Modern.az

Hər “Yox”un yanında bir “Hə” var...

Hər “Yox”un yanında bir “Hə” var...

Country

11 Oktyabr 2012, 10:58

Bəlkə ölənin dalınca ağlamaq lazım deyil, elə gülmək gərəkdi. Nə olsun, kimsə, nə vaxtsa ağlamağı icad eləyib.

Mənə elə gəlir ki, mən bir neçə dəfə doğulub, ölmüşəm. Və hər dəfə doğulmağım Allah-Təala tərəfindən mənə verilən cəzadı. Kim yüz il yaşayırsa, onun cəzası yüz illikdi, indi mən bu yaşımda ölsəm, demək cəzamı başa vururam. Ədəbi məskənimiz, qoyub gəldiyimiz yer-yurd ölümdü. Hisslərimiz, duyğularımız elə sərhədlənib ki, biz bunu görmürük. Yəni bu imkanı bizə verməyiblər. Versələr dərk eləyərik, görərik ölüm ən gözəl mələkdi. Mən ölümdən qovulmuşam.
Bəlkə də ölülər diridir. Biz ölüyük. Bədənimin havada açdığı şırım qəbrimdi. Ölülər bizim havadakı qəbirlərimizə baxıb gülürlər və yaxud bəlkə də ağlayırlar. Biz hər təzə şeirimizlə, hissi idrakımızla torpağımızı tərpədirik, bəlkə dirilmək-ölmək istəyirik. Sözlə qımıldanırıq, oyanmağımıza lap az qalır, əlimizi, ayağımızı tərpədirik, ölülər də dayanıb başımızın üstündə dirilməyimizi, yəni ölməyimizi gözləyirlər. Amma mənim qəbrimi yaman pis qazıblar.
 Ruhumuz Allahın yanındaydı, nə günah eləmişiksə, Allah-Təala can adında bir həbsxana yaradıb ruhu salıb onun içinə. Ruh çıxmaq istəyir, çünki o azadlığı sevir, can-qəfəs qoymur. Və axırda çıxır, azad olur. Allah-Təala onu bəlkə də milyon ildən sonra yenidən qəfəsə salır. Yenə cəza verir, bədən elə-belə şeydi, əsas ruhdu, bəlkə mənim ruhum bir neçə dəfə əyninə bədən geyinib.
Qorxuram, bu qorxu ruhumun qorxusu deyil, canın özünün təlaşıdı, can qorxur ki, ruh bədəndə çıxa, can hörmətsiz ola. Mən canımla qalmayacağam, ruhumla gedəcəyəm. Ona görə də qorxmuram. Mənə elə gəlir ki, qorxmaqla qorxmamağın arasında 1 sm hədd var. Bu hədd bizi dəli eləyib. Hər «hə»nin yanında bir «yox» var. Nədir bu? Başımızın qabığı çatlayır. Bunu dərk eləməyə bizi qoymurlar. Kimsə və nəsə razı deyil, biz hər şeyi bilək, dərk eləmək məqamında yerimizi dəyişirlər. Yəni, həyat deyilən bir ölümdən, ölüm adlanan həyata keçirirlər. Və yaxud əksinə. Qorxu hissi keçirəndə elə bilirəm hər dəfə Əli Kərim mənə baxıb gülür.
Bilirsən, çox qəribədir, məni bu dünyaya tullayıblar. 5 il, 15 ildən sonra çıxıb gedəcəyəm öz yerimə, yurduma. Mən axtardığımı tapa bilmirəm. Mən doğulanda o ölür. O öləndə mən doğuluram. Allah bizi görüşdürmür, qaçırıq, ona görə də belə təngnəfəsik. Həmçinin məndə aydın olmayan şeylər var. Mənə elə gəlir ki, bu, ölümdən gətirdiyim hiss və qalıqlardı. Onu şeirlərimdə deyirəm, camaata tanış gəlmir. Mənə də aydın deyil, ancaq mən onu yalandan demirəm. Sevgi də, şeir də və bizə tanış olmayan qəribəliklər ölümdən özümüzlə götürüb gəldiyimiz şeylərdi.
Qəribə şeylər düşünürəm. Bir dəfə, nənəm öləndə hamı ağlayırdı, mən gülmək istəyirdim. Bəlkə ölənin dalınca ağlamaq lazım deyil, elə gülmək gərəkdi. Nə olsun, kimsə, nə vaxtsa ağlamağı icad eləyib. Bəlkə tərsinədi. Mənim gülmək istədiyimi elə bilirdim nənəm bilir. Elə bilirdim bu saat qalxıb deyəcək: «Ay bicin biri bic». Həm də elə bilirdim bu saat nənəm əlini dodaqlarına qoyub mənə deyir: «Sus, heç kəsə, heç nə demə». Bilirdim ki, o nəsə fikirləşir, fikirlidi, gedib əlimi vursam qalxar. Bunu eləmədim. Ancaq ağlamaqla gülməyin yeri dəyişik düşsə də, bunlar hamısı təbii şeylərdir. Biz doğulanda da dalımızca deyəsən ağlayırdılar və yaxud gülürdülər, dəqiq yadımda deyil.
 Bir dostum vardı, elə beləcə də «əlvida» dedim. Çünki o öldü – doğuldu. Mən gedənəcən, bəlkə də o qayıdacaqdı. Neçənci əsrdə, hansı zaman kəsiyində görüşəcəyik, onu Allah bilir.
 Sevgi heç də qadınla bağlı deyil. Leylidə sevməli heç nə yox idi, hamısı Məcnunun özününküydü. Və çalışacağam ki, bir də cəza alıb bu dünyaya gəlməyim. Bir çörək almağa adam pul da tapmır.

[email protected]

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı