Modern.az

Anar və İsa Qəmbər: Çətin əvəzolunanlar, həm də əvəzolunmalılar

Anar və İsa Qəmbər: Çətin əvəzolunanlar, həm də əvəzolunmalılar

Country

16 Aprel 2014, 11:12

Yaxın vaxtlarda iki təşkilatda-Yazıçılar Birliyində və Müsavat partiyasında rəhbərliyi dəyişəcək əhəmiyyətli qurultay başlamalıdır. Yaradıcı insanların ocağı ilə siyasi insanları bir arada tutan partiyanın adını eyni vaxtda çəkmək, eləcə də hər ikisinin nüfuzlu rəhbərinin ismini, soyadını sərlövhəyə bərabər çıxarmaq  təsadüfi deyil. Bu qurultaylar öz zamanından çox geç qalır, çünki hər birində eyni müşkül yaşanır – UĞURLU VARİS problemi. Digər tərəfdən, bir-birinə simpatiyası  olan, qeyri-məhdud bir zümrənin mənəvi, siyasi qibləsinə çevrilən  Anar və İsa Qəmbər demokratiyanın kurallarına uyğun olaraq, öz rəsmi statusları ilə bu il vidalaşmaq, hər gün açıb-örtdükləri qapılardan uzaqlaşmaq   zorundadırlar.

...Söz adamı, üstəlik, həmin isim həqiqətən də xalqın dəyərli dəfinəsidirsə, onun barəsində müsbət epitetlərlə danışmaq asandır, çünki  səni tərəf qismində təqdim etmir. Hansısa bir siyasətçi haqqında vicdanlı  söz deməksə, səni istər-istəməz tərəfə çevirir, amma bununla belə, siyasətçi üçün də obyektiv olan  pozitiv epitetlərə bu mövzuda xəsislik etmək düzgün olmazdı.  

Əvəzolunmaz insan yoxdur, əvəzolunması çətin insanlar var. Anar Yazıçılar Birliyinin sədri, İsa Qəmbər Müsavat başqanı postunda əvəzolunması asan olan insanlar kateqoriyasından  deyillər-bu, aksiomadır. Əks halda  qurultaylar bu qədər uzanmaz, idarəçilik birindən digərinə asan transfer olunardı.   

Bəs, bu isbat tələb etməyən aksioma necə yaranıb? Nədən hər iki təşkilatda yeni sədr məsələsi bu qədər mürəkkəb xarakter alıb, hətta    qurultayın yaxınlaşması YB-də ədəbi, Müsavatda siyasi xələfin soyadı üzərinə dəqiqlik gətirmir?


Məlumdur ki,  heç də bütün dövrlər ədəbiyyata, tarixə, siyasətə fenomenal, universal dəyərləri özündə çəmləşdirən şəxsiyyətlər verə bilmir. Çağdaş zamanda bu sarıdan arzuolunmaz bir qısırlıq- insanın həm cüssən, həm idrakca cılızlaşması belə problemləri aydınlıq içərisində çözməyi mümkünsüzləşdirir. Bilirik ki, heç bir  yüksək mərtəbəni  insana elə-belə  vermirlər, iddialı, yaxud, etimad göstərilən kimsə   o yüksəkliyi özü öz potensialı, kamilliyi  sayəsində qazanır. Bu gün ədəbiyyatda və siyasətdə varisliyin davasını aparanların kimliyinə gözucu nəzər yetirmək kifayətdir. Ədəbiyyatda uzun zaman qalmaq perspektivi olmayanlar,  siyasətdə isə böyük işləri çiyninə almağa imkanı və yüksək məziyyətləri çatışmayanlar  İsa Qəmbərdən Müsavat Partiyasını, Anardan Yazıçılar Birliyini  istəyirlər.  

Doğrudur, əvəzolunması çətin olanlar mütləq əvəz olunmalıdırlar. Anarın və İsa Qəmbərin nüfuzu bəzən özlərindən asılı olmayan avtoritarizmə meyllikdən xilas edilməlidir. Amma şərt odur ki, Yazıçılar Birliyinin və Müsavatın birinci şəxs kreslosuna bu kreslonun hazırkı və müvəqqəti sahibləri səviyyəsində cəmiyyətdə, cəmiyyətdən kənarda tanınan və hörmət qazanan kimsələr, yox belə mümkün deyilsə, heç olmasa, nisbətən layiqli biriləri gəlsin. Axı Anarın və İsa Qəmbərin əvəzolunması çətinliyinin  səbəbləri kifayət qədər müsbət faktorlardan  ibarətdir.

Anar fundamental bir şəcərənin, İsa Qəmbərsə öz dövründə müəyyən elmi-ictimai dairədə tanınan bir soyadın davamçısıdır.  Ədəbiyyat yolundakı məsafələri  ləyaqət, etibar, saflıq, məhəbbət təbliğ edən əsərləri ilə qət edən Anar kinomuzu və teatrımızı ləzzəti heç vaxt qaçmayan ssenarilərlə zənginləşdirən, yaradıcılıq bioqrafiyasına mədhiyyə janrı salmayan, hökmdarın dostu olub, hökmdarı vəsf etməyən, arxasında təmənna dayanan yazılar yazmayan bir ziyalı obrazıdır.

İsa Qəmbər Müsavat Partiyasında sələflərinin yolunu uğurla davam etdirən, əski ideologiyanın üç təməl prinsipinə kürəyini möhkəm söykəyən, Azərbaycanın demokratik mücadiləsində Elçibəydən sonra Fərhad kimi külüng çalan bir siyasət adamıdır.

Anar ədəbiyyatın da, Azərbaycanın da hər yerdə təmənnasız  lobbisidir. “Dədə Qorqud” üçün lazımi hər bir tədbirə, ana dilinin saflığına,  milli ideyaların həyata keçməsinə, ədəbi gəncliyin inkişafında, onların böyük ədəbiyyata gəlməsində tramplin rolu oynayan  jurnalların davamlı nəşrinə, ədəbi karyerasını qısqanan Əkrəm Əylisliyə buna rəğmən 60 yaşında Şöhrət ordeninin (nə edəsən ki layiq olmadı-müəl.) verilməsinə, tribunalarda müxalifətin liderləri ilə yanaşı dayanan evsiz Ramiz Rövşənin siyasi təmayülünə baxmayaraq, məişət probleminin çözülməsinə   Heydər Əliyevdən dəstək alan, qısası yuxarılarda təşəbbüsləri heç vaxt boğulmayan nadir ziyalısıdır.  Azərbaycanın milli davalarında, mötəbər xitabət kürsülərində xalqının cəsarətli siması, bədxahlarımıza sözlə, məntiqlə ölüm saçan tənqid silahıdır.    Anar bütün bunları necə bacarırdı? Təbii ki ictimai  nüfuzu sayəsində. Nəyə görə yuxarıların qapısını əleyhidarları üçün də, müxalifət təəssübkeşləri üçün də döyürdü? Çünki YB-nın sədri olaraq vəzifəsini, ziyalı olaraq toplumdakı missiyasını  mükəmməl yerinə yetirmək istəyirdi. Hələ onu demirik ki, birliyin prezident təqaüdü, hökumətdən mənzil alan gənc üzvlərinin belə, üzərində Anarın danılmaz haqqı var. Bu qəbil faktlara görə Anarın ədəbi ictimaiyyətin qarşısında üzü ağ, başı dikdir. Onun  əvəzlənməsi illərdir,  butün bunlara görə ləngiyir.   

İsa Qəmbər radikal siyasi mübarizənin aparıcı siması olsa da, hakimiyyətə gedən yolun üzərindəki qan-qadadan həmişə qaçmağa çalışıb. 2003-cü il seçkisində Qərbin qarşıdurmaya sürükləmək istədiyi Müsavatı İsa Qəmbər bizim anlamaq istəmədiyimiz cəsarətsizliyi (!) ilə durdurdu. O, siyasətdə cığallığı bacarır, öz partiyasının mənafeyini başqa təşkilatın maraqlarından önə qoya bilir, amma vətəndaşlara zərbə dəyməsin deyə, ciddi kataklizmlərdən uzaq dayanmağa çalışır. Bu isə nəyin bahasına olursa-olsun hakimiyyət hərisliyindən, mənsəbpərəstlikdən qaçmaq deməkdir. İsa Qəmbərin yerinə başqasını qos-qoca Müsavat partiyasının başında qəbul etmək buna görə asan görünmür.     

Anar ədəbiyyatın, söz aləminin, İsa Qəmbərsə siyasətin ağır çəkili  nümayəndəsidir. Bu ağırlıq  Anarı sındırmaq, ləkələmək, gözdən salmaq istəyənlərin məqsədini daim puça çıxarır. Onu kiçiltmək istəyirlər, söyüd kimi əyilmir, əksinə çinar kimi dimdik qalır. Ictimai rəydə “mənəm-mənəm” deyən bir qrup  onu dəfələrlə sancır. Göynəyir, amma təkəbbürlü davranmır. Əsla kiçilmir.  

İsa Qəmbər bəzən xətalarına görə tənqid olunsa da, bəzən qısqanclarının atdığı daşlara tuş gəlsə də, sahib olduğu  ağayanalıq, ciddilik, siyasət sərraflılığı  həmlələrin dərinə işləməsinə əngəl yaradır. Ən kəskin və utandırıcı  qara piar onunçün ssenariləşmir, onu gülməli  vəziyyətlərə salınmaqda  öz  nüfuzu sığortalayır.         

Anar Azərbaycanın mənəvi cəvahiratıdır. Göz qamaşdıran bu parıltını olimp zirvəsindən aşağı endirməyə əllər buna görə getmir.

İsa Qəmbərin ən əsas və önəmli titulu müxalifətin potensial qüvvəsi, səhvləri və doğruları ilə bərabər siyasi proseslərin meydana çıxardığı tarixi şəxs olmasıdır. Onu başqanlıq mərtəbəsindən yerə yaxınlaşdırmaq elə  buna görə çətindir.

Amma bununla belə onların hər biri qarşıdakı qurultaylarda öz yerlərini mütləq xələflərinə verməlidir. Anarın və İsa Qəmbərin nüfuzunun sarsılmaması  üçün də belə lazımdır, demokratiyanı daha sıx qucaqlamağımız üçün də, qarşısında  perspektivlər açılan davamçılara alışmağımız üçün də. Məgər başqa yol varmı?!..  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı