Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti,
tarixi romanlar yazarı
Bu dağın daşlaşmış yaddaşı bizdən hələ çox sirrini gizli saxlayır. Əvvəlki yazılarımda işarələr, damğalar haqqında məlumat vermişdim. Bu barədə ilk yazımı “İlahi varlıq” adlandırmağım da səbəbsiz deyildi.
Mənim sehrli məkanım olan bu dağ yunanlarda olduğu kimi, Allahların, müqqəddəslərin məskəni olub, zamanla and yerinə çevrilib.
Diqqətlə baxın, bu dağın üstündə iyirmiyə yaxın işarə var. Müqəddəs Tanrıların işarələri.
Həm mənim araşdırmalarıma, həm də tarixçilərin, ilahiyyatçıların dediyinə görə, bu dağın səkkiz min il yaşı var. Orda oyulmuş müqəddəs heykəllər bizim əsrdə hələ heç kimin gözünə görünməyib, heç kim onların olduğunu hiss eləməyib.
Mələk qadın, başında tac olan qadınla kişi, üzbəüz Günəşə baxan, böyrüüstə duran insan başı, uşaq heykəlləri var.
Eləcə də mələk, şeytan və biri-birindən fərqli heykəllərin işarəsi…
Buralar Tanrıların bizə miras buraxdığı müqəddəs and yeridir. Bu günə qədər bu heykəllərin heç kimin deyil, təkcə mənim gözünə görünməsi də özlüyündə bir möcüzədir. O işarələrin bir çox sirri var, mən də onlardan bir neçəsini bilirəm. Bilmədiklərimin nə qədər olduğunu Allah bilir.
Mən bu dağın möcüzəsini görəndən sonra “Çingiz xanın xəzinəsi” adlı tarixi roman yazdım. Bu dağın, bu heykəllərin şəkillərini ilk dəfə mətbuata çıxardım.
Bildiyim sirlər barəsində yazılarım dərc olundu:
“İlahi varlıq”,
“Koroğlu qalasının sirli möcüzəsi”,
“Tovuzda möcüzəli xəzinə”,
“Qalanın sirri”,
“Koroğlu qalasında müşahidələrim”, (bu yazımda orada gördüklərimi bədii yolla göstərmək istəmişəm),
“Tariximizin yeni bir sirri ortaya çıxdı”,
“Çingiz xanın xəzinəsi kitabı gün üzünə çıxdı” və s.
Demək olar ki, bu dağın möcüzəsi haqqında ona yaxın yazı qələmə alıb, kəşf elədiklərimin bir neçəsini yazılarımda göstərmişəm. “Çingiz xanın xəzinə”si romanım da bu müşahidələr əsasında araya-ərsəyə gəlib.
Dediklərim deyə bilmədiklərimin çox qısa bir hissəsidir. Eləcə də mənim bilmədiyim çox sirri var bu dağın.
Builki yay məzuniyyətimdə bir neçə dəfə yolumu ordan saldım. Yenidən getməyə, oranın havasını udmağa ehtiyacım vardı, dediyim kimi də oldu. Sanki bütün varlığım təmizləndi, nəfəs aldım.
Mənim əcdadlarım bu dağlarda möcüzələr yaratmışdılar və bu mənim ruhumu oxşayırdı.
Gözlərimi mənim sehirli məkanımda gəzdirdim, gəzdirdim…
Getmək vaxtı gəlmişdi amma mən ayrılmaq istəmirdim. Ürəyim“mənə bilmədiklərimi də de, səndə məni çəkən nə var, axı?” deyə hayqırırdı, dilimsə susurdu.
Məntiqim və ağlımsa deyirdi ki, ulu babalarımızın bizə buraxdığı bu damğaların, bu işarələrin hər birinin öz sirri var və mən bu sirlərin arxasınca nə vaxtsa yenə gələcəm…


