Modern.az

Devalvasiya sandıqları açdı

Devalvasiya sandıqları açdı

Aktual

22 Sentyabr 2016, 16:55

Devalvasiya...  Əvvəllər Azərbaycanda çox az sayda insanın mənasını başa düşdüyü bu sözü indi hamı əzbərləyib. Bu söz hamının qorxulu yuxusuna çevrilib. Artıq “devalvasiya” deyəndə hansısa iqtisadçının əlavə şərhinə ehtiyac qalmır. Azərbaycan insanı gün keçdikcə, yaşadığı mühitin, ortamın ağırlığını hiss etdikcə, çətinliklər altında əzildikcə daha çox qavrayır devalvasiyanın məğzini...

Elə bu səbəbdəndir ki, hamı olub “iqtisadçı”. Dükanda, bazarda, evdə, həyətdə, işdə hamı devalvasiya və onun törətdiyi təsirlərdən danışır, şikayətlənir. Öz aləmində çıxış yolu da göstərir.

Artıq dövlət qurumlarının “Azərbaycanda bahalaşma yoxdur”, “Bizə bu barədə məlumat daxil olmayıb” kimi açıqlamaları da ac qarnımızı doyurmur. Beləcə, hər şeyə şəkk-şübhə ilə yanaşırıq. Əmin olduğumuz bircə şey odur ki, devalvasiyadan sonra onsuz da keyfiyyətinə inanmadığımız mal-məhsul kəllə-çarxa çıxmış qiymətlərlə bizə sırınır. İllərdir anbarlarda iylənib qalmış ərzaq məhsulları yeni etiketlərlə bizə yenidən satılır.

İnsanlar yalnız aylıq ərzaq normasını almaq üçün pulunu necə xərcləyə biləcəyi üzərində “baş sındırır”. Geyim, ev təmiri, mebel isə “hələ zamanı deyil” deyimi ilə keçib arxa palana.

İndi 4-5 il əvvəl bəyənməyərək sandıqlara gizlətdiyimiz paltarlarımız “dəbə düşüb”. İnanmırsınızsa, metroda, avtobusda insanların geyiminə diqqət edin. Necə deyərlər, saxla samanı, gələr zamanı...

Aya azı 2-3 şalvar, köynək, qalstuk alan kişilər indi 4-5 il əvvəl bəyənmədikləri paltarlarını bəh-bəhlə geyinirlər. Qadınlar isə “dəbi keçib” deyərək, bir vaxtlar kənara atdıqları paltarlara əl gəzdirib “yeni era” yaradırlar...

Yenə də sağ olsun devalvasiya. Yoxsa köhnə paltarlarımızı elə sandıqdaca güvə basacaqdı...


Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı