Modern.az

Eşşəkli mesaj...

Eşşəkli mesaj...

Ölkə

26 Mart 2012, 18:20

Üç gün öncə həmkarlarımdan birinin ölkənin ikinci paytaxtında eşşək heykəlinin yanında şəkil çəkdirməsi təklifi son günlər mətbuatın əsas gündəmini təşkil edib. Hadisə belə olub ki, adını bilsəm də, bəlli səbəblərdən gizli saxlamağa məcbur olduğum bir jurnalist dostumuz Gəncəyə qonaq gedibmiş, yedirdib- içizdirəndən sonra ona eşşək heykəlinin qarşısında yadigar şəkil çəkdirmək təklif olunub. Dostum əvvəl elə bilib onu “prikol”a tuturlar. Ancaq onu inandıra bilirlər ki, Gəncənin icra başçısı Elmar Vəliyev cənabları həqiqətən də heyvanların ən cəfakeşi olan uzunqulağa olan sevgisini izhar etmək üçün şəhərin ən görməli yerlərinin birində onun heykəlinin qoyulmasını sifariş verib, məmurların da eşşəksevərliyi qısa zamanda xumar gözlü bu məxluqun şəhərin ortasında peyda olmasına səbəb olub.

İndi qələm dostlarım başlayıblar Elmar Vəliyevin və onun buyruqçularının eşşək sevgisinin səbəblərini araşdırmağa. Birisi deyir, o gəncəlilərə sataşmaq üçün belə bir canlı mesaj göndərir ki, kim mənim “net”imin qarşısında “yes” desə, onu uzunqulağın gününə salaram. Bir başqası da iddia edir ki, guya başçı bununla hamını eşşək kimi işləməyə məcbur edəcəyini bildirmək istəyir. Ancaq fərqli düşünənlər də az deyil və belələri Elmar Vəliyevin aşırı humanizminə güvənərək and- aman edirlər ki, kişinin oğlu bununla “mən eşşəyi bu qədər sevdiyim yerdə görün gəncəlilərə nə boyda qiymət verirəm” demək istəyir...

Ancaq mən bu iddiaların heç birini bölüşmürəm və mənim öz ehtimallarım var. Düşünürəm ki, onun bu addımı sadəcə bir çox ərköyün məmurlara xas inadkarlıq nümunəsidir və lazım olan ünvanlara çatdırmaq istəyir ki, Şamaxıdan fərqli olaraq, o, istədiyi yerdə ağlına gələn hər cür ideyanı həyata keçirə bilər və buna görə də kimsədən çəkinməz.

Xatırlayan varsa, bir müddət öncə Şamaxının icra başçısı da rayonun girəcəyində kənd yerlərində arvaddan sonra yıxılı evin dirəyi hesab olunan eşşəyə heykəl qoydurmuşdu, ancaq bunu özlərinə təhqir hesab edən şamaxılılar gecənin birində həmin heykəli “Kamaz”la vurub dağıtmışdılar. Hətta bu heykələ görə başçının başının ağrıdığı və Prezident Adminstrasiyasına çağrılaraq danlanıldığı da iddia olunurdu.
Ancaq ilin- günün bu cür qarışıq vaxtında, Quba hadisələrindən sonra “yuxarılar”ın göstərişiylə müvəqqəti olsa da icra başçılarının hikkələrini boğduqları bir dönəmdə ölkənin ikinci paytaxtının rəhbəri heç nədən çəkinmədən belə bir riskli addım atır. Kim bilir, bəlkə bununla gəncəlilərin dizinin təpərini test etdirərək ölkə rəhbərliyinə göstərmək istəyir  ki, onlar da qubalılar kimi günlərin bir günü üsyana qalxa bilərlər, ya yox.

Mənsə heç vaxt hansısa şəhərdə və ya kənddə uzunqulağın şərəfinə heykəl ucaldılmasında qəbahət axtarmaram və bunu normal qarşılayaram. Axı paytaxtın və ya bütövlükdə ölkə yollarının kənarlarında heykəlləri ucaldılmış şir-pələngdən, yaxud atdan və ya dağ keçisindən uzunqulağın nəyi əskikdir? Əksinə, onun xumar gözləri bəlkə olsa-olsa ceyran-cüyürdə ola- olmaya. Mən hələ onun insanın ən sadiq dostu olmasını demirəm. Hətta sizinlə mərc gələrəm ki, Molla Nəsrəddin də bu gün dirilib Gəncədə uzunqulağa abidə qoyulduğunu eşitsəydi bərk sevinərdi və dilinə gətirəcəyi ilk söz bunu edənlərin ölüsünə rəhmət oxumaq olardı. Çünki onun da eşşəklə çox yoldaşlığı olmuşdu və bu cəfakeş heyvanın sədaqətini heç bir çox insanlarda da görmədiyindən ağızdolusu danışardı. Sədaqətdən söz düşmüşkən, bu gün rayonların icra başçılarının ən yaralı yeri sədaqətli işçi sarıdandı, kim bilir, bəlkə bununla Elmar Vəliyev “ay eşşək, kaş filankəslər sədaqətdə səndən nümunə götürəydilər”- demək istəyib?

Hər halda mən bir şeyə əminəm ki, bu heykəl kimlərəsə gizli kodlu mesaj idi və o artıq ünvanına çatıb...

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı