Modern.az

İnqilab... olacaqmı?

İnqilab... olacaqmı?

کشور

9 Mart 2011, 12:49

Dünya şöhrətli Hollivud aktrisası Anjelina Coli bu günlərdə Əfqanıstana səfər edib və ölkədəki qaçqınlara baş çəkib. Əfqanıstanda istər qaçqınların, istər öz ev-eşiyini hələ tərk etməyənlərin necə ağır şərtlər altında yaşaması heç kəsə sirr deyil. Bu ölkənin insanlarının durumu ürəkyaxıcı bir mənzərə yaradır. Ünlü aktrisa bu "tablo" qarşısında tab gətirməyərək ağlayıb... 

Əfqanıstanın adını çəkincə İraqın, Pakistanın da vəziyyəti gözlərim qarşısında canlanır. Düşünürəm ki, əslində hər üç müsəlman ölkəsində demokratik hakimiyyətin qurulması üçün indiyədək xeyli işlər görmək olardı. Ən azı bu ölkələrin yoxsul əhalisini maarifləndirmək üçün müəyyən addımlar atmaq, pulsuz məktəblər açmaq olardı. Bu ölkələrin insanları təkcə ac-yalavac deyil, savad, bilik, intellekt sarıdan da həddən-ziyadə yoxsuldurlar. Ayaqyalın, başıaçıq körpələrin əlinə silah yox, qələm vermək, silah atmağı yox, qələm tutmağı, yazı yazmağı öyrətmək bəşəriyyət üçün daha xeyirli olmazdımı?

  

Amma yox. ABŞ qoşunları diktator Səddamı yıxmaq üçün İraqa ayaq basır. Nəticədə Səddamla yanaşı, İraq da yıxılır. Neçə ildir ki, bu ölkədə sabitlik bərqərar olmur, terror tüğyanı hər gün neçə-neçə günahsız insanın canını alır...

  

Pakistan əhalisi az qala ibtidai icma quruluşu dövrünün qədim insanlarını xatırladır adama. Cəhalət, bitib-tükənməyən terror azmış kimi, təbiət də sanki qənim kəsilib buralara.

  

Siyahını uzatmaq olar: Nigeriya, Somali, nəhayət, mass-mediada son günlərin ən populyar isimlərinə çevrilən Tunis, Misir, Liviya, Yəmən... Bu ölkələrin rejimlərinin "ilham mənbəyi" də məlumdur. Ben Ali 22, Hüsnü Mübarək 30, Qəddafi 42 illik hakimiyyətini ABŞ-a borcludur. Hər üç diktator Amerikanın bölgədə tərəfdaşı kimi tanınırdı.

  

Bütün dünyaya "azadlıq istəyən xalqlar onu alacaqlar" deyə hökm edən bir superdövlət, bəyəm, bu ölkələrdə demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının tanınması üçün çaba göstərə bilməzdi? Bu ölkələrdəki ABŞ səfirləri xalqın səfil, yoxsul, ümidsiz vəziyyətini görmürdü?

 

Əlbəttə, bilirdilər də, görürdülər də, fəqət bu ölkələrdə demokratiya, insan haqları umrunda deyildi superdövlətin. Super dövlətin öz supermaraqları vardı. Neft onun üçün insan haqlarından qabaqdaydı və o, istədiyini alırdı. İstədiyi kimi alırdı. İstədiyini ona verənin dostuydu və şəxsi maraqlar naminə "dost"ların əməllərinə göz yumulurdu...

  

İndi Yaxın Şərqdə və Şimali Afrikada xalqların müstəbidlərə "yox" şüarı ilə meydanlara çıxmasından sonra yeni bəyanatlar gündəmə gəlir. Xanım Klinton dünyanı "Facebook"la hədələyir. Tunisdə bir göysatanın özünü yandırması ilə başlayan etiraz hərəkatının Misirdə məhz "Facebook" sayəsində dalğalanması iddia olunur. Aydındır, "Facebook" nəhəng sosial şəbəkədir, 5 yüz milyondan artıq istifadəçisi var. Amma sosial şəbəkə ilə inqilab etmək, insanları küçələrə çıxarmaq inandırıcı deyil axı. Sosial şəbəkələrin hələ mövcud olmadığı illərdə, məgər, inqilablar baş vermirdi? Ən yeni tarixə, ən yaxın keçmişə nəzər salaq: Gürcüstanda "məxməri inqilab" və ya Qırğızıstanda qanlı olaylar "Facebook"un təsiriyləmi baş verdi? Ya bəlkə Viktor Yuşşenko 2004-cü ildə "Facebook"un köməyilə "narıncı inqilab"ın qəhrəmanına çevrildi?

  

İnqilabların "düstur"u çoxdan "kəşf" edilib: hansısa ölkədə inqilabi yolla siyasi dəyişikliyin baş verməsi üçün o ölkələrdə sosial narazılıq partlayış həddinə çatmalıdır. Aşağılar "köhnə qayda ilə" yaşamaq istəməməli, yuxarılar "köhnə qayda ilə" idarə edə bilməməlidir. Belə olan halda xalqın etirazı o həddə çatır ki, siyasi hakimiyyət bu gücün qarşısında duruş gətirə bilmir və təslim olur. Necə ki, Ben Ali kimi, Hüsnü Mübarək də yoxsulluğun son həddində yaşayan, gündə bir dollar belə qazana bilməyən insanların qəzəbi qarşısında geri çəkilməli oldu...

  

Belə bir aqibətin Müəmmar Qəddafi üçün də qaçılmaz olacağı gündən-günə daha çox əminlik yaradır...

  

Daha bir maraqlı məqam: Yaxın Şərqdə və Şimali Afrikada baş verən məlum olaylarda ABŞ siyasi dairələrinin təsirlərinin olması da analitiklər tərəfindən istisna edilmir. Ancaq zənnimizcə, bu, ərəb ölkələrinin insanlarına olan şəfqət duyğusundan qaynaqlanmır, əksinə, burada şəxsi maraqlar başlıca önəm daşıyır. Avropa və Qərb artıq hər üç diktatorun (Ben Ali, H.Mübarək, M.Qəddafi) sərvətlərinə əl qoyub, onların Avropa banklarındakı varidatları həbs altındadır.

  

İndi kim iddia edə bilər ki, üzərinə həbs qoyulmuş o sərvətlərdən yoxsul ərəblərə pay çatacaq?

  

Deməli, günahsız insanların qanı bahasına başa gələn aksiyalar əslində binəva ərəblərin faciəsini artırmaqdan savayı onlara nəsə qazandırmır, onları ağ günə çıxarmır.

  

Bu ölkələrdə nəhayət, demokratik üsul-idarə qurulacaqmı, xalqın durumunu yaxşılaşdırmaq yönündə addımlar atılacaqmı? Bu sualların cavabı da hələ bəlli deyil...

  

Bu xatırlatmalar nə üçündür?

  

Son vaxtlar ərəb dünyasında gedən proseslər Azərbaycanda da radikal müxalifət düşərgəsini xeyli həvəsləndirib. Süni şəkildə "inqilabi" əhval-ruhiyyə yaratmağa uğursuz cəhdlər edilir. Məlum inqilab növbəsinin "Facebook" vasitəsilə bizim ölkəyə də çatacağı barədə gülünc bəyanatlar səsləndirilir. Doğrudan, qeyri-ciddidir, çünki yadınızdadırsa, 2005-ci ilin parlament seçkiləri ərəfəsində də radikal müxalifət inqilab eyforiyasındaydı. Hamı narıncı rəngə bürünmüşdü. Müxalifət tərəfdarlarında belə bir təəssürat yaradılmışdı ki, hərə narıncı rəngli köynək geyib narıncı qalstuk taxınca hakimiyyət radikalların əlinə keçəcək. Nə Ukraynanın "narıncı", nə də yaxın qonşumuz Gürcüstanın "məxməri inqilab"ından bizimkilərə "pay" düşmədi. Hakimiyyətə gəlmək, parlamentdə çoxluğu əldə etmək bir yana, müxalifət daha da zəiflədi, sosial dayaqlarını daha çox itirdi.

  

Realist olmaq lazımdır. Gəlin, hadisələri düzgün qiymətləndirək: hansısa ərəb ölkəsində inqilab baş verirsə, bu, o deməkdirmi ki, eyni olaylar Azərbaycanda da təkrarlanacaq? Misir əhalisinin durumu ilə azərbaycanlıların durumunu müqayisə etmək nə dərəcədə ədalətlidir? Misir xalqının səfaləti Azərbaycanda yoxdur axı. Bizim ölkədə kim acından ölür? Kimlərsə daha firavan həyat arzulaya, maaşlarının artırılmasını istəyə bilər, təbiidir və hər kəsin haqqıdır. Ancaq bu, inqilabla nəticələnəcək səviyyədə deyil. Xalq öz prezidentinə rəğbət bəsləyir, ona inanır. Hətta bəzən hansısa əyalətdə bir məmurun hərəkətləri narazılıq doğurursa, insanlar öz etirazlarını əllərində dövlət başçısının şəkilləri, plakatları ilə bildirirlər. Bununla əminliklərini nümayiş etdirirlər ki, prezident onların bu aksiyasından xəbər tutan kimi, problem həll olunacaq.

  

Və bir də inqilabi dəyişikliklərin baş verməsi üçün hakim elita daxilində parçalanmalar, ciddi fikir ayrılıqları olmalıdır, cənablar! Azərbaycan iqtidarında bu müşahidə olunurmu? "Yox" cavabı vermək məcburiyyətindəyik, çünki hakim siyasi elita monolitdir, dövlət başçısının ətrafında sıx birləşərək fəaliyyət göstərir.

  

İnqilabi şəraitin yaranmasına rəvac verəcək şərtlərdən heç birinin olmadığı bir ölkədə öz tərəfdarlarını növbəti dəfə aldatmaq, xəyal qırıqlığına uğratmaq radikal müxalifətə nə verəcək? Ümumiyyətlə, üç-beş nəfər tərəfdardan savayı "11 mart aksiyası"na gələn olacaqmı, bu çağırış ölkədə hansısa rezonans doğurubmu? Heç olmasa, müxalifət liderlərinin özləri həmin gün küçələrə çıxacaqlarmı?

  

Əlbəttə, heç də iddia etmirik ki, ölkədə problem yoxdur, hər şey ideal vəziyyətdədir. Problemlər var, bir sıra sahələrdə hətta çoxdur və tezliklə həll olunmalıdır. Çünki artıq islahatların həyata keçirilməsinin sürətləndirilməsi, intensivləşdirilməsi sosial sifarişə çevrilməkdədir.

  

Təbii, bu yöndə ölkə rəhbərliyi səviyyəsində siyasi iradə ortaya qoyulub və antikorrupsiya tədbirlərinin həyata keçirilməsi əhali tərəfindən təqdirlə qarşılanır. Amma daha radikal addımların atılmasını gözləyənlərin sayı da az deyil və açığı, bir icra başçısının "ÆEK" müdirini bayıldacaq dərəcədə səsini yüksəltməsi korrupsiya mübarizəsi kimi qəbul edilmir və ironiya doğurur. Bu işlər effektiv nəticələri olan, səmərəli, faydalı şəkildə həyata keçirilməlidir. Rüşvətxor, korrupsioner məmur sərt formada cəzalandırılmalıdır ki, digərləri üçün də görk olsun. Əks halda, bu problemi köklü həll etmək illərlə yubana bilər...

  

Müxalifət bu prosesə yardımçı olsa, real təkliflərini ortaya qoysa, Azərbaycan dövləti bundan daha çox qazanmazmı?

  

Hər halda, iyirmiillik təcrübə göstərdi ki, qaragüruhun qara-qışqırığı ilə müsbət nəticə əldə etmək mümkün deyil. Problemləri eşidilən, qəbul edilən tərzdə dilə gətirmək gərəkdir. Təbii ki, əgər məqsəd onun həllinə nail olmaqdırsa...

 

Nəhayət, inqilablar özləriylə xalqlara heç də həmişə firavanlıq, xoşbəxtlik gətirmir. Yəqin bunu da unutmamısız, təxminən iyirmi il öncə yetmişillik sovet boyunduruğundan azad olub da müstəqilliyimizə, suverenliyimizə qovuşmaq istəyimiz "sürpriz"siz ötüşmədi: torpaqlarımızın iyirmi faizi işğal olundu, ərazi bütövlüyümüzün bərpası hələ də bizimçün əlçatmaq arzu olaraq qalır. Növbəti inqilab xülyaları Azərbaycanı hansı itkilərlə üzləşdirə bilər?

 

Gəlin, hər birimiz - tərəfli, tərəfsiz, iqtidaryönlü, müxalifətyönlü, ən önəmlisi, vətəndaş olaraq məsuliyyətimizi dərk edək, anlayaq, alacağımız daha ağır, daha sağalmaz yaralardan çəkinək...

 

Rusiyanın, Amerikanın "ixrac" elədiyi inqilablar bizə gərəkdirmi?

  

Gərək deyil, məncə. Səmimidirlərsə, Azərbaycana, Azərbaycan insanına azacıq hörmət edirlərsə, Qarabağı qaytarsınlar.

  

Qalanını özümüz də düşünərik, ən düzgün qərarı da verərik...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı