Modern.az

İtkin düşən qəbir və ya Əlibala Hacızadəyə soyuq münasibət - FOTOLAR

İtkin düşən qəbir və ya Əlibala Hacızadəyə soyuq münasibət - FOTOLAR

کشور

17 Yanvar 2012, 14:36

Mərhumun başdaşında onun tanınmış yazıçı olduğu belə yazılmayıb

Ölümündən bir il keçmişdi. Qəbristanlığa baş çəkməyə getdiyi Əziz Azəri adlı dostu Əlibala Hacızadənin qəbirüstünün götürülməməsindən, hətta əbədi yeri olacaq məzarının üstünə orada uyuyan şəxsin yazıçı olduğunun yazılmamasından gileylənirdi. O, Xalq yazıçısı deyildi, amma elə əsəri var ki, bəzi Xalq yazıçılarının bütün əsərlərinin tirajından çox çap olunub, həm də çox  oxunub.

Əlibala Hacızadənin “İtkin gəlin” romanı belə əsərlərdəndir. Vaxt var idi çoxları kitab mağazalarında bu əsəri axtarırdılar. Əlabala müəllim sağlığında itkin düşmədi, hətta bir müddət Əfqanıstanda işləməli olmasına baxmayaraq Bakıya qayıtdı…

Ömrünün son çağlarında tez-tez metronun “Elmlər Akademiyası” stansıyasının yaxınlığındakı çayxanada dost-tanışlarının əhatəsində görünürdü. Elə həmin günlərdə həm dost-tanışlarına, həm də onunla həmsöhbət olan jurnalistlərə ömrünün başa çatdığını hiss etdiyini deyirdi. Həkimlər xəstəliyinin ciddi olmadığını  söyləsələr də, özü etiraf edirdi ki, bu dünyadan gedəcəyi vaxta az qalıb. Və günlərin birində, 2009-cu il oktyabrın 8-də 74 yaşında o dünyaya köç etdi.
Dost-tanışlar yığışıb onu Xocahəsən (“Qurd qapısı” kimi də tanınır) qəbristanlığında dəfn etdilər. Ona yer üzündə düşən boyundan bir az böyük yer ayırıblar. Ətrafında saysız-hesabsız qəbristanlıq sakini var, lap yanında isə ömür-gün yoldaşıdır. Amma burada qoşa qəbiri tapmaq çox çətindir. Ona görə yox ki, buranın “sakinləri”nin sayı-hesabı yoxdur. Ona görə ki, bir vaxtlar on minlərlə oxucusu olan nasirin qəbrinin üstündə onun nə bir şəkli var, nə də Yazıçılar Birliyinin üzvü olduğuna aid bir kəlmə yazılıb. Sanki Əlibala müəllim sıradan, elə həyat yoldaşı kimi bir adam olub.

Bu qəbri itkin qəbir hesab etmək olarmı? Bilmirik. Amma gördüyümüz odur ki, “İtkin gəlin”dən başqa “Təyyarə kölgəsi”, “Vəfalım mənim” kimi də əldən-ələ gəzən romanların müəllifi sanki bu dünyada yaşamayıb, sanki Yazıçılar Birliyinin üzvü də olmayıb.

- Niyə sizi hamı çox istəyir, Əlibala müəllim?

- Çünki mən hamını çox istəyirəm.

Müsahibələrindən birində belə deyirdi. Sağlığında belə deyirdi. Görəsən, sağlığında hamını çox istəyən Əlibala Hacızadəni indi istəyənlərinin sayı nə qədərdir? Bunca istənilən adamı bunca unutmaq olarmı?






Azər Hüseynbala

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı