Modern.az

Rəsulzadə namaz qılıbmı? - II yazı

Rəsulzadə namaz qılıbmı? - II yazı

Ölkə

12 Fevral 2013, 11:51

ŞEYTAN FİRQƏSİNƏ ÜZV OLMAYIN...

“ Ramazan gecələrində  məscidə gedər, sübh açılana  kimi namaz qılardım- gecə namazı. Ən çox həzz aldığım yer məscid idi...”

(M.Ə.Rəsulzadə, “İqbal”, 1913.)

Allahın adı ilə...

Yazının ilk hissəsi dərc olunan gündən iki həftəyə yaxın vaxt ötdü. Bu müddətdə çox hadisələr baş verdi.  Yenə hər kəs öz işində oldu... Kimi müxtəlif siyasi, mədəni şoularla baş qatdı, kimilərinsə başı qatışdı...  Məmləkətin əsas siyasi və sosial problemlərindən və həmin problemləri törədənlərdən diqqəti yayındırmaq üçün  gündəmə pərçim edilmiş Əkrəm Əylisli şousu aləmi qarışdırdı... Və  gündəlik əməlləri ilə  bu ölkəyə, bu xalqa  Əkrəm Naibovdan daha çox zərbələr vuran, düşmənin “dəyirmanlarını fırladan” kreslo tiranları  bu məzhəkəyə ləzzətlə tamaşa edib sərvətlərimizi talamaqda davam etdilər...

Beləliklə, daim Adəm oğullarının başını qatıb Allahdan, ibadətdən  uzaqlaşdırmağa çalışan Şeytan yenə də öz istəyinə nail oldu. Namaz qılmaq məsələsi  əksəriyyətin diqqətindən kənarda qaldı... 10 illərdir daş kimi yatanlar indi də  “Daş yuxular”a uydu... Halbuki şərşünas Əkrəmlərin daş atdığı hədəflərdən ən əsası dinimiz,  ibadətimizdi...  Bədnam əsəri ödüm ağzıma gələ-gələ oxuyaraq bunun şahidi oldum... Məhəmməd Əmin Rəsulzadənin təməlini qoyduğu, bayrağında İslam, türklük rəmzi daşıyan respublikada İslama da, türklüyə də meydan oxuyan “xalq yazıçı”larının yetişməsinin bir səbəbi də ibadətdən uzaq düşməyimizdir... Dinimizə laqeydliyimizi isə əsasən üç amil formalaşdırır: Yaradanın buyurduğu kimi, “qəlblərin möhürlü olması”(Qurani-Kərim, əl-Əraf surəsi, 179-cu ayə),  İslamın yanlış təqdimatı və yanlış qəbul olunması...

Peyğəmbərimizin(s.ə.s.) vəfatından sonra müşrik, münafiq və yəhudilərin fəallaşaraq müsəlmanları nəfsin istəklərinə uymağa vadar etməkdə Şeytana yardımçı olmaları nəticəsində dinimizdə gizli bir şər xətti formalaşır. Bu qara xətt Həzrət Əlinin(s) şəhadətindən sonra daha da qalınlaşır... Bəzi xəlifələrin İslamı daxili istismar və xarici işğal vasitəsinə döndərməsi, xüsusən Osmanlı dövründə sultanların başqa din və millətlərə mənsub qadınlarla evlənməsi, Səlib yürüşləri, XIX əsrdən başlayaraq hökmdar və zadəgan  uşaqlarının əcnəbi mürəbbi və müəllimlərdən təlim-tərbiyə  alması, varlı övladlarının Avropada elm öyrənməsi, müxtəlif bəhanələrlə alim, yazıçı, “Müsyo Jordan” simalı emissarların ölkələrimizə axını,  Avropa, Amerika kapitalistərinin neft iyinə Bakıya üz tutmaları    və s. bu xətti daha da gücləndirir. “Mason”, “sionist” adlandırdığımız Allah düşmənlərinin Böyük Britaniya, Fransa və Rusiya vasitəsilə Osmanlını parçalamaq istiqamətindəki işləri, müsəlmanların daxilində təbii fikir müxtəlifliyindən yaranmış məzhəb və cərəyanlar arası ziddiyyətləri gücləndirmələri və özlərinin icad etdikləri firqələrin, xüsusən XVIII əsrin əvvəllərində İraqda və Ərəbistanda qondarılmış vəhhabiliyin meydana çıxması İslamın yanlış təqdimatına kifayət qədər meydan verir. Və bu proseslər sözsüz ki, həyatımızın bütün sahələrinə, dinimizə, mədəniyyətimizə, incəsənətimizə, ədəbiyyatımıza, mətbuatımıza,o cümlədən XIX əsrin ortalarından başlanmış maarifçilik hərəkatına  və sonda siyasətimizə -  müstəqillik uğrunda mübarizəmizə də nüfuz edir... Ədəbiyyatımızda İslama qarşı mənfi münasibət formalaşdırılmasını Məhəmməd Əmin bəy “Çağdaş Azərbaycan tarixi” əsərində də qeyd edir: “...Din sovet dövründə tamamilə öldürülmüşdür. Gələcəkdə din yalnız yurddaşın şəxsi həyatına xas olaraq qalacaqdır. Bu, M.F.Axundzadədən başlayaraq Sabirə qədər dinin təhqir edilməsi ənənələrinə yiyələnən  çağdaş Azərbaycan ədəbiyyatının bir nəticəsidir”...   

...Cümhuriyyət lideri uşaq və yeniyetmə çağlarında namaz qılmasını  1913-cu ildə Məhərrəm münasibətilə “İqbal” qəzetində dərc olunmuş “Oxşama” adlı məqaləsində belə təsvir edir:”...Yadımdadır. Məscidə çox gedərdim. Namaz mənə şərən vacib olmadığı zamanlar belə bir çox qəza namazları keçən saqqallıların etmədiyi ibadətlərin icrasına həvəsli idim. Ramazan gecələrində məscidə gedər, sübh açılana kimi namaz qılardım- gecə namazı. Ən çox həzz aldığım yer məscid idi.  Bir zamanlar məktəbə, sonra mətbəəyə nə kim bir həvəslə gediyor idimsə, o vaxt məscidə də öylə bir həvəslə gediyordum... Məsciddə qazanılacaq savabların hamısına  məzhər olmaq da müntəhayi-amalım idi...“

 Göründüyü kimi, 29-30 yaşlı  Məhəmməd Əmin bəy namaz qılması barədə keçmiş zaman felilə danışır...   Fəal siyasətlə məşğul olduğu və ilk demokratik Azərbaycan dövlətinə başçılıq etdiyi dönəmlərdə isə Məhəmməd Əmin bəyin ibadət edib-etməməsi barədə hələki heç bir tarixi fakta rast gəlməmişəm...

Şərqin böyük dühası İslam barədə ötən yazıda sitat gətirdiyim məqalələrində, eləcə də digər yazılarında yüksək fikirlər söyləyir.  14  noyabr 1914-cü il tarixli “İqbal” qəzetində Aşura haqqında yazdığı məqalədə Cümhuriyyət banisi  şəhidlər ağası İmam Hüseyni(ə.s.) şər üzərində qalib sayır, onu bir qəhrəman kimi vəsf edir, onu “qalibiyyətin ən uca zirvəsini fəth etmiş mücahid” adlandırır.... Eyni zamanda  Aşuranı düzgün anlamağa, onu düzgün təbliğ etməyə və milli mücadiləmizdə İmam Hüseyn məktəbindən(ə.s.) nümunə götürməyə çağırır...

Ötən yazıda söylədiyimiz kimi, artıq hakimiyyət başında olduğu dövrdə Rəsulzadə parlamentdə keçmiş müəllimi,  “İttihadi-İslam” fraksiyasının üzvü S.Qənizadənin müsəlman ruhanilərin də seçki prosesində iştirakı təklifini “Əlhəzər, ruhaniləri siyasətə qarışdırmayın!”-deyərək qətiyyətlə rədd edir. Sözsüz ki, burada dünyəvi dövlət modelinin  “din dövlətdən ayrıdır” prinsipinin də rolu var...  Amma zaman göstərdi ki, Rəsulzadə və Müsavat partiyası  ittihadçılarla mübarizədə xeyli haqlı imiş...  Bir çox məsələlərdə müstəqilliyimizin düşməni bolşeviklərlə eyni mövqedən çıxış edən bu fraksiya 1920-ci ilin aprelində parlamentdə hökumətə ultimatum verərək Azərbaycan Cümhuriyyətinin işğalına şərait yaradan qüvvələrdən biri oldu... Digər tərəfdən, müsəlman ruhanilərin seçki prosesində iştirakı da gənc dövlətçiliyimiz üçün təhlükə yarada bilərdi... Çünki İslamı siyasi mübarizə aləti etmiş siyasətçilərin İran, ya da Rusiya ilə bağlılığına zəmanət yox idi... Digər tərəfdən,    Rəsulzadənin qurduğu bir dövlət nə qədər müstəqil adlansa da, bayrağında İslam, türkçülük rəmzləri daşısa da, bu bir  dünyəvi(!) dövlət modeli idi... Həmin dövlətçilik qurumunun təməlində Qərb dəyərləri, bir az da dərinə getsək, xristian-sionist dəyərləri dayanır...  Müsavatçılıq ideologiyası isə  liberal-demokratik dəyərləri üzərində qurulub. Liberal dəyərlər də masonluqdan qaynaqlanır... Ümumiyyətlə, bizim indi “müasir” adlandırdığımız çoxpartiyalı demokratik sistem müsəlmanlığa, türkçülüyə yad bir sistemdir. Və xalqları, millətləri tədricən parçalayıb kosmopolit bir  kütləyə çevirməyə hesablanıb. “Sion müdriklərinin Protokolları”nda göstərilir ki, insan haqları, azadlıq, demokratiya və s. kimi şüarlar sadəcə, Ali  məqsədə(Vahid sionist dövləti qurmağa) çatmaq üçün vasitələrdir... “Mason” dediyimiz şər qüvvələr şəbəkələrini qurduqları ölkələrdə müxtəlif dini, siyasi,  mədəni, ədəbi və s. cərəyanlar,fraksiyalar, partiyalar yaradıb onların hər birində öz nümayəndələrini yerləşdirməyə çalışırlar ki, prosesləri istədikləri məcraya yönəltsinlər...  Bu gün də belədir, dünən də belə idi... Odur ki, indi olduğu kimi, XX əsrin əvvəlində də əksər maliyyə, informasiya, hərb rıçaqlarının Allah düşmənlərinin əlində cəmləşdiyi, Türkiyədən savayı etibarlı bir qonşunun olmadığı bir dönəmdə dini, milli maraqları qorumaq üçün yalnız  millətini sevən, dahi bir siyasətçi olub mümkün olanı etmək lazım idi... Zənnimcə, Məhəmməd Əmin bəy bunu bacardı... Böyük gücləri müsəlmanlıq, türkçülük rəmzi daşıyan bir bayraq altında  Azərbaycan dövlətinin qurulmasına razı olmağa məcbur etmək böyük bir qələbə idi... Və  Rəsulzadəni və ADR hökumətini müxtəlif mövzularda qınayanlar unutmasınlar ki, bu gün neft gəlirlərini sərbəst şəkildə sağa-sola səpən hökumət məhz Rəsulzadələrə, Xoyskilərə, Topçubaşovlara, Nəsibbəylilərə və s. borcludur...    

Müzakirə etdiyimiz suala qayıtdıqda təkrar edirəm, Rəsulzadənin dövlət başçısı olduğu vaxtlarda namaz qılıb-qılmaması barədə   məlumat olmasa da,  müstəqilliyimizin banisi  uşaq və yeniyetmə çağlarında namaza olan sevgisini öz yazılarındakı  xatirələri ilə təsdiqləyir... Və Rəsulzadə artıq keçmişdə qaldı... Bu gün milli problemlərimizi həll etməyə, Qarabağı azad etməyə iddialı olan siyasətçilərimizdən, deputatlarımızdan, yüksək vəzifəli məmurlarımızdan hansılar müsəlman ibadəti ilə məşğuldur?.. Mövcud dünya və məmləkət gerçəkliyində   əsl Azərbaycan siyasətçisi adlanmağa  kimlər daha çox layiqdir? Bu barədə düçünüb düzgün seçim etməyi oxucuların öz ixtiyarına buraxıram...

 Bütün fikirlər sonda bir nöqtədə birləşir: Allahı Yaradan kimi qəbul ediriksə, onun əmrlərinə  uyğun yaşamalı, bütün işlərimizi onun sonuncu kitabı olan Qurana və sonuncu Peyğəmbərinin(s) sünnəsinə uyğun qurmalıyıq. Normal dövlət və normal siyasət Allah əmrlərini rəhbər tutaraq Peyğəmbərimizin(s) hakim olduğu zamanlar müəyyən etdiyi idarəçilik sistemini və  üslübunu örnək götürərək qurulmalıdır. Və əlbəttə ki, normal dövlətin başçısı mütləq özü ibadətdə, namazda, orucda və s. xalqa nümunə olmalıdır...  O da təbiidir ki, müsəlman həyatı yaşayan vətəndaşlar üçün məclislərdə spirtli içkilər qəbul edib  ayaq üstdə zorla duraraq qızara-qızara tost deyən şəxslər rəhbər kimi qəbul edilməzdir...

Hakimiyyətdə olub ölkəni, xalqı dünya çərçivəsində idarə edən  və müxalifətdə olub iqtidara iddialı olan partiyalar ilk növbədə Allah qanunlarına riayət etməlidirlər ki, Şeytan firqəsinə(firqə elə partiya deməkdir) çevrilib düşmənlərimizin əlində xalqı məhv etmə alətinə dönməsinlər. Uca Allah Qurani-Kərimdə Şeytan firqəsini belə təsvir edir:

”Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur.  Onlar Şeytanın firqəsidirlər(Şeytana uyanlardır). Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır”(Mücadilə, 19)...

Şeytan firqəsinin  üzvü olmayın...

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı