Modern.az

Sənət adamları orduya yardım ediblərmi? - “Yeni mülk tikirəm, pulum yoxdur...”

Sənət adamları orduya yardım ediblərmi? - “Yeni mülk tikirəm, pulum yoxdur...”

Страна

25 İyun 2013, 13:20


Sabah Silahlı Qüvvələr Günüdür. 2002-ci ilin avqust ayının 17-də isə Silahlı Qüvvələrə Yardım Fondu yaradılıb. Yəni istənilən vətəndaş fərdi qaydada bu fonda maddi yardım göstərə bilər. Maraqlıdır, sənət adamları nə vaxtsa bu fonda yardım köçürüblərmi?

Modern.az
saytı bu sualla bir neçə tanınmış sənətkara müraciət edib.  

Əməkdar artist Almaz Ələsgərova
hesab edir ki, sənət adamının silahlı qüvvələrə maddi yardım göstərməsi o qədər də vacib deyil: “Mənə elə gəlir ki, biz, sənət adamları ancaq sənətimizlə ordunu həvəsləndirə bilərik. İki gün əvvəl Naxçıvanda daxili qoşun əsgərlərinin qarşısında konsert verdik. İnanın ki, ürəkləri şad oldu, oynadıq da, oxuduq da, çörək də yedik, şəkillər çəkdirdik. Fikrimcə, sənət adamlarının ordunu ruhlandırması daha vacibdir. Mənim burda o qədər işlərim var idi ki. Hamısını təxirə salıb, o konsertə getdim”.

Əməkdar artist hesab edir ki, orduya maddi köməyi iş adamları etməlidir: “Bizim xeyli imkanlı adamlarımız var. Onlar belə fondlara kömək etməlidirlər. Doğrudan da çox gözəl ordumuz var. Fikrimcə, əsgərlərə çox gözəl baxırlar. Bizim rəhbərimiz də heç vaxt qoymaz ki, ordunun nəyəsə ehtiyacı olsun”.

Xalq artisti Nurəddin Mehdixanlı da bu qənaətdədir ki, Azərbaycan ordusunun fərdi yardımlara ehtiyacı yoxdur: “Bu gün Azərbaycan dövləti müdafiə xərclərinə kifayət qədər vəsait ayırır. Müdafiə Nazirliyinin ianələrə ehtiyacı yoxdur. Bizim maddi gücümüz əla səviyyədədir. İndiyə kimi bu fonda yardım eləməmişəm. Çünki dövlətimin buna ehtiyacı yoxdur”.

Xalq artisti Canəli Əkbərov isə deyir ki, son zamanlar xeyli xərcə düşüb: “Mənə bu barədə müraciət olunmayıb. Amma Murovdağa qədər getmişəm. Hətta yadıma gəlir ki, Novruz bayramında əsgərlərimizə qurban kəsdim. Açığı, yeni mülk tikdirdiyimə görə o imkanım yoxdur. Tikinti yeni bitib. Yalandan goplaya bilmərəm”.

Əməkdar artist Baloğlan Əşrəfov isə hesab edir ki, ordumuzun belə yardımlara bir neçə il öncə ehtiyacı olub: ”Neçə il əvvəl cəbhə bölgələrinə getmişəm. Bunun hamısı qeydiyyatda var. Televizor bağışlamışam, müəyyən əşyalar vermişəm. Hazırda dövlətimiz çox varlıdır. Adi insanların ora pul köçürməsinə ehtiyac yoxdur. Amma lazım olan vaxtlarda pay da aparmışam. Əgər onları evlərinə aparmayıblarsa, hamısı qeydiyyatda var”. 

İntiqam Valehoğlu  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı