”Bu işıqlı dünyanı heç zaman görməmişəm, görəsən həyat necədir”. Bu fikirləri anadangəlmə gözdən əlil olan bir qarmon ifaçısı deyib. Hər zaman xatırladığım həmin şəxs müxtəlif yerlərdə musiqi ifa edib, halal pul qazanırdı.Görünür Allah bu insanı xəlq etməklə işıqlı dünyanın şirinliyini-acılığını bəndələrinə göstərmək istəyib. Mən bu yazını heçdə o, insana həsr etmək fikrində deyiləm. Ancaq söhbət açacağımız mövzu ilə müəyyən qədərdə olsa bağlılığı var. İndi isə əsas mətləbə keçək.
Həzrət Əli deyirdi “İnsanlar valideynlərindən çox zəmanələrinə bənzəyirlər”.Hər bir cəmiyyət necədirsə, onun insanları da oxşarlıq təşkil edir. Hazırkı informasiya bolluğu şəraitində heç az yaşlı uşağı da hansı formadasa təəccübləndirmək qəliz məsələdir.
Təkrarçılıq çıxmasın bəlkə cəmiyyətdəki problemlərin bir hissəsini təhsildə axtarmaq lazımdır.
Ona görə ki, bütün sənət sahibləri parta arxasından çıxaraq müstəqil həyata, bu cəmiyyətə yol açırlar. Gələcək biznesmenin, polisin, həkimin, mühəndisin və başqalarının əxlaqlı dünyagörüşü, vətəndaşlıq mövqeyi məhz orta məktəb partasından formalaşır. Zəncirvari proses olan bu məqamlarda baş verən hər hansı qüsurlar, buraxılan səhvlər gündəlik həyatımızda, cəmiyyətimizdə özünü bütün çılpaqlığı ilə büruzə verir. Sındırılmış şagird, sındırılmış gənc cəmiyyət üçün çox qorxulu olur.
Bu gün çoxlarımız bu və digər formada orta məktəblə bağlıyıq.
Ola bilər təhsil üzrə mütəxəssis deyilik, ancaq oradakı problemlərin mahiyyəti bəllidir.
Təhsil haqqında yalnız dərs ili başlayanda, qurtaranda və yaxud müəllimlər günündə yazmaq, danışmaq azdır. Mənə belə gəlir ki, bu məsələyə daim ictimai nəzarət və ictimai qınaq olmalıdır.
Ümumiyyətlə, təhsil sahəsindəki çatışmazlıqlar, çap edilən dərsliklərin yarasızlığı,bu sistemdə qeyri şəffaflıq barəsində KİV-lərdə həddindən artıq fikirlər səslənib. Narahatçılıq doğuran odur ki, bu məsələlər, ictimailəşən problemlər həllini tapmır. Dövlətin böyük vəsaiti hesabına ibtidai siniflər üçün bu il nəşr olunan bəzi dərsliklərin gələn il istifadəsinə icazə verilmir. Valideynlərə digər bir müəllifin yeni kitabını almaq tapşırılır. Müqayisə aparanda görürsən ki, bu yeni kitab şagird üçün əvvəlkindən daha çətindir, mahiyyətinə görə, isə qüsurludur. Deyəsən, burada alver predmeti önə çəkilir.
Son dövlər şagirdlərin əqli-intellektual biliklərindən tez-tez söhbət açılır. Guya kitabları bu qədər qəlizləşdirməklə azyaşlıların səviyyələrinin qaldırılmasına kömək edirlər. Əslində dərslikləri bu günə salmaqla dövlətin və valideyinlərin büdcəsinə zərbə dəyir. Diğər tərəfdən bu kitablarda mürəkkəbləşmə prosesi şagirdlərin əqli mülkiyyətinin formalaşmasında ləngimələrə gətirib çıxarır.
Təhsil sistemindəki bəzi yanlışlıqlar artıq özünü büruzə verir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) verdiyi açıqlamalara görə, ali məktəblərə son illər qəbul imtahanlarında orta məktəb məzunlarının əvvəlki illərlə müqayisədə aşağı bal toplaması faktı mövcuddur. Təhsilin inkişafına, məktəblərin təmirinə, yenilərinin tikintisinə kifayət qədər vəsait ayrılır. Hər il kitablar, dərsliklər nəşr olunur. Bəs təhsildəki bu geriləmənin səbəbi nədəndir? Təbiı ki, ortaya çıxan bu sulları bir mənalı cavablandırmaq çətindir.
Çıxış yolu kimi KİV təmsilçilərinin, ixtisaslaşmış QHT-lərin, bəzi dövlət qurumları nümayəndələrinin, müstəqil ekspertlərin iştirakı ilə İctimai Şuranın yaradılmasına ehtiyac var. Bu qurum təhsil sahəsində yaranan mövcud problemləri tədqiq edərək təkiliflər hazırlayar. Yalnız kimisə tənqid etməklə iş bitmir. Burada real situasiyanı dəyərləndirərək optimal variantlar tapmaq, inkişafa xidmət edən təkliflər hazırlamaq mümkündür.
Tədris ocaqlarında iqtisadi sistemin formalaşması, məktəb daxilində yaradılan maliyyə fondlarının şəffaf idarə edilməsi, əgər qeyri- qanuni ödəniş faktı üzə çıxarsa bu halların ictimailəşməsi, kadr potensialının formalaşmasında ədalət prinsipinin gözlənməsi və s. məsələlərlə bağlı konsepsiyanın hazırlanması zərurəti yaranmışdır. Əslində cəmiyyətin anlaqsız duruma düşməsi və yaxud inkişafı yaxşı təhsillə bağlıdır. Bəlkə yaxşı təhsil arxasınca xarıci ölkələrə getmək imkanı olmayanlar üçün burada bu şəraiti yaratmaq mümkün oldu. Necə düşünürsünüz?
Təhsilin və cəmiyyətin inkişafında Yaponiyanın təcrübəsi diqqəti cəlb edir. İkinci dünya müharibəsində tamamilə məğlub edilən, təbii ehtiyatları yox səviyyəsində olan Yaponiya öz təhsili ilə dünya arenasına çıxdı.Təsəvürrə gəlməyən inkişafı ilə bu gün hamını heyrətləndirir. Həmin keyfiyyətli texnologiyanı yaratmaq və dünyada qəbul elətdirmək üçün yüksək təhsil lazım idi.Yaponlar bunu qura biliblər
Olar bilər kimlərsə, mənim fikrimlə razılaşmasın. Bu təbii bir haldır. Ancaq yenə öz mövqeyimdə qalıram və mənim fikrimcə Azərbaycanda cəmiyyətin peyvəndi normal təhsildən, millətin, dövlətin inkişafına xidmət edən vicdanlı münasibətdən başlayır.