Modern.az

Məhbusun qram-qram aldığı AZADLIQ

Məhbusun qram-qram aldığı AZADLIQ

کشور

18 Mart 2016, 13:31

Ötən ilin sonlarında Qərbdən Azərbaycana çıxarılan acı dillər, yüksək tribunalarda bir neçə ismə himayədarlıqdan irəli gələn azadlıq tələbi sərt leksikonda ifadəsini tapmasaydı, adı siyasi məhbus kimi ictimai yaddaşa köçən insanlardan ibarət 14-15 nəfərlik bir siyahıya üç ay bundan öncə əfv möhürü düşə bilərdi.

Çünki hakimiyyət qəfil iqtisadi böhranın zərbəsini üzündə sərt şillə kimi hiss edən cəmiyyətlə xoş bir auraya girmək, bunun səbəbi kimi siyasi məhbusların mərhələli şəkildə azadlığa buraxılmasına hazırlığını sezdirmişdi.

Onsuz da tarixçi Arif Yunusun qəfil azadlığı, fərmansız-filansız  daha neçə belə məhbus üçün davamlı bir prosesin başlanma xəbərçisi idi.

Lakin beynəlxalq təşkilatların ritorikasındakı sanki “biz ağayıq, siz kölə”kimi bir məzmun daşıyan münasibət hakimiyyətin zirvəsini hamının gözləntilərinə qarşı getməyə vadar etdi.

Əsas məhbusların dekabr əfv siyahısına daxil olmaması  Qərbin danışıq tərzinə, yüksəlmiş səsinə  saymazyanalıq idisə, amma əsla açılmalı olan qapıların möhkəm kilidlənməsi demək deyildi.

Bunun sübutu kimi az sonra Leyla Yunusa azadlıq verildi, nəhayət, başqa sərəncamlarla müqayisədə siyasi fəaliyyət sahəsinin insanlarını əməlli sayda əhatə edən dünənki əfv addımı atıldı.      

Əgər düşünmək istəsək ki, son günlər Qərblə problemlərini çözməyə başlayan iqtidar beynəlxalq təşkilatlara xoş getmək üçün ona bağlı siyasi insanların azadlığını qabağa salır, onda gərək bu siyahıda Xədicə İsmayıl, İlqar Məmmədov, Intiqam  Əliyev və başqaları da olaydı.  

Diqqət etmisinizsə, səs-küylü məhbuslar azadlığın qarşılığını təşəkkürlə ya vermir, ya da çox xəsisliklə verir.

Leyla Yunusu tanıyanlar yaxşı bilir ki, azadlıq üçün birinci şəxsə təşəkkür kəlməsini dilə gətirməyə hazır olan ictimai fəal qadın deyil.  Belə bir qənaət yaranır ki, hakimiyyətin ötən ilin sonlarından bəri buraxdığı siyasilərin bir qisminin məsələsində  hakimiyyətiçi mübarizənin sirli məqamları  dayana  bilər ki, Leyla Yunusun təşəkkürünün mahiyyətində belə bir ehtimalın mümkünlüyü istisna deyil. Çünki məhkəmə qərarının dərin məntiqi ilə Leyla Yunusu müəmmalı şəkildə düşdüyü tordan birinci şəxs xilas edir. Sinmayan qadını sınmış göstərən bu təşəkkürün kökü bilmədiyimiz hansısa həqiqətlərə bağlıdır.   

Jurnalist Rauf Mirqədirovun  yunusovlarla birlikdə və eyni ittiham üzrə həbsi nə idisə, buraxılmasında da analogiya və əlaqə eynidir. Bunlar o deməkdir ki, hakimiyyətin buraxdığı adamları Qərblə maraqlarda axtarmaq tələsik ehtimaldır. Hakimiyyət   Qərbin tələbi üzrə olan adamları buraxmağa hələlik tələsmir.   


Siyasi fəaliyyət sahəsindəki insanların məhbusluğu ictimai müzakirə müstəvisində dayandığına, müdafiəsi hüquqi aspektlərlə yanaşı, bir kəsim toplumun dəstəyi altında getdiyinə görə, onlara bağışlanan azadlığa alınan azadlıq da demək olar. Qram-qram ALINAN AZADLIQ.  

Heç bir məhbus təkcə özünümüdafiə çıxışı ilə öz qolundakı zənciri bir dəfəyə qırıb ata bilmir. Hətta beynəlxalq auditoriyalara çıxmaqla da, bu zəncir qırılmaq üçün kövrək həddə gəlib çatmır, bu zaman, əksinə daha da qəlizləşir. Ölkənin içərisindəki dəstək kampaniyası isə məhbusun azadlığını zərrə-zərrə artırır.

Başda hər bir məhbusun vəkili olmaqla, hüquq-müdafiə təşkilatlarının  

sistemli fəaliyyəti, paralel olaraq, siyasi təşkilatların mətbu müstəvidə ardıcıl təbliğatı azadlığın müxtəlif yollarının, o sıradan əfvin əldə edilməsinə cəhdin mahiyyətini təşkil edir.

 Siyasi məhbus elan olunmuş dustaqların taleyində bu da var ki, azadlıq içəridə onlarçün zərrə-zərrə alındığı kimi, çöldə də onlara damla-damla verilir.

Birisi üçün ev dustaqlığı, digəri üçün ölkədən kənara çıxmamaq, başqa birisi üçün hər şeyi əvvəldən olduğu kimi başlaya bilməmək, bu dəfə istər-istəməz sərbəst fəaliyyətin, xarici maliyyə mənbələri ilə çalışmağın, ümumiyyətlə,  fikrin, düşüncənin zəncirlənməsi azadlığın damla-damla verilməsi mənasını daşıyır.

Bu dəqiqə Rauf Mirqədirov, Tofiq Yaqublu, Yadigar Sadıqov... cəmiyyətin, yaxın çevrəsinin maraqlı baxışları altındadır: necə  yazacaq, necə mübarizə aparacaqlar?!

Hamı zindan məşəqqətində sınıb-sınmamağın isbatını axtarmağa çalışır. Hamı əfvdəki mənaya yozum verməyə həvəs göstərir.        

Cismani azadlıqsa xarakter dəyişikliyini, siyasi-ideoloji baxışlardakı deformasiyanı güdməkdən, bu məsələ üzərindəki yaxşı, pis ehtimallardan daha gərəklidir: məhbus ailəsinə, dostlarına, daim dərinliklərində olduğu cəmiyyətə qovuşur. 

Azadlığı qram-qram versələr belə götürmək zorundasan. Çünki onun   hətta bir qramı da məhbəs boğanağından,  zindan sükunətindən, ittiham yükündən, hələ türmədəykən itirilən atanın, qızın məzarına  gedən yolun bağlanmasından  min dəfə yaxşıdır.

AZADLIĞINIZ mübarək olsun! 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı