Modern.az

Bərdə nə gözəldir, nə də qəşəngdir...

Bərdə nə gözəldir, nə də qəşəngdir...

Страна

14 İyun 2011, 14:27

Bərdəli jurnalistlər doğulduqları bölgənin problemlərindən, inkişafından danışırlar...



Modern.az
saytının “Doğulduğu bölgələr jurnalistlərin gözü ilə” adlı layihəsinin bu dəfəki ünvanı Azərbaycanın qədim paytaxtı Bərdədir. Bərdədən olan və Bakıda müxtəlif media orqanlarında çalışan üç jurnalist rayonun sosial-iqtisadi vəziyyəti, əhalinin dolanışığı, təhsil və səhiyyə sistemini belə qiymətləndiriblər.

İlk müsahibimiz  Sosial İnformasiya Agentliyinin baş redaktoru Taleh Şahsuvarlıdır. O, həm də 2010-cu ildə keçirilən seçkilərdə Bərdədən deputatlığa namizəd olub.

T.Şahsuvarlı hesab edir ki, Azərbycanda geniş miqyasda aparılan siyasətin bütün parametrlərini Bərdədə görmək mümkündür. Lakin Bərdənin Azərbaycan coğrafiyasında, sosial-iqtisadi strukturunda öz spesifik yeri var: “Dağlıq Qarabağın işğalı zamanı Bərdəyə məcburi köçkünlərin çox böyük axını olub, onlar kompakt şəkildə yerləşiblər. Bu da Bərdəni həm demoqrafik, həm də sosial və iqtisadi baxımından sanki Qarabağın yeni paytaxtına çevirib”.
Müsahibimiz hər dəfə rayona gedərkən bu paytaxt ab-havasını hiss etdiyini deyir.

Əhalinin əsas dolanışıq mənbəyinin əkinçilik və maldarlıq olduğunu qeyd edən baş redaktor Bərdəni qida sənayesi məkanına çevirməklə bağlı da təklif irəli sürüb. O bu fikrini belə əsaslandırıb: “Burda əkinçilik və maldarlıqdan sonrakı istehsal prosesinin yaranmasına çox böyük ehtiyac var. Çünki rayonda ət də, kənd təsərrüfatı məhsulları da var. Ona görə bu sənayeni tezliklə qurmaq və gəlir gətirmək mümkündür”.

Rayonda işsizlərin olduğunu, buna görə də əhalinin Rusiya və digər ölkələrə qazanc dalınca getdiyini deyən Taleh Şahsuvarlı qeyd edib ki, Bərdədə ən böyük problem təhsillə bağlıdır:
“Hazırda rayonda təhsilin səviyyəsi çox aşağıdır. Təhsil şöbəsinin müdiri Rahilə İsmayılovanın fəaliyyətindən çox narazıyam və o özünü həmin postda doğrultmur. Bundan əlavə, repititorluq çox geniş inkişaf edib, buna görə orta məktəblərdə faktiki olaraq dərs keçilmir. Bəzi məktəbləri qaçqın və məcburi köçkünlər zəbt edib, bəzi kəndlərdə isə məktəb bərbad vəziyyətdədir və dərs keçmək olmur. Hər qış məktəbə valideynlər bir şagird, bir odun göndərir. Qaratəpə kəndində əhali çoxalıb, amma həmin kənddə məktəb yoxdur, uşaqlar oxumaq üçün başqa kəndlərə gedirlər. Ali mətbə qəbul səviyyəsi ildən–ilə azalır. Bundan əlavə, təhsilə cəlb olunacaq uşaqlar küçələrdə alver edirlər”.

Səhiyyəyə gəlincə isə həmkarımız burada yalnız bir fərqin olduğunu vurğulayıb: “Bərdədə poliklinika, müasir avadanlıqlar, doğum evi var. Bu rayonun problemlərini geniş mənada qarşılayır. Bir çox kəndlərdə ambulator müalicə müəssisələri var. Amma elə kəndlər var ki, məsələn, Gülgəzli kəndinin yolu yoxdur, hamilə qadının oradan şəhər mərkəzindəki doğum evinə çatdırılması faktiki mümkün deyil. Yol imkan vermir”.

T.Şahsuvarlı Bərdənin qaz, işıq, yol problemlərindən də danışıb: “Qazlaşdırma rayonun müəyyən hissəsində gedir və bu da əsasən deputat Zahid Orucun seçildiyi 93 saylı seçki dairəsini əhatə edir. Onun fərdi səyləri nəticəsində burda qazlaşdırma işləri sürətlə gedir. Amma digər hissələrdə axsamalar var. İşıqla bağlı da problemlər əvvəlki illərlə müqayisədə müəyyən dərəcədə aradan qalxıb. Yollarla bağlı hədsiz ciddi problemlər mövcuddur. Kitabxanalar, klublar, uşaq bağçaları haqqında da bu cür danışmaq olar”.

Bir neçə ay əvvəl Prezidentin sərəncamı ilə icra başçısı dəyişilən rayonlardan biri də Bərdə idi. Bu bir neçə aylıq müddətdə baş redaktor yeni icra başçısı Vidadi İsayevin rayonda gördüyü işlərin, onun fəaliyyətinin insanlarda ümid yaratdığını bildirir:

“Onun fəaliyyətində mənim diqqətimi çəkən nüans Bərdədə ali təhsili olan insanlara, xüsusən, ali məktəbləri fərqlənmə diplomu ilə bitirmiş məzunlara, ümumiyyətlə kadr bankına çox ciddi şəkildə önəm verməsidir. Belə fikirləşirəm ki, bu da təhsilin inkişafı, insan kapitalının formalaşması və inkişafı üçün çox əhəmiyyətlidir. Bundan əlavə, yeni icra başçısı bir neçə kənddə qəbul keçirib və məndə olan məlumata görə, bu qəbullar yüksək səviyyədə qarşılanıb. Vətəndaşlar öz problemlərini deyib, həll olunması mümkün olanların əksəriyyəti də həll olunub. Bu cür addımlar şübhəsiz ki, təqdirəlayiqdir. Fürsətdən istifadə edib Vidadi İsayevdən Lək kəndinin su probleminin həllinə diqqət yetirməsini xahiş edirəm”.

Müsahibimizin narazı olduğu məqam isə Bərdə rayon İcra Hakimiyyətinin rəsmi saytında yenilənmə aparılmamasıdır. Məhz bunu nəticəsidir ki, saytda yeni icra başçısı haqqında heç bir məlumat yoxdur. Onun sözlərinə görə, bu da görülən işlərin təqdimatı baxımından müəyyən problemlər yaradır.

Taleh Şahsuvarlı özü deputatlığa namizəd olduğu üçün rayondakı 94 saylı dairədən seçilən millət vəkilinin fəaliyyəti barədə şərh vermək istəmədiyini deyib: “Seçicilərlə münasibət baxımından isə Zahid Orucun fəaliyyətini izləyir və təqdir edirəm”.

Rayonla mütəmadi əlaqə saxlamayan, müəyyən vaxtlarda ora gedib-gələn sənətşünas-jurnalist Seymur Elsevər Bərdənin ölkənin bir parçası olduğunu deyib. Bildirir ki, ölkədə quruculuq, abadlıq işləri gedirsə, bu orada da aparılır və ya passivlik, ümumi mənəvi baxımından çatışmazlıq, mütəxəssisin qiymətləndirilməməsi, əhalinin güzəranın çətinliyi varsa, rayon həmin problemlərdən də kənarda deyil: “İşsizlik qayğısı, mənəvi dincliyin olmamağı hər yerdə var, istər rayonda, istər şəhərdə... Adamların sifətinə diqqətlə fikir versəniz, görərsiniz ki, əksəriyyətin üz-gözündən qəm-qüssə yağır”.

Müsahibimizin sözlərinə görə, Bərdə sovet vaxtı ölkənin ən böyük pambıqçılıq rayonlarından biri kimi fərqlənib: “Lakin sonralar məlum hadisələr, ictimasi-siyasi proseslərin baş verməsi və SSRİ dağılması nəticəsində burada da mənzərə tamamilə dəyişdi.
Bildiyim qədər bu gün rayonda qaz, işıqla bağlı problemlər yoxdur. Amma əvvəllər qaz olmayanda adamlar bir otağa yığışıb orda odun sobası hesabına qızınırdılar. Belə baxanda, çoxotaqlı böyük bir evi başdan-ayağa qızdıracaq odun tədarük etmək, vəsait tapmaq asandımı, məgər? Ona görə çöxış yolunu beləcə tapmışdılar. İndi elektruk təchizatı yaxşıdı. Əvvəllər isə gecələr işıq verilişində fasilə yaranırdı. Şükür, bu problem aradan qaldırılıb. Mərkəzi və kəndlərə gedən əsas yollar pis olmasa da,  kəndarası yollar dədə-baba qaydası ilə qalıb, daşlı-kəsəklidir”.

Seymur Elsevər rayonda təhsilin səviyyəsindən, tədrisin necə keçirilməsindən tam məlumatlı olmasa da, səhiyyə sistemi barədə müəyyən fikirlər söyləyib. Onun sözlərinə görə, tibbi xidmətin səviyyəsi Azərbaycanın əksər yerində necədirsə, Bərdədə də elədir: “Yəni nə çox kəskin geri qalır, nə də həddindən artıq fərqlənən, səs-küyə səbəb olan seçilən bir səviyyə barədə məlumat səslənib. Hər halda olsaydı, qulağımıza dəyərdi. Əksinə ciddi xəstəliklə bağlı problemlilərin elə hey Bakıya gəldiyini eşidirik. Bu belə düşünməyə əsas verir ki, ya rayonda xidmətin səviyyəsi, baza, təchizat normal deyil, ya da əhali həkimlərin potensialına, peşəkarlığına, hazırlıq səviyyəsinə bel bağlamır. Yoxsa, ilin-günün bu vaxtı durub Bakıya niyə gəlirlər?”

Müsahibizin yeni icra başçısı haqqında fikirləri isə belədir: “Keçmiş icra başçısı camaatda simpatiya doğurmayan adam idi. İndiki başçı haqqında hələ pis şey eşitməmişəm. Əhali ilə işlənməyinə gəlincə, mən bilən xüsusi fərqlənən bir şey yoxdur. Nə həddindən artıq camaatı yaxın buraxırlar, nə də tamam qaçırlar, cana doydurmurlar”.

Rayondan seçilən deputat Zahid Orucun fəaliyyətindən narazı qalan jurnalist digər millət vəkili Gövhər Baxşəliyevanın ağıllı və mədəni xanım olduğunu və ondan daha çox səmimi mövqe, iş gözlədiyini qeyd edib: “Bir qism adamın giley-güzarına əsasən Zahid Orucla bağlı bildiyim budur ki, rayonu təmsil edən millət vəkili kimi xüsusi hörmətə, sevgiyə malik deyil. Qohumdan, tanışdan onun seçicilərinin sosial məsələləri ilə məşğul olması barədə ciddi, ürəkaçan nəsə eşitməmişəm. Bir də, bayramdan-bayrama, ya da Prezidentin Bərdəyə səfəri zamanı rayona getmək böyük iş deyil. Ötən payızda yenidən seçildi, gedib insanların problemləri, qayğıları ilə maraqlanıb? Maraqlanıbsa, çox yaxşı, əks mövqe tutubsa, niyə, nə səbəbə?
Bərdədən seçilən digər millət vəkili Gövhər xanım ağıllı, mədəni xanımdır. Ondan daha çox səmimi mövqe, iş gözləyirəm, nəinki Zahid Orucdan. Sonda “mənim kosmosa nə dərəcədə aidiyyatım varsa, Zahid Orucun da Bərdəyə bir o qədər bağlılığı var”.

“Həftə içi” qəzetinin əməkdaşı Azad Əliyev Bərdənin aqrar rayon olduğunu və əhalinin də əksər hissəsinin kənd təsərrüfatı ilə məşğul olduğunu qeyd edib. O, rayon camaatının dolanışıq səviyyəsinin orta olduğunu deyib: “Rayonun özünün inkişafına gəldikdə isə deyə bilərm ki, yeni icra başçısının təyinatı ilə Bərdənin siması dəyişib. Özüm də jurnalist kimi rayona gedəndə və insanlarla söhbət edərkən yeni icra başçısının fəaliyyətindən razılıq eşitmişəm. Rayonda istər abadlaşdırma işləri, istər şəhərin asfaltlanması, su siteminin çəkilməsi - bu istiqamətlərdə çox ciddi işlər gedir”.

Jurnalistin sözlərinə görə, kəndlərdə insanlar əkinçilik və maldarlıqla, rayonun özündə qalanlar isə mağazalarda, bazarda işləməklə dolanırlar.

Rayonda qazlaşdırılmanın sürətlə aparıldığı və bu problemin aradan qalxdığını deyən Azad Əliyev digər bərdəli jurnalistlərdən fərqli olaraq işığın verilməsində fasilələr olduğunu söyləyib: “Əvvəllər rayonda mavi yanacaq yox idi. Amma son vaxtlar Bərdənin kəndlərində, mərkəzində qazlaşdırma işləri sürətlə gedir. Lakin işığın verilməsində bəzən fasilələr olur. Bundan əlavə, rayonun yolları, tutaq ki, əkin sahələrinə, rayonun kəndlərinə gedən yollar da bərbad gündədir. Deyilənlərə görə buna da diqqət ayrılmalıdır, amma son vəziyyət nədən ibarətdir dəqiq bilmirəm”.

A.Əliyev Bərdədə səhiyyə və təhsilin səviyyəsindən isə razıdır, yəni Bərdədə əhaliyə tibbi xidmətlər göstərilir, təhsil sistemində isə irəliləyiş nümayiş olunur: “Rayonda Prezidentin sərancamı ilə yeni Diaqnostika mərkəzi açılıb. Artıq ora yeni avadanlıqlar gətirilib, yeni həkim kollelktivi formalaşdırılıb. Deyilənlərə görə, orda vəziyyət yaxşıdır. Amma əvvəlki xəstəxana bərbad vəziyyətdə idi.
Bərdə cəbhə xəttinə yaxın rayon olduğu üçün işğal olunmuş ətraf rayonlardan gələn qaçqınların əksəriyyəti rayonun mərkəzindəki məktəblərdə yerləşmişdilər. Bu orta təhsilin səviyyəsinə ciddi təsir göstərirdi. Amma son vaxtlar onlar üçün yeni qəsəbələr salınıb və məktəblərdən çıxarılıblar. İndi həmin məktbələrdə dərs sistemi bərpa olunub”.

Yeni icra başçısının fəaliyyətindən danışarkən isə A.Əliyev onun insanlar arasına çıxdığını,  görülən işlərlə tanış olduğunu və əhalinin problemləri ilə maraqlandığını vurğulayıb: “Əvvəlki icra başçısının dönəmində mağazaların kütləvi şəkildə sökülməsi problemi var idi, əhali kütləvi şəkildə bundan narazılıq edirdi. Amma indi bu problemlər yoxdur. İndiki icra başçısı özü insanlar arasına çıxır, rayonu gəzir, qəbul günləri keçirir və deyilənlərə görə də problemlərin aradan qaldırılmasına da çalışır. Yəni rayon əhalisi yeni icra başçısının fəaliyyətindən razıdır”.

Həmsöhbətimiz Bərdədən seçilən deputat Zahid Orucun rayona mütəmadi səfər etməsinə baxmayaraq, insanların onun fəaliyyətindən orta səviyyədə razı olduqlarını bildirib. Yəni nə çox razıdırlar, nə də çox narazıdırlar.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı