
Yay fəslinin son gününü yaşayırıq. Bu dəfə nəfəsboğan istilər olmasa da, istirahətə gedib bir ilin yorğunluğunu çıxaranlar da az olmadı. Pulunu balta kəsməyənlər yollarını ölkə xaricindən salsalar da, gəzməyə də ölməyə də vətən yaxşı deyib ölkəni seçənlər də olur. Amma daxili turizmə üstünlük verənlər rayonlarda onları nələrin qarşılayacağını bilsəydilər... Yəqin ki, çoxlarınızın başına gəlib. Rayona istirahətdə gedənlər geri qayıdarkən kəndin təbii nemətlərindən evin bir aylıq azuqə ehtiyatlarını da tuturlar. “Belə nemətlər şəhərdə ələ düşməz” deyib, nehrə yağı, pendir, bal və bu kimi ləziz məhsullarla boxçaları dolu geri qayıdırlar. Mənzil başına çatanda isə qidalardan bəh-bəhlə süfrəyə qoyub “kənd məhsulu”dur deyib öyünməyə dəyməz. Çünki nehrə yağı, kənd pendiri, qatığı adı ilə aldığımız ağartı məhsulları əslində hər gün şəhərdə yediyimiz, tərkibi bəlli olmayan məhsullardır. Heç vaxt nehrə çalxamayan, pendir tutmayan şəhər sakini isə təbii ağartı məhsullunun necə olmasını təsəvvür belə, etmir. Bu sahədə naşı olan şəhərlilər kənd əhli tərəfindən aldadılırlar.
Bu yaxınlarda Daşkəsən və Quba rayonlarından qayıdan
Modern.az əməkdaşı deyir ki, kəndlilər nehrə yağı, kənd pendiri adı ilə asfalt əhlinin hər gün yediyi məhsulları onlara sırıyırlar. Belə ki, Daşkəsəndə satış üçün yol kənarlarına düzülən pendir, yağ, qatıq və bu kimi ağartı məhsullarının tərkibinə müxtəlif qatqılar qatılır. Nehrə yağı adı ilə aldığımız yağa hər gün yediyimiz “Sana” yağı, qatığa su vurulur. Pendirdən isə heç söz açmağa dəyməz. Çünki pendir şəhərdə yediyimiz “Üç inək” pendiridir.
Bir neçə gün ağzının tama gəlməsini istəyənlər kənd məhsulları nə qədər baha olsa da deyilən qiyməti verib həmin məhsulu alırlar. Kənd əhlinin “saf” olduğu kimi məhsullarının da “saf” olmasına inanan şəhərlilər heç aldadıldıqlarını ağıllarına belə, gətirmirlər. Daşkəsən rayonu ilə yanaşı Quba rayonunun sakinlərini də şəhərlilərə “kəf” gələnlərdəndir. Belə ki, Daşkəsəndə şəhərlilər ağartı məhsulları ilə aldadılırsa, qubalılar təbii bal adı ilə rayona gedənlərə şəkər sırıyırlar. Beləcə, heç aldadıldıqlarını başa düşməyən Bakılılar şəhərdə “təbii” kənd məhsulları yeyərək bir müddət sevinirlər.
Sonda isə kənddən məhsul alanlara qısa məsləhət: pendirin keyfiyyətini müəyyən etmək üçün onun bir parçasını kəsib 90º temperaturda saxlamaq kifayətdir. Əgər o dağılmayıbsa demək məhsul bütün tələblərə cavab verir. Qabığının partlaması, кiflə örtülməsi, iylənməsi, acılaşması pendirlərin aşkar keyfiyyətsizlik əlamətləridir və bu cür məhsulların satışı qadağandır. Bu üsulun piştaxta arxasında edilməsinin mümkünsüz olduğunu deyənlər isə ancaq kənd pendirini dadından seçə bilər.
Kənd sakinlərinin dediyinə görə, əsl kənd qatığının suyu bol olmalıdır. Bal alarkən aldadılanlar isə bilsinlər ki, bu məhsulu alarkən bir damcı götürüb əllərinin üstünə vursunlar. Sonra digər əli ilə yoxlasınlar. Əgər bal şərbət kimi yapışqan olursa deməli təbiilikdən danışmağa dəyməz.
Gültəkin ƏLƏSGƏR