Modern.az

“NİDA”çılara hökm oxunur

“NİDA”çılara hökm oxunur

Education

6 May 2014, 11:59


Bu gün "”NİDA” vətəndaş hərəkatının üzvlərinə Ağır Cinayətlər Məhkəməsində hökm oxunması gözlənilir. Modern.az xəbər verir ki, gənclərə dəstək olmaq üçün qohumları, yaxınları, dostları, habelə ictimaiyyət nümayəndələri məhkəmə binasının önünə yığışıblar. Hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib. “NİDA”çılara azadlıq şüarları yazılan plakatlar toplaşanlardan götürülüb.

Qeyd edək ki, “NİDA” üzvləri 2013-cü ilin mart-aprel aylarında həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə onları qanunsuz partlayıcı maddə əldə etmə, saxlama, daşıma və gəzdirmədə, zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırıb.

İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra gənclərin bir neçəsinə qarşı qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama ittihamı da irəli sürülüb.

“Azad Gənclik” Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.

Gülşən Raufqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı