Bakı Mühəndislik Universitetinin (BMU) riyaziyyat və informatika sahəsi üzrə məzunu Kəklik Hacıyevanın təhsil illərindən əsasını qoyduğu innovativ startap layihəsi rəsmi patent alıb.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən Kəklik Hacıyevaya və layihə tərəfdaşı Ziniddin Babayevə "Duş başlığı" adlı faydalı model üçün F 2026 0015 nömrəli patent təqdim edilib. 12 may 2026-cı il tarixində qeydiyyata alınan bu ixtira 10 il müddətinə ölkə ərazisində qüvvədə olacaq.
"VooShii" daşınabilən və şarj olunan yeni nəsil duş başlığı kimi hazırlanıb. Layihənin əsas yeniliyi fen sisteminin duş başlığı ilə birləşdirilməsidir.
Məhsul istifadəçilərə həm yuma, həm də qurutma funksiyalarını bu cihaz üzərindən təqdim edir. Portativ və istifadəyə rahat quruluşu ilə istənilən şəraitdə daha yüksək gigiyena və rahatlıq təmin etməyi hədəfləyir. Layihə ekoloji davamlılıq və fərdi gigiyena sahəsində innovativ həll kimi qiymətləndirilir. Məhsul həm gündəlik istifadə, həm də səyahət, kamp və fövqəladə hallar üçün praktik alternativlik yaradır.
Bundan əlavə, layihənin kağız tullantılarının istifadəsini aradan qaldırmaqla məişət xərclərinin azalmasına töhfə verəcəyi bildirilir.
Qeyd edək ki, Kəklik Hacıyeva BMU Texnoparkında həyata keçirilən layihələrin aktiv iştirakçısı olub, müxtəlif startap müsabiqələri və sərgilərdə universiteti uğurla təmsil edib. Hazırda layihə üzrə beynəlxalq patent müraciəti də həyata keçirilib.