, axırda da diş qurdalamaq üçün çöp. Ay Allah, ürəyim üzüldü bunları yazıb qurtarana kimi. Ərz eləyib qısa açıqlama vermək istəyirəm ki, adların çəkdiyim bu 18 növ təamın hamısı bir məclisdə süfrəyə düzülür. Hansısa bir əcnəbiyə desən ki, bunlar bir müsəlmanın yas məclisində, yəni, el dili ilə desək, hüzr yerində süfrədə olur, əlbəttə, kefli İsgəndərsayağı bizi lağa qoyub gülərlər.
XXI əsrə qədəm qoyandan bəri adam yas mərasimində çadıra ayaq basanda kədərlənmək əvəzinə, deyib-gülmək istəyir. Nədənki, yas çadırında yaradılmış VİP şəraiti görəndə, masanın üzərinə düzülən təamlara nəzər salanda, əlbətdə, hamının üzü gülməlidir. Ondan ötəri ki, soyuqda donan adam çadırda qaz peçlərində isinir, qəşəng pürrəngi çay içir, üstəlik, çayın yanında halva, fıstıq, şokalad, qənd, daha nə bilim hansı təam desən, olur. Yayda yas çadırlarında kondisioner də qururlar.
O zaman deyin görək yas mərasimi üçün qurulan «palatka»da adamın üzü gülməlidir, yoxsa ağlamalı? Əlbətdə, gülməlidir...
Çadıra ayaq basan kimi görürsən kişilər yığışıb bir tərəfə, dollardan, qızıldan danışırlar, onu buna satırlar, bunu ona sırıyırlar, vur-hay pul qazanırlar. Bir kənarda rəhmətə gedənin qohumları oturub, üzlərindən kədər yağır, ya da masaya düzülən təamları acgozlüklə nuş eləyənlərə ikrah hissi ilə baxıb, əsəblərindən dodaqlarını gəmirir və fikirləşirlər ki, "bunlara bax, elə bil toya gəliblər, necə də tıxırlar, utanmazlar". Acgozlüklə nuş eləyənlər də onların üzünə baxıb fikirləşirlər ki, "ay yetim, axı sənin nəyinə gərəkdir ki, bu süfrəyə 18 adda təam düzmüsən? Borcun içində üzürsən, gözümüzün içinə də elə baxırsan ki, az qalırsan deyəsən ki, ay acgözlər, yeməyin mənim dədəmin ehsanından, bunları süfərəyə yemək üçün yox, reklam üçün düzmüşük".
Düz oxudunuz, məhz reklam üçün. Yas məclislərinin reklamı. Bəzi tanınmış insanlar var ki, danışanda adam deyir, bərəkallah, yaxşı danışdı. Həmişə yas məclislərindən söhbət düşəndə bu adamlar deyir ki, bəli, dəbdəbəli yas məclislərinə ehtiyac yoxdur, bu qədər təamı süfrəyə düzmək lazım deyil, din belə deyir, ayələr belə buyurur, surələr buna icazə vermir. Amma Allah hamının ölənlərinə rəhmət eləsin, mən həmin adamlardan bəzilərinin əzizinin yas məclisində iştirak eləmişəm və süfrədə barmaq qoymağa yer tapmamışam. Yuxarıda qeyd elədiyim siyahıda banan, kivi, ananas yox idi, amma həmin məhşur adamların məclisində onlar da olub.
Yas məclisində oturan kimi yan-yörəyə göz gəzdirirsən. Hamı telefonlarını stolun üstünə düzüb reklam eləyir, heç kəs də telefonun səsin almır. Biri harasa zəng eləyib «xod gedir».
- Ayə, get Əhmədin yanına, 20 mini ondan al, apar ver Əliyə, rəisə də denən mən burda yoxam, nazirin qardaşı zəng eləmişdi, dedim, başım qarışıqdı, sonra danışarıq.
Həmin adamın telefonuna mesaj gəlir, mesajın səsi isə aktyor Elməddinin «Bay, bay, bay, sənə də mesaj gələrmiş» sözləri ilə başlayır. O saat hiss olunur ki, bu bəy çox ciddi bir iş adamıdır.
O biri adam yanındakına deyir ki, "yaxşı «Mercedes» var, yaman gündə idi, amma elə düzəldiblər ki, heç nə hiss olunmur, müştəri tap, sataq, sənin də hörmətini eləyəcəm".
Süfrəyə yemək gəlir. Molla ofisantlara deyir ki, "birinci turşunu gətir". Düzü, mən heç başa düşmədim ki, turşu mollanın nəyinə gərəkdir. Nə isə, yemək gəlir, qaşıqlar şaqqıldana-şaqqıldana təamları içəri ötürür. Tez yeyib qurtaranlar dərhal mollaya işarə edirlər ki, "fatihə ver, biz gedək". Molla da ağzından düyü tökülə-tökülə cavab verdi ki, "hələ gözlə, yemək yeyən var".
Birazdan fatihə verilir, hamı qalxıb çadırı tərk eləyir, bayırda dayanıb siqaret çəkirlər, sonra da qarınlarını sığallaya-sığallaya hüzr yiyələrinə yaxınlaşıb, «Allah rəhmət eləsin» deyirlər və bu da olur bizim yas mərasimimiz.
Kimsə mənim yazdıqlarımda yas mərasiminə aid nəsə hiss elədisə, mən daha bu mövzuda bir də yazı yazmayacam və yas mərasimlərinə getməyəcəm. Getsəm də dilimi dinc qoyacam.

P.S. Mənim bir qonşum var, adı Arzumandır. Əvvəllər çəkməçi işləyirdi. Sonradan çəkməçi «toçka»larının sayını artırdı, öz yerinə başqalarını işlətməyə başladı. İndi isə yas çadırlarının kirayəsi ilə məşğul olur, çox hörmətli bir insana çevrilib. Nə vaxt desən ki, "sənətkar, xəbərin var, filankəs xəstələnib?" O saat Arzumanın gözü gülür və əlini əlinə sürtə-sürtə cavab verir ki, «çox yaşamayacaq, gərək onun «adres»ini öyrənim».


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı