Modern.az

Bakıda 93 avtobus marşrutu ləğv olunacaq

Bakıda 93 avtobus marşrutu ləğv olunacaq

کشور

24 Noyabr 2010, 11:45


Bakı şəhərində nəqliyyat marşrutlarının optimallaşdırılması prosesi davam etdirilir.  Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bu işlər Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planına uyğun həyata keçirilir. Bu məqsədlə bir-birini təkrarlayan marşrutların ləğv edilməsi və ya bir marşrutda birləşdirilməsi, eləcə də kiçik tutumlu avtobusların iri və orta tutumlu avtobuslarla əvəz olunması istiqamətində iş aparılır. Aparılan optimallaşdırma işləri ilə əlaqədar Bakı şəhərində mövcud olan 310 sayda marşrutdan 217 sayda marşrutun saxlanılması nəzərdə tutulub.
 
”Nəzərinizə çatdırırıq ki, Bakı şəhərində optimallaşdırma işləri mərhələ-mərhələ aparılır və ilk növbədə şəhərin mərkəzi hissəsi sonra isə ətraf sahələrdə istismar olunan kiçik tutumlu avtobuslar iri və orta tutumlu avtobuslarla əvəz olunur və bir-birini təkrarlayan marşrutlar ləğv edilir. Aparılan bu işlər nəticəsində marşrutlarda istismar olunan 3300 sayda kiçik tutumlu avtobuslardan 1496 sayda xətdən çıxardılmış və əvəzində Tədbirlər Planına uyğun olaraq Bakı şəhərinə gətirilən 1130 sayda iri və 674 sayda orta tutumlu avtobuslar istismara verilib”-deyə Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov bildirib.

Nazirlikdən deyiblər ki, Bakı şəhərində avtomobil nəqliyyatı vasitələrinin təşkili və tənzimlənməsi işlərinə görə xüsusi razılıq (lisenziya) və fərqlənmə nişanlarının verilməsi eyni zamanda həmin nəqliyyat vasitələrinin texniki istismar, təhlükəsizlik ekoloji tələblərə uyğunluğu Nazirlər Kabinetinin 2006-cı il 21 fevral 56 nömrəli qərarı, 2006-cı il 09 fevral 40 nömrəli qərarı, 2009-cu il 20 may tarixli 82 nömrəli qərarına müvafiq olaraq həyata keçirilir. Son 4 ay ərzində Bakı şəhərində 500 ədəd yeni iri tutumlu avtobus xəttə buraxılıb və bu iş davam edir.

Prezidentin 2007-ci il 26 oktyabr tarixli 2469 nömrəli sərəncamına əsasən, Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin əhatə dairəsinə düşən 664 sayda avtobus dayanacaqlarının yerləri “Azəryolservis” ASC, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti və “Bakı Sərnişin Nəqliyyatı” MMC-nin əməkdaşları ilə birlikdə müəyyənləşdirilib və həmin yerlərdə ciblərin inşasına və dayanacaqların quraşdırılmasına başlanılıb.
Hal-hazırda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən intellektual idarəetmə sisteminin əhatə dairəsinə düşən 375 sayda dayanacaq quraşdırılıb və daha 289 sayda dayanacağın quraşdırılması nəzərdə tutulub. Hal-hazırda 29 cib inşa edilmişdir və 635 sayda cibin inşası nəzərdə tutulub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı