Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Gürcüstana işgüzar səfərə yola düşüb.
Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq Aeroportda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
AzərTAc-ın məlumatına görə, Azərbaycanın və Gürcüstanın dövlət bayraqları ilə bəzədilmiş Batumi hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs səmimiyyətlə qarşılayıblar.
***
Batumidə Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü olub.
Görüşdə ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyədə qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Görüşdə ikitərəfli və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
İyulun 18-də Batumidə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
***
Batumidə geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin birgə mətbuat konfransı keçirilib.